İlham Əliyevin reytinqi: STM-in sorğusu gerçəkliyi əks etdirirmi?

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Sosial Tədqiqatlar Mərkəzinin (STM) apardığı və aprel-iyun dövrünü əhatə edən "Prezidentin fəaliyyəti ictimai rəydə" sorğusuna görə, respondentlərin 70 faizi İlham Əliyevə inam və etimad edir, təxminən 24 faizinin inam və etibarı daha da artıb.

Sorğuya görə, İlham Əliyevin səhiyyə, ordu quruculuğu, korrupsiya ilə mübarizə, ictimai sabitlik, kadr islahatları, iqtisadi inkişaf, məhkəmə sisteminin modernləşdirilməsi kimi müxtəlif istiqamətlər üzrə fəaliyyəti respondentlərin əksəriyyəti tərəfindən rəğbət görüb.

"Prezident boyanmamış məlumat tələb edir"

Sorğunu dövlət təyinatlı qurumun aparması respondentlərin səmimi olmaq imkanları barədə suallar yaradıb.

Ancaq mərkəzin rəhbəri Zahid Oruc deyir ki, mərkəzin əməkdaşları sorğunu keçirən qurumu, yəni özlərini respondentə təqdim ediblər, eyni zamanda müsahibin anonimliyini qoruyacağına söz veriblər: "Bildirmişik ki, onların şəxsi fikirləri ictimailəşdirilməyəcək".

Zahid Oruc deyir ki, Sosial Tədqiqatlar Mərkəzi dövlət tərəfindən yaradılsa da, publik şəxsdir və bitərəfliyini qorumağa çalışır.

Zahid Oruc əlavə edir ki, onlar cəmiyyətdəki problemləri, ictimai rəyi öyrənmək marağındadırlar və ən əsası da Prezident İlham Əliyev "boyanmamış, rənglənməmiş, gerçək" məlumatlar tələb edir və bu da onların qarşısında ciddi məsuliyyət yaradır.

O, sorğunun beynəlxalq sosioloji metodlar əsasında keçirildiyinə və standartlara cavab verdiyinə və elmi təhlillərə uyğunluğuna əmin edir.

"Absurd və gülünc"

Siyasi şərhçi Alya Yaqublu hesab edir ki, bu sorğunun nəticələri reallığı əks etdirmir, əksinə, "90 faizi şişirdilib".

Onun sözlərinə görə, koronavirusa görə tətbiq edilən karantin dövründə insanlar bir çox məhrumiyyətlə üzləşdilər: "Xüsusilə son aylarda, bariz şəklildə bəlli oldu ki, səhiyyə sistemi necə bərbad vəziyyətdədir. Elementar situasiyada belə tibbi yardım göstərmək imkanları xaricindədir. İqtisadi vəziyyətə gəlincə, hökumət 190 manatı daha az adama verməyə çalışdı", - o deyir.

"Bu dəqiqə ölkədə iqtisadi cəhətdən elə ciddi narazılıq var ki, əhalinin 92 faizinin İlham Əliyevin fəaliyyətindən razıdır yazmaq, sadəcə, absurd və gülüncdür.

Bircə ictimai asayişlə bağlı rəqəmlərin gerçəyi əks etdirməsini qəbul edirəm, doğrudur, amma bu da ölkədə polis nəzarəti, azadlıqların məhdudlaşdırılması ilə tənzimlənir", - Alya Yaqublu qeyd edir.

Sorğu neçə keçirilib?

Sorğu Bakı və bölgələrdə təxminən 1200 respondent arasında aparılıb.

Naxçıvan və işğal altında olan bölgələr sorğuya cəlb olunmayıb.

25 əsas və 7 sosial-demoqrafik xarakterli suallar, əsasən, prezidentin ayrı-ayrı strateji istiqamətlər üzrə cari dövr ərzində gördüyü sistemli işlərə vətəndaş münasibətini müəyyənləşdirmək məqsədilə tərtib edilib.

Respondentlərin 24 faizi dövlət, 20 faizi özəl sektorda çalışır, 14 faizi işsizdir. 41,8 faizi digər adı altında qruplaşdırılıb.

Respondentlərin 47 faizi şəhərdə, 14,5 faizi qəsəbədə, 38.5 faizi kənddə yaşayır.

Onların 28.7 faizi ali, 19.2 faizi peşə ixtisas təhsilli, 52.1 faizi orta təhsillidir. Respondentlərdən stasionar telefonla müsahibə alınıb. Qurum bildirir ki, sorğu üçün seçilmiş ərazidə müəyyən edilmiş respondent sayından 10 dəfə çox telefon nömrəsi seçilib və təsadüfi seçimlə respondentlərlə danışılıb.