Yasamalda nə baş verib? 10 suala cavabda

19 oktyabr mitinqi
Şəklin alt yazısı,

Foto: Arxiv

Ötən ev təcridi günü Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərlə polislər arasında baş vermiş hadisə ictimaiyyətdə geniş müzakirə doğurub və gərginlik yaradıb.

Nə baş verib?

Ötən şənbə-bazar günü Bakıda və bir neçə şəhərdə koronavirus epidemiyasına görə ev təcridi elan edilmişdi. Həmin gün Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan bir sakin həyətdə olub, polislər onu aparmaq istəyib. Vətəndaş buna müqavimət göstərib, bu zaman həmin binada yaşayan bəzi sakinlər buna etiraz edərək aşağı müxtəlif şeylər atıblar.

Hadisənin baş verməsindən bir gün sonra, yəni, bazar ertəsi günü Dadaş Bünyadzadə küçəsinə Çevik Polis Alayının onlarla əməkdaşı gəlib, bəzi mənzillərə daxil olaraq ailənin kişi üzvlərini aparıblar. Bu zaman yataqdan qaldırılan bəzi sakinlərin əynini geyinməsinə belə icazə verilməyib, bəziləri nə baş verdiyini soruşsa da, onlara izahat verilmədən qolları burulub, polislər onların əl-ayağından tutaraq aparıb.

Bu görüntülər sosial mediada yayılıb.

Video görüntüləri kim yayıb?

Hadisənin baş verdiyi gün kənardan, yəni, sakinin polis maşınına mindirildiyi və eyvandan müxtəlif əşyalar atılması səhnəsini orda yaşayan digər sakinlərin çəkib sosial mediada yaydığı güman edilir.

Amma Çevik Polis Alayının yaşayış binasına gəlməsi, mənzillərə daxil olması, sakinlərlə mübahisəsi, saxlanan vətəndaşlara sərgilənən davranışları əks etdirən video kadrlar isə orda olan polis əməkdaşları tərəfindən çəkilib və sosial mediada yayılıb. Bu kadrların bəzisini Daxili İşlər Nazirliyi öz rəsmi Facebook səhifəsində yayıb.

Video kadrlarda nə təsvir olunub?

Sakinlər tərəfindən çəkilib yayılmış video görüntüdə:

Sərt karantin rejimində həyətdə olan bir sakin siqaret çəkir, yanında polislər var. O, qəfildən yerdən bir torba götürüb qaçmağa başlayır, polislər onu saxlamağa çalışır, bu zaman həmin şəxs yerə yıxılır, 4-5 polis isə onu tutmağa çalışır. Bu əlbəyaxanı yaşayış binalarının eyvanından izləyən sakinlərdən etiraz çığırtıları eşidilir. Bu məqamda səkiyə qara rəngli maşın yaxınlaşır və polislər şəxsi ona mindirməyə çalışırlar. Eyvanlardan etiraz səsləri daha da ucalır, kimsə yuxarıdan aşağı zibil torbası atır və bir səs "tullayın zibilləri, tullayın hamısını" deyir. Bundan sonra başqa eyvanlardan da aşağı, maşına sarı zibil torbaları, müxtəlif əşyalar atılır. Bir qadın içini çəkir, fit çalanlar var, polisin ünvanına müxtəlif ifadələr səslənir.

Çevik Polis Alayının "zibil atanları saxlama əməliyyatını" əks etdirən video görüntülərdə:

Polislər üzlərinə qapısı açılan mənzilə özlərini təqdim etmədən və hər hansı məhkəmə qərarı təqdim etmədən daxil olur və "hardadır, Elvin Süleymanov" soruşur. Bir qadın "İçəridə uşaq var, qorxacaq" deyir. Buna baxmayraq, Çevik Polis Alayının əməkdaşları içəri girirlər və yerdə yarımçılpaq olan Elvin Süleymanova "qalx" deyirlər. Ailə üzvlərindən biri: "qoy əyninə paltar geyinsin" desə də, polis buna izacə vermir: "Bu vəziyyətdə aparın. Qalx!", "Geyinməsin, bu vəziyyətdə" deyirlər.

Başqa bir video görüntüdə polisin bir qadınla dialoqu əks olunub. Həmin dialoqda iştirak edən qadın polisdən "adam kimi rəftar etməyi" xahiş edir, başqa bir polis isə cavabında "Niyə ki, dünən adam kimi rəftar edərdiniz də bizimlə... Dünən niyə bizə fit çalırdınız, niyə zibil atırdınız oradan? Guya biz çəkmirdik qıraqdan? İndi gəlmisiniz quzu balası, dovşansınız, dovşan. Sənin ərin də dovşandır" deyir. Arxa fonda kimin dediyi bilinməyən "tərbiyəsizlər" sözü eşidilir.

Bu kadrları çəkən şəxs çəkilişi dayandırmadan həyətə çıxır və eyvanları çəkir, yanındakından soruşur ki, 4-cü mərtəbə qız çəkirdi, onu götürdülərmi? Həmin videokadrlarda bir polis əməkdaşının da telefonla çəkiliş apardığı əks olunub.

Başqa bir videoda polislər qapını açıb çıxan gəncə xitabən "Elvin budur?" soruşur. Təsdiq cavabı alan kimi "gəl bura" deyib onu qamarlayırlar. Bir anda baş verənlərdən şaşqınlıq keçirən Elvin adlı gənc təkrar-təkrar "Başa düşmədim" deyir. Sonra "nə olub" soruşur, arxadan bir adın səsi "qorxma" deyir.

O, müdafiəsiz olsa da, bir polis əməkdaşı dəyənəklə onun ayaqlarından vurur.

Başqa bir videoda isə 6-7 polisin əhatəsində müdafəsiz olan yaşlı bir kişi binanın pilləkənlərindən düşürülərkən başqa bir polis əlini uzadıb dəfələrlə onun başına şillə çırpır.

Sonra nə baş verdi?

Sakinin aparılması və "zibil tullama" kadrlarını göstərən kadrlar geniş müzakirəyə səbəb olmuşdu, amma Daxili İşlər Nazirliyinin öz rəsmi saytında Çevik Polis Alayının Dadaş Bünyadzadə küçəsində "zibil atanların saxlanması" əməliyyatını əks etdirən video görüntüləri paylaşması, o cümlədən bu əməliyyat yerindən çəkilib paylaşılan kadrlar müzakirəni ictimai qəzəbə çevirdi.

Bəzi indiki və keçmiş millət vəkilləri polisin bu davranışını təqdir etsə də, ictimai çoxluq bu davranışı pislədi, sıravi şəxslərin üstünə Çevik Polis Alayının əməkdaşlarının göndərilməsini, sakinlərin evlərindən zorla çıxarıb aparılmasını, o cümlədən məhkəmə hökmü olmadan mənzillərə girməsinin hüquqi qaydalara zidd olduğunu, zorakılığa yol verdiyini bildirən bəyanatlar səsləndi.

İctimaiyyət nə tələb edir?

Sosial mediada #poliszorakılığınayox, #dovşansizsiniz! #poliscəzalandırılsın #bəsdir #susma həştəqləri altında bəzi ictimai fəallar tələb edirlər ki, vətəndaşa qarşı bu davranışa yol verənlər cəzalandırılsın və polis ictimaiyyətdən üzr istəsin.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması bəyanat yayaraq bildirib ki, baş vermiş hadisənin araşdırılmasını, vətəndaşlara qarşı zorakılıq etmiş polis əməkdaşlarının cəzalandırılmasını və cəmiyyətə bununla bağlı əsaslandırılmış izah verilməsini tələb edir.

Hansi rəsmi reaksiyalar var?

Ölkə ombudsmanı hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.

Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonunda "polisə zibil atanların" saxlanması zamanı bir sakinlə "yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlədən" polisi işdən çıxardığını və həmin qadından üzr istənildiyini deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin məsələyə reaksiyası məlum deyil.

Polisə zibil atmaq cinayətdirmi?

Vəkil Aqil Layıc BBC News Azərbaycancaya deyib ki, polisə zibil atmaq cinayət deyil.

"Sivil ölkələrdə həta bu tip addımlar publik şəxslərə və həmçinin hüquq mühafizəni həyata keçirən şəxslərə qarşı etiraz üsuludur,"- vəkil əlavə edib.

Onun sözlərinə görə, ən pis ehtimalla zibil atanların əməlində xırda xuliqanlıq var.

Xırda xuliqanlığa yol vermiş şəxsi 50 manatdan 100 manatadək, və ya 15 günədək inzibati həbs gözləyir.

Polisin vətəndaşın evinə belə girməsi qanunidirmi?

Aqil Layıc deyir ki, polisin vətəndaşın evinə girməsi tamamilə qanunsuzdur, çünki evə daxil olmaq üçün məhkəmə qərarı lazımdır.

"Məhkəmə qərarı olmadan polis ancaq cinayət işinin tərkibində evə daxil ola bilər. Bu iki halda baş verə bilər: şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması və ya cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün".

Hüquqşünas deyir ki, polisin üzünə qapı açmaq o demək deyil ki, şəxs polisə icəri daxil olmağa icazə verib.

Aqil Layıc "zibil tökənlərin" saxlama əməliyyatı ilə bağlı sosial mediada yayılmış video görüntülərə istinadən deyir ki, polislər mənzilə zorla daxil olublar.

Vəkil Əsabəli Mustafayev də deyir ki, polis evə ancaq o vaxt daxil ola bilər ki, məsələn, onda evdə silah və ya meyit olduğu, mənzildə ağır cinayət törətmiş şəxsin gizləndiyi haqda məlumat olsun: "Əgər vətəndaş qapını açmırsa, bu zaman polis məhkəmənin ona mənzilə daxil olmaq icazəsi verdiyi order gətirməlidir. Əgər polis orderlə gəlirsə, amma vətəndaş qapını açmırsa, o zaman polisin ixtiyarı var ki, məcburi qaydada mənzilə girsin. Əks təqdirdə, vətəndaş polisi yalnız könüllü şəkildə içəri buraxa bilər".

Əsabəli Mustafayev söyləyir ki, polis vətəndaşa onun hüquqlarını izah etməlidir; vətəndaşa deməlidir ki, xahiş edirik bizi evə buraxın, amma siz bunu etməyə də bilərsiniz, o zaman biz order gətirməliyik.

İnsan haqları harda pozulub?

Hüquqşünas qeyd edir ki, "polisə zibil atanların" saxlanma əməliyyatında insan haqları pozulub.

"İnsanların tutulma anı belə qeyri-qanuni idi. Bundan başqa, vətəndaşların şəxsi həyatına müdaxilənin yol verilməzliyi pozulub: zorla mənzilə daxil olublar, yataq otağına daxil olublar, qeyri-insani davranışa məruz qalıblar. O cümlədən insan ləyaqətinə hörmət haqqı pozulub.

Üstəlik, həbs edilənlərin ədalətli məhkəmə araşdırılması hüququ da qəsb edilib, yəni polis onları saxlayacaqdısa, bunu mütləq məhkəmə bilməliydi. Məhkəmə qərar verməliydi".

Əsabəli Mustafayev əlavə edir ki, burada vətəndaşların ən azı mənzil toxunulmazlığı, şəxsi həyat azadlığı, işgəncələrə məruz qalmamaq, şəxsi toxunulmazlıq, azadlıq hüquqları pozulub.

Polis nə etməli idi - qanun nə deyir?

Vəkil Əsabəli Mustafayev deyir ki, insanlar polisə və məhkəməyə müxtəlif üsullarla dəvət oluna bilər. Bunlara poçt, teleqram, telefon vasitəsilə bildirişlərin göndərilməsi, təcili hallarda sahə müfəttişinin və ya polisin bildirişi təqdim etməsi də daxildir.

Əsabəli Mustafayev söyləyir ki, əgər vətəndaşın polisə çağırışı əvvəlcədən nəzərdə tutulubsa, ona mütləq çağırış vərəqəsi təqdim edilməlidir. Bu vərəqədə dəvət olunan şəxsin kimliyi, dəvət olunan yer və dəvətin məqsədi göstərilməlidir.

Onun sözlərinə görə, vətəndaş ona bildiriş təqdim edilmədiyi halda polisə getməkdən imtina edə və bildirişin göndərilməsini tələb edə bilər.

"Şəxs polisə gedəndə özü ilə vəkil aparmaq istəyə bilər. Əgər polis bunu təmin etmirsə, məsələn, deyirsə yox, gəl düş qabağıma, səni aparıram, yəni insanın istəyinə zidd olaraq onu polisə aparırsa, bu, artıq tutulmadır. Qanun isə deyir ki, harada olmasından asılı olmayaraq insanın tutulma anından vəkillə təmin edilmə hüququ var," - Əsabəli Mustafayev deyir.