ÜST-ün Azərbaycandakı nümayəndəsi paylaşdığı fotoya görə sosial mediada tənqid olunub

bu gün Azərbaycanda ÜST Hande Harmançı

Şəklin mənbəyi, Azertag.az

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı həftə sonu Bakıda və bir neçə bölgədə elan edilən ev təcridi günlərində sosial mediada paylaşdığı fotolara görə üzr istəyib. Bu fotolarda onun Qubada istirahət etməsi təsvir olunub.

Bəzi sosial media istifadəçiləri bu paylaşımı birmənalı qarşılamayıb. Bəziləri paylaşıma "bizə evdə qal deyib özləri istirahətə gedirlər" məzmununda şərh veriblər.

Hande Harmancı "Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edir və buna görə sizdən üzr istəyirəm. Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik," - deyə bildirib.

O, sosial mediada paylaşdığı şəkillərin iyunun 13-də Quba və Qusara həkimlərlə birgə səfəri zamanı çəkildiyini vurğulayıb.

"Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər...Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib", - Hande Harmancı deyib.

Hande Harmancı bu paylaşımlardan sonra hər kəsə açıq olan instagram hesabını dost siyahısında olmayan şəxslər üçün bağlayıb. Ancaq bunun səbəbini izah etməyib.