Rusiyanın hərbi gəmiləri Bakıya gəlib. Daha bir səfir geri çağrıldı. Azərbaycanda məktəbləri açmaq üçün hansı təkliflər müzakirə olunur? - icmal

Şəklin mənbəyi, Azərtac
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib, Daha bir səfir geri çağrıldı, Azərbaycanda məktəbləri açmaq üçün hansı təkliflər müzakirə olunur? -bu və digər xəbərlər BBC News Azərbaycancanın xəbər icmalında.
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotunun "Mahaçkala" və "Astraxan" kiçik artilleriya, "SB-738" xilasedici yedək gəmiləri Bakıya gəlib.
Gəmilər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku" müsabiqəsində iştirak etmək üçün gəlib.
"Beynəlxalq Ordu Oyunları" yarışları bir neçə ildir ki, keçirilir.
Azərbaycanda ötən ayın sonunda Türkiyə ilə birgə hərbi təlimlər başlamışdı.
Daha bir səfir geri çağrıldı

Şəklin mənbəyi, Azərtac
Prezident İlham Əliyev Dursun Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Dursun Həsənovu bu vəzifədə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Faiq Quliyev əvəz edib.
Prezident İlham Əliyev Eldar Həsənovu da iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb. Eldar Həsənov avqustun 13-də maliyyə fırıldaqlarına yol verməkdə ittiham olunaraq saxlanıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.
Eldar Həsənovun vəkilləri onun ittihamları qəbul edib-etmədiyi barədə ictimaiyyətə açıqlama verməyiblər.
Azərbaycanda məktəbləri açmaq üçün hansı təkliflər müzakirə olunur?

Şəklin mənbəyi, Edu.gov.az
Təhsil Nazirliyi Azərbaycanda koronavirus epidemiyasına görə məktəblərin fəaliyyətinin internet üzərindən idarəedilməsi, yoxsa məktəbin özündə başlaması ilə bağlı Təhsil İnstitutunun təkliflərini ictimai müzakirəyə çıxarıb.
Təhsil İnstitutu məktəblərin fəaliyyətini iki ssenaridə təklif edir. Birinci ssenaridə tədrisin məsafədən təşkili nəzərdə tutulur.
İkinci ssenaridə tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqi nəzərdə tutulur.
Təhsil İnstitutu təklif edir ki, məktəbəqədər tədrisdə uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız "sarı" zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.
Koronavirusa yoluxma dərəcəsinə görə yaşıl (yoluxmanın olmadığı), sarı (50-dən az yoluxma), narıncı (50-dən yuxarı yoluxma), qırmızı (100-dən yuxarı yoluxma) zonalar bölgüsü mövcuddur.
Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sırasında qeyd olunur.
Ümumi orta təhsildə isə Təhsil İnstitutu təklif edir ki, tədris epidemiya şəraitinə uyğunlaşdırılsın.
"Müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan "sarı" və "narıncı" zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir. Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir," - təkliflərdə deyilir.
Təkliflərdə dərslərin məktəblərdə keçiriləcəyi təqdirdə epidemoloji vəziyyətə müvafiq tədbirlər görülməsi tövsiyə olunur.