COVİD-19-u yüngül keçirən xəstələrin evdə müalicəsi "müzakirə olunur"

Üzü maskalı

COVID-19 xəstəliyini yüngül simptomla və ya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və müalicəsi müzakirə olunur, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir. Hazırda belə xəstələrin müşahidəsi və müalicəsi xüsusi rejimli tibb müəssisələrində aparılır.

TƏBİB-in məlumatına əsasən, hava-damcı yolu ilə yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantinə götürülməsində yeni qaydalar müəyyən edilib.

Mayın 1-də təsdiqlənmiş "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları" qərarına dəyişiklik yeni növ virusa "yoluxma sürətiylə" bağlı müzakirəyə çıxarılıb.

"Virusa yoluxma sürətinin artmasını nəzərə alaraq bu dəyişikliyin COVID-19 xəstələrinin müalicəsinə tətbiqi Nazilər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə olunur."

Son dəyişikliyə görə, xəstəliyi yüngül formada keçirən şəxslər, onların xüsusi tibb müəssisələrindən kənarda müalicə olunması mümkün hesab edildikdə, "müəyyən olunmuş qaydalara" riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid oluna bilər və onların üzərində tibbi müşahidə həyata keçirilir.

COVİD-19 xəstəliyini yüngül simptomla və ya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və müalicəsi barədə qərar qəbul edildiyi halda ictimaiyyətə əlavə məlumat veriləcək, cümə günü yayılan açıqlamada qeyd olunur.

Martın 24-dən Azərbaycan ərazisində xüsusi karantin rejimi tətbiq olunur.

Aprelin sonundan hakimiyyət karantinin şərtlərini yumşaltmağa başlayıb. Olkənin bəzi iri şəhər və rayonlarında iyun ayından etibarən həftə sonları ev təcridi tətbiq olunmaqdadır.