Rusiya-Azərbaycan sərhədində nə baş verir?

çadırlar

Şəklin mənbəyi, Akif Şakirov

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı "təəssüfləndiyini" bildirib.

Bazar ertəsi Azərbaycanın Rusiya ilə sərhədində gərginlik yaşanıb. İki aya yaxındır sərhədə toplaşıb Azərbaycana keçmək istəyən Azərbaycan vətəndaşları ilə Rusiya hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verdiyi iddia edilir.

BBC News Azərbaycancaya danışan Azərbaycan vətəndaşlarının sözlərinə görə, "havaya atəş açılıb, onlara qarşı təzyiq olub və xəsarət alanlar var".

Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bildirib ki, Dağıstanda baş verənlərlə bağlı "müxtəlif kanallarla məlumat əldə etməyə çalışırlar".

Azərbaycan və Rusiya arasında gediş-gəliş koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 18-i saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

Hadisə ilə bağlı Dağıstan Respublikası Daxili İşlər Nazirliyindən hələ ki, məlumat almaq mümkün olmayıb.

Şəklin mənbəyi, Rufet Eliyev

Azərbaycanda koronavirusa görə martın 24-də tətbiq olunmuş xüsusi karantin rejimi davam edir.

Ancaq Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək istəyən Azərbaycan vətəndaşları toplaşıb.

BBC News Azərbaycancaya danışan Azərbaycan vətəndaşlarının sözlərinə görə, "havaya atəş açılıb, onlara qarşı təzyiq olub və xəsarət alanlar var".

"Hər gün sərhəddən 120 adamı buraxırlar. Burada bir dağıstanlı polkovnik var, o, mütləq keçməli olanların siyahısını hazırlayır. Amma son məqamda Azərbaycan tərəfindən başqa siyahı göndərilir. Biz 2 aydır burada qalanlar keçə bilmir, başqaları sərhədi keçir", - 2 aydır sərhəddə gözlədiyini deyən Rüfət Əliyev bildirir.

Onun sözlərinə görə, qarşıdurma iyunun 15-də axşam saatlarında baş verib.

Şəklin mənbəyi, Akif Şakirov

Şəklin alt yazısı,

BBC News Azərbaycancaya danışan azərbaycanlılar çadırlarda 20-dən çox adamın bir yerdə qaldığını bildirib.

Azərbaycanla Rusiya arasında çəkildiyi iddia olunan və sosial mediada yayılan videolarda eşidilir ki, azərbaycanlı vətəndaşlar polislərin onlara təzyiq etdiyini deyir. Sonra sakinlərlə hüquq-mühafizə orqanları arasında qarşıdurma yaranır, hərbi geyimlilər dəyənəklərlə sakinləri vurur. Sakinlər onlara müxtəlif əşyalar atırlar. Başqa bir videoda isə atəş səsləri eşidilir.

"Çadırlarda olanlar da çıxdı. Etiraz etdik ki, niyə sərhəddən buraxılmırıq? Rus qvardiya və OMON nümayəndələri gəldi. Göyə atəş açdılar. Gərginlik yarandı. Xəsarət alanlar var, bir dostumuz itkin düşüb", - Rüfət Əliyev deyir.

Hadisə ilə bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyir ki, Dağıstanda baş verənlərlə bağlı "müxtəlif kanallarla məlumat əldə etməyə çalışır".

Şəklin mənbəyi, Akif Şakirov

Şəklin alt yazısı,

Rusiya-Azərbaycan sərhədində Azərbaycana keçmək istəyənlər bu çadırlarda qalır.

Xüsusi siyahı məsələsinə gəlincə nazirlik sözçüsü deyib ki, Rusiyada yaşayan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlar Azərbaycana qayıtmaq üçün "evə gedirəm" portalı ilə qeydiyyatdan keçirlər.

"Bu portalda qeydiyyatdan keçənlərə sistem vasitəsilə sıra nömrəsi verilib. Sıra nömrəsi əldə edən vətəndaş siyahıya daxil edilərək ölkəyə qaytarılır", - o deyib.

Vətəndaşların sərhəddə toplaşmasına gəldikdə isə Leyla Abdullayeva deyib ki, Azərbaycan hakimiyyəti onlara dəfələrlə müraciət edib ki, qeydiyyatdan keçmədən sərhədə yığışmasınlar.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı "təəssüfləndiyini" bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında razılaşdırma əsasında vətəndaşların həftəlik müəyyən olunmuş qrafik çərçivəsində Azərbaycana geri qayıdışı təmin olunur.

"Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş "Samur" sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə "Evə gedirəm" portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub".

Hikmət Hacıyev Azərtac-a deyib ki, vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır.

O əlavə edib ki, "Samur" sərhəd keçid məntəqəsi ətrafına toplaşan Azərbaycan vətəndaşları müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar.