Azərbaycanda koronavirus testini harada verə bilərəm? - 8 suala cavabda

  • Cəmilə İbrahimova
  • BBC News Azərbaycanca
Azərbaycanda koronavirus testini harada verə bilərəm?

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Azərbaycanda koronavirusa yoluxanların sayı artdıqca, Covid-19 testindən keçmək istəyən şəxslərin sayı da artır. Azərbaycanda koronavirus testindən necə keçmək olar? Testdən keçmək üçün hansı şərtlər var? Bunun üçün ödəniş tələb olunurmu? BBC News Azərbaycanca Covid-19 testi ilə bağlı bu və digər suallara cavabları toplayıb.

Azərbaycanda Covid-19 necə müəyyən edilir?

Hazırda Azərbaycanda iki cür koronavirus testi aparılır. Bunlardan biri burundan və ağız boşluğundan yaxma götürülməklə, digəri isə seroloji test vasitəsilə, yəni qan analizi verməklə aparılır.

Burun və ağız boşluğundan götürülən yaxma sizin hazırda Covid-19 infeksiyası daşıyıb-daşımadığınızı göstərir.

Seroloji test isə, indiyədək nə vaxtsa koronavirusa yoluxub-yoluxmadığınızı müəyyən edir.

Bundan başqa, müəyyən hallarda KT (kompüter tomoqrafiyası) üsulundan da istifadə olunur.

Özümdə Covid-19 əlamətləri hiss edirəm, nə etməliyəm?

Səhiyyə Nazirliyinin açıqlamasında deyilir ki, özündə koronavirus əlamətləri hiss edənlər ilk növbədə yaşayış yeri üzrə poliklinikaya müraciət etməlidirlər. Poliklinika tərəfindən evdə COVID-19 testinin götürülməsi təmin edilir. Təcili və təxirəsalınmaz hallarda isə təcili yardıma müraciət edilməlidir. Hər iki halda testin götürülməsi dövlət tərəfindən ödənişsiz olaraq qarşılanır.

Bundan başqa, Səhiyyə Nazirliyinin COVID-19 virusu ilə bağlı yaradılmış 814 nömrəli Çağrı Mərkəzi ilə də əlaqə saxlaya bilərsiniz.

Kimlər test verə bilər?

Özündə koronavirusun öksürək, yüksək hərarət və s kimi əlamətlərini hiss edənlər Covid-19 analizini verə bilərlər. Təcili tibbi yardım briqadası hər çağırışda xəstədən mütləq Covid-19 testi götürmür. 814 Çağrı Mərkəzi yalnız yüksək hərarət kimi əlamətləri olan şəxslərdən Covid-19 analizinin götürüldüyünü bildirir.

Özündə hər hansı əlamət hiss etməyən şəxslər də Respublika ərazisində elan edilən tibb məntəqələrində Covid-19 testi verə bilərlər.

Xaricə səfər edən şəxslərdən isə Covid-19 testi mütləq qaydada tələb olunur.

Covid-19 testi üçün pul verməliyəmmi?

Əgər təcili tibbi yardıma müraciət etmisinizsə, bu zaman sizdən test götürülməsi üçün hər hansı ödəniş tələb olunmur. Azərbayca Covid-19 testi hər şəxs üçün yalnız 1 dəfə dövlət tərəfindən pulsuz aparılır. Səhiyyə Nazirliyinin 814 Çağrı Mərkəzi bunun üçün xəstədə Covid-19 əlamətlərinin olmalı olduğunu bildirir.

Əgər sizdə hər hansı əlamət olmadan özünüzü yoxlamaq məqsədilə test vermək istəyirsinizsə və ya xaricə səfər edirsinizsə, bu zaman testlər üçün pul ödəməlisiniz.

Ödənişli test üçün nə qədər pul verməliyəm?

Azərbaycanda Covid-19-un müəyyən edilməsi üçün burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 40-130 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir. Dövlət poliklinikalarında aparılan testlərin qiyməti özəl klinikalara nisbətdə iki dəfəyədək ucuzdur.

Test cavabım nə vaxt bilinəcək?

Təcili tibbi yardım vasitəsilə verilən Covid-19 testinin cavabı müraciət sıxlığından asılı olaraq bir neçə günə verilir.

Dövlət və ya özəl tibb məntəqəsində verdiyiniz testlərin cavabı isə testin növündən asılı olaraq bir neçə saatdan 24 saatadək verilə bilər. Bəzi özəl klinikalarda test cavabını qısa müddətdə almaq istəyənlərə 20-30 manat əlavə ödəniş əsasında ekspress xidmətlər təklif olunur.

Xaricə səfər edirəm, nələri bilməliyəm?

Bir müddət əvvələdək Azərbaycan xaricə səfər etmək istəyən hər kəsdən təyinat ölkəsi tələb etməsə belə Covid-19 virusunu müəyyən edən PCR testi tələb edirdi.

Bu tələb hazırda ləğv olunub. Hazırki qaydalara əsasən, xaricə səfər edərkən Covid-19 əleyhinə vaksinin vurulması barədə pasportunuz varsa, sizdən PCR testi istənilmir. Əgər təyinat ölkəsi sərnişindən PCR testi tələb edirsə, o zaman bu testi verməli olacaqsınız.

Covid-19 pasportu olmayan şəxslər isə xaricə səfər edərkən koronavirus testini verməli olacaqlar.

Azərbaycana qayıdarkən isə Covid-19 pasportunun olub-olmamasından asılı olmayaraq hər kəs mütləq qaydada uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19 dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Bir yaşdan aşağı olan uşaqlar üçün PCR testi tələb olunmur. Uşağın yaşı səfər tarixinə görə müəyyən edilir.

Azərbaycanda səfər üçün test verərkən pasport və bileti (elektron bilet qəbul edilir) göstərməlisiniz.

Test cavabım müstbət çıxsa nə olacaq?

TƏBİB Azərbaycanda aparılan bütün Covid-19 testlərinin nəticələrin qurumun sisteminə daxil edildiyini bildirib.

Əgər vətəndaşın Covid-19 testinin cavabı müsbət olarsa, o, xəstəliyi simptomsuz keçirdiyi halda ev şəraitində müalicə olunur, ağır keçirdiyi halda isə xüsusi rejimli xəstəxanalara yerləşdirilir.

Azərbaycanda indiyədək 443 minə yaxın şəxs koronavirusa yoluxub, 6 minə yaxın şəxs isə vəfat edib.

İndiyədək ölkə üzrə 4.5 milyondan çox Covid-19 testinin aparıldığı bildirilir.