Azad Rəhimov: “İdmançılarımızın cangüdən elanı vermələri, taksi sürücüsü kimi işləmələri məni narahat edir"

Azad Rəhimov

Şəklin mənbəyi, AzərTAC

Şəklin alt yazısı,

Foto.Arxiv. Gənclər və idman naziri Azad Rəhimov

Azərbaycanda bəzi idmançılar cangüdən, taksi sürücüsü kimi iş axtarmağa başlayıb və bu narahatedicidir, nazir Azad Rəhimov deyib. Xəzərdə bir neftçi itkin düşüb, "Rüşvət almaqda" ittiham edilən DSX generalı Əfqan Nağıyev ev dustaqlığına buraxılıb- bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Nazir idmançıların məşqdən, idman zalından uzaq düşməsindən narahatdır

Azərbaycanda bəzi idmançılar cangüdən, taksi sürücüsü kimi iş axtarmağa başlayıb və bu narahatedicidir, gənclər və idman naziri Azad Rəhimov deyib.

Qeyri-Olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri ilə görüşündə nazir "icazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin" deyib, - Azərtac xəbər verir.

"İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirməsi, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dövrdə yaşamaları haqda xəbərlər məni çox narahat edir".

Nazir deyib ki, idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini deyib.

Nazir, həmçinin federasiyaların maliyyə çətinliyi ilə də üz-üzə qalması barədə məlumatlı olduğunu bildirərək, bu problemin nazirliyin aidiyyəti nümayəndələri ilə federasiya rəsmilərinin müzakirə edərək həllinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Beynəlxalq yarışlarda iştirak məsələsinə də toxunan Azad Rəhimov deyib: "Əgər hər hansı ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla bağlı məhdudiyyət yoxdursa, biz idmançının həmin yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab versin".

Şəklin mənbəyi, EPA

Dənizdə iş başında olan neftçi itkin düşüb

Xəzərdə bir neftçi itkin düşüb. Bu barədə Azneft İstehsalat Birliyi məlumat verib.

Məlumata görə, avqustun 9-da "Abşeronneft" NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən neftçinin növbəsinin sonunda, yəni saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib.

Qurum neftçinin həmin gün gündüz növbəsində olduğunu bildirir.

" Elşən Kazımov axırıncı dəfə həmin gün saat 15:40 radələrində neftqazçıxarma ustası Vidadi Əliyevə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib. Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkçəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb, işçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb,"-məlumatda bildirilir.

Qurum açıqlayıb ki, işçinin itkin düşməsi ilə bağlı gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb.

Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir, Azneft İB bildirir.

Şəklin mənbəyi, Dövlət Təhlükəsizlik Xidməti

"Rüşvət almaqda" ittiham edilən DSX generalı ev dustaqlığına buraxılıb

Dövlət Sərhəd Xidmətinın sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə BBC News Azərbaycancaya bunun məhkəmənin qərarı ilə baş tutduğunu bildirib.

"Əgər məhkəmə hesab edirsə ki, şəxsin məhkəmədə saxlanmasına ehtiyac yoxdursa, o zaman ev dustaqlığını təmin edir. Yəni, burada məhkəmə qənaətə gəlib ki, şəxsin həbsdə saxlanmasına lüzum yoxdur," - Günay Səlimzadə deyib.

Bu ilin mayında Dövlət Təhlükəsizlik Xidmətinin Baş Prokurorluqla Dövlət Sərhəd Xidmətində birgə əməliyyat-istintaq tədbirləri keçirməsi nəticəsində Əfqan Nağıyev və onun tabeliyində işləyən bir neçə şəxs saxlanmışdı.

Onlar "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə" və "qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma" maddələri ilə istintaqa cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun açıqlamasına görə, DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev bir neçə işçisi ilə birgə Xəzər dənizində balıq ovunun aparılmasına şərait yaratmaq üçün "vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alıb".

Əfqan Nağıyevin barəsində səslənən ittihamlara münasibəti bəlli deyil.