Sergey Lavrov: “Azərbaycan rəhbərliyinin rus dilinə qayğıkeş münasibətini çox yüksək qiymətləndiririk”

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov (solda) və Rusiya Xarici İşlər naziri Sergey Lavrov (sağda)

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı,

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov (solda) və Rusiya Xarici İşlər naziri Sergey Lavrov (sağda)

Azərbaycan və Rusiya xarici işlər nazirləri Rusiyada görüşüb. Dövlət Təhlükəsizliyi Xidməti avqustun 24-də cəbhənin Goranboy rayonu istiqamətində Müdafiə Nazirliyinin "əsir götürdüyü" Ermənistan hərbçisi Qurgin Alaverdyanın video müraciətini yayıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 3 milyard dolları aşıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. 

Sergey Lavrov bildirib ki, bu ilin ilk aylarında da əmtəə dövriyyəsi azalmayıb, hətta "bir qədər artıb".

O, iki ölkə arasındakı münasibətlərin "ali səviyyədə əldə edilmiş razılaşmalara" söykəndiyini və bu razılaşmaların yerinə yetirilməsinin gedişatının onları qane edtiyini deyib: "Bu sözlər iqtisadi və humanitar sahələrə, təhlükəsizlik şuraları, digər idarə və nazirliklər xətti ilə, iki ölkənin parlamentləri arasında əlaqələrə aiddir".

Mədəniyyət sahəsindəki əlaqələrdən danışan Sergey Lavrov bildirib ki, ötən il Azərbaycanda Rusiya Günləri keçirilib, bu il də Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. O əlavə edib ki, Azərbaycan rəhbərliyinin "rus dilinə qayğıkeş münasibətini çox yüksək" qiymətləndirirlər. 

Şəklin mənbəyi, Azertag

Ceyhun Bayramov Rusiyada

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb.

Nazirlik bildirib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşü nəzərdə tutulur.

Ceyhun Bayramov xarici işlər naziri təyin ediləndən sonra ilk səfərini Türkiyəyə etmiş və bu ölkənin yüksək rəsmi şəxsləri, o cümlədən Prezident Recep Tayyib Erdoğanla görüşmüşdü.

Ceyhun Bayramovun Rusiyaya səfəri Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə telefon görüşməsində ondan Ermənistana "intensiv hərbi yük daşımaları ilə bağlı" məsələyə cavab istəməsindən sonraya təsadüf edir.

Azərbaycan xarici işlər nazirinin Rusiyaya səfəri ərəfəsində, avqustun 25-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana gəlmişdi.

Şəklin mənbəyi, DTX

Azərbaycanda saxlanan erməni hərbsçi video müraciətində nə deyir?

Dövlət Təhlükəsizliyi Xidməti avqustun 24-də cəbhənin Goranboy rayonu istiqamətində Müdafiə Nazirliyinin "əsir götürdüyü" Ermənistan hərbçisi Qurgin Alaverdyanın video müraciətini yayıb.

Müraciətdə Qurgin Alaverdyan Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan "döyüş mövqelərində diversiya törədilməsi, yəni qumbara və avtomatlardan istifadə etməklə mümkün qədər çox sayda Azərbaycan hərbçisini məhv etmək və bir nəfəri əsir götürmək" tapşırığını aldıqlarını deyir.

O bildirir ki, Azərbaycan tərəfinə keçərkən yerli hərbçilərin onları fərq etməsi tapşırığı yarımçıq saxlayıb, yoldaşları geri qayıdıb, özü isə "dumanlı havada istiqaməti müəyyən edə bilmədiyi üçün əsir düşüb".

Qurgin Alaverdyan əlavə edir ki, ona qarşı qeyri-insani rəftar edilməyib və o, Azərbaycanda qalmaq və "bilik-bacarığı ilə bu dövlətə" xidmət istəyir.

Onun bu müraciəti yazılmış mətndən oxuduğu hiss olunur, ancaq Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bunu təkzib ediblər, deyiblər ki, Qurgin Alaverdyan "üzündən oxumur".

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanda "azıb Azərbaycan tərəfində saxlanılan" erməni zabiti Qurgen Alaverdyana qarşı cinayət işi açılmasını "absurd" adlandırıb. Bunu öz Facebook səhifəsində nazirliyin mətbuat katibi Şuşan Stepanyan yazıb.

O, Qurgen Alaverdyana Azərbaycanda irəli sürülən bütün ittihamları "cəfəngiyyat" adlandırıb.

Ermənistan Müdafiə Nazirliyinin Qurgin Alaverdyanın vidoe müraciətinə münasibəti hələlik bəlli deyil.

Azərbaycan və Ermənistan arasında 30 ildən çoxdur ki, Qarabağ münaqişəsi davam edir.

26 il əvvəl tərəflər arasında atəşkəs imzalansa da, mütəmadi olaraq atışmalar davam edir.

Bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdə Azərbaycan tərəfi 12 hərbçi və 1 mülki şəxsini, Ermənistan isə 5 hərbçisi itirib.

Hər iki tərəf atəşkəsi pozmaqda bir-birini ittiham edib.

Şəklin mənbəyi, Mes.am

Şəklin alt yazısı,

Partlayış nəticəsində 12 mənzil dağılıb

Yerevanda yaşayış binasında partlayış: 12 mənzil dağılıb

Çərşənbə günü Ermənistan paytaxtında dördmərtəbəli yaşayış binasında partlayış nəticəsində bir nəfər ölüb, azı 2 nəfər ağır xəsarət alıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avqustun 26-da səhər saatlarında Yerevanın Raynis küçəsində dördmərtəbəli binada partlayış baş verib, nəticədə 12 mənzil dağılıb.

İlkin ehtimallara görə, partlayışa məişət qazının sızması səbəb olub.

Dağıntılar altından çıxarılan 58 yaşlı bir kişinin öldüyü, 71 yaşlı qadının və 41 yaşlı kişinin xəsarət aldıqları bildirilir. Hər ikisi xəstəxanaya çatdırılıb.

Həkimlər onlardan birinin vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirlər.

21 sakin təxliyə edilib.

Hazırda hadisə yerində FHN xilasedici, yanğınsöndürmə və tibb xidmətləri işləyir.

Ermənistanın Baş naziri Nikol Paşinyan və digər yüksək vəzifəli şəxslər hadisə yerinə baş çəkiblər.

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı,

Prezident İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edərkən

Rusiyanın müdafiə naziri Ermənistana göndərilən "hərbi daşımalar" barədə nə deyib?

Bakıda rəsmi səfərdə olmuş Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı deyib ki, Rusiyadan Ermənistana təyyarələr vasitəsilə həyata keçirilən "hərbi daşınmalar" Ermənistana "silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün" olmayıb, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Avqustun 25-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşən cənab Şoyqu deyib ki, son zamanlar mətbuatda yayılan hərbi daşınmalar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına "genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə" həyata keçirilib.

Azərbaycan MN-in məlumatında deyilir ki, Sergey Şoyqu Rusiyanın bu günədək Azərbaycana qarşı "heç bir addım atmadığını" və "bundan sonra da atmayacağını" bildirib.

Bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində başlayan və bir neçə gün davam edən döyüşlərdə Azərbaycan tərəfi 12 hərbçi və 1 mülki şəxsini, Ermənistan isə 5 hərbçisi itirib.

Həmin döyüşlər zamanı mətbuatda Rusiyanın Ermənistana silah göndərdiyi barədə iddialar yer alırdı.

Avqustun əvvəlindəki telefon söhbətində İlham Əliyev Vladimir Putinə Ermənistana "hərbi təyinatlı" yüklərin daşınması ilə bağlı öz narazılığını bildirmişdi.

İlham Əliyev "Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır," - telefon danışıqlarının ertəsi gün, avqustun 13-də yayılan rəsmi bəyanatda deyilmişdi.

Azərbaycan-Rusiya prezidentlərinin telefon söhbəti Türkiyə hərbisinin Azərbaycanda birgə təlim məşqlərinin keçirildiyi vaxta təsadüf edib. Bu ərəfədə Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Azərbaycana səfər eləmişdi.

Sergey Şoyqu və Zakir Həsənov görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, Azərbaycan MN bildirib.

Bundan başqa, Sergey Şoyqu Prezident İlham Əliyevlə də görüşüb.