Tofiq Yaqubluya daha bir həbs hökmü: İqtidar bu müxalifətçidən qorxurmu?

  • Elçin Süleymanov
  • BBC News Azərbaycanca
Tofiq Yaqublu

Azərbaycan məhkəməsində müxalif siyasətçi, Müsavat partiyası və Milli Şuranın üzvü olan Tofiq Yaqublu bu gün 4 il 3 ay həbs cəzasına məhkum edilib.

Xuliqanlıq, zərər çəkmiş şəxsə zor tətbiq etməklə bağlı maddələr üzrə ittihamı rədd edən Tofiq Yaqublu həbsini siyasi motivli hesab edir. Çərşənbə günü son sözlə çıxış edən müxalifət fəalı "ədalətsiz" prosesə etiraz əlaməti olaraq, aclıq aksiyasına başladığını elan edib.

Bir sıra hüquq müdafiəçiləri azərbaycanlı fəalın həbsini müxalifətə qarşı yönələn növbəti təzyiq kimi dəyərləndiriblər.

Məhkəmədə səslənən versiyaya görə, martın 22-də Tofiq Yaqublunun idarə etdiyi avtomobil başqa bir maşınla toqquşandan sonra o, "xuliqanlıq" kimi dəyərləndirilən hərəkətlərə yol verib.

Tofiq Yaqublu və onun yaxınları, bu ittihamları əsassız, mart ayında baş verən hadisəni isə əvvəlcədən hazırlanan "təxribat" hesab edirlər.

"İttihamlar saxtadır, qondarmadır, haqsızdır. Tofiq Yaqublu maşında oturub gözləyirmiş, gəlib vurublar. O özü polisi çağırıb ki, maşınımı vurublar. Özü zərərçəkən olsa da, indi ittihamçı durumuna düşüb", - mart ayında Tofiq Yaqublunun qızı, Nigar Həzi BBC News Azərbaycancaya bildirib.

Tofiq Yaqublunun bu ilin mart ayında 3 aylıq həbsinə etiraz edən bəzi hüquq müdafiəçiləri pandemiya bəhanəsi ilə müxalifətə təzyiqlərin artdığını bəyan edirlər. Onlardan biri, ABŞ-da mənzillənən HRW qrupu Azərbaycan hakimiyyətini pandemiya ilə bağlı məhdudiyyətlər bəhanəsiylə "tənqidi səsləri susdurmaqda" ittiham edib.

Təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qoqia deyib ki, Azərbaycan hökuməti öz tənqidçilərini "uydurma ittihamlarla susdurmaq ənənəsinə" sahibdir və Yaqubluya qarşı iş də tamamilə "bu sxemə uyğundur."

Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.

Tofiq Yaqublu təhlükədirmi?

Şəklin alt yazısı,

Tofiq Yaqublu (mərkəzdə) 19 oktyabr aksiyasında saxlanılarkən

Müsavat partiyasının üzvü Tofiq Yaqublu ötən ilin payızında Milli Şuranın Bakıda keçirdiyi etiraz nümayişindən sonra 30 gün inzibati həbs cəzası almışdı. 2013-cü ildə, İsmayıllıda baş verən etirazlardan sonra o, 5 il müddətinə azadlıqdan məhrum edildi.

Müxalifət liderinin tərəfdarlarına görə, onun və ailə üzvlərinin ardıcıl həbsləri, sonuncu həbsdən sonra əfv fərmanı ilə azadlığa çıxmasından sonra çıxarılan daha bir hökm göstərir ki, hakimiyyət ehtiyat etdiyi müxalifət liderini hədəfə alıb. Belə bir dəyərləndirmə əsaslıdırmı?

2013-cü ildə baş verən İsmayıllı hadisələrindən sonra Tofiq Yaqublu ilə birlikdə həbs olunmuş və 7 illik həbs cəzası almış İlqar Məmmədov hesab edir ki, Tofiq Yaqublunun həbsi siyasi motivli ola bilər, amma bu motivin nə ola biləcəyi haqqında fikir söyləmir.

"Mən hakimiyyətin siyasi motivlərini dəyərləndirmək istəmirəm, o baxımdan ki, onlar vardır. Amma hansı siyasi motivdir, onların növləri fərqlidir. Onların içərisində təhlükədə ola bilər, hər hansı bir fəaliyyətin qarşısını almaq da ola bilər. Onların içində qisas da ola bilər, hər cürə siyasi motiv ola bilər. Ona görə siyasi motivin məhz nədən ibarət olduğunu dəyərləndirmək istəmirəm".

Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva hesab edir ki, Tofiq Yaqublunun, işi hakimiyyət tərəfindən "total nəzarət" yaratmaq cəhdinin təzahürüdür.

"Demokratiyada cəmiyyət, xalq, icma idarə edir, hakimiyyət xalqın iradəsi ilə hərəkət edir. Avtoritar rejimlərdə isə idarəçilik nəzarətə əsaslanır. Sistem bunun üzərində qurulub. Bu nəzarət iki yolla təmin olunur. Cəmiyyətin nümayəndələri resurslar hesabına ələ alınır və ya onlara qarşı güc tətbiq olunur," - Leyla Əliyeva deyir.

Şəklin alt yazısı,

Zahid Oruc Tofiq Yaqublunun hakimiyyət üçün təhlükəli olmadığını hesab edir

"Onlar yaxşı başa düşürlər ki, pul və təzyiqə təslim olmayan şəxslər varsa, total nəzarət mümkün deyil və qeyri-müəyyənlik təhlükəsi yaranır", o əlavə edir.

Lakin Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, hakimiyyətin Tofiq Yaqubludan ehtiyat etdiyi barədə fikirlə qətiyyən razılaşmır: "Şəxsən tanıdıgım bir adamdır. Qətiyən hakimiyyət üçün təhlükəli deyil," - Zahid Oruc BBC News Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, Tofiq Yaqublu onun "üzərindən daha artıq siyasət aparan qüvvələrin" qurbanıdır: "Hər gün hakimə onun üzərindən hakimiyyətə yağdırdıği ittihamların fonunda bəlkə də müxtəlif qüvvələrin rəhmini qazanır. Lakin dinc siyasi mübarizə şəraitində onun böyük tərəfdarları olmaz. Biz onunla azadlıq şəraitində üz-üzə olmağın tərəfdarıyıq. Hərə öz idealı uğrunda".

Riskli taktika

Leyla Əliyevanın sözlərinə görə, hakimiyyət təzyiq vasitəsiylə potensial liderləri aradan götürməyə çalışır. Lakin, onun sözlərinə görə belə taktika risklidir və baş tutmazsa, problemi həll etmək əvəzinə yeni bir problem yarada bilər.

"Başa düşmək lazımdır ki, təzyiqin artması əks-təsir yaradır. Çünki həbsdə qalanlar xalqın arasında daha güclü imic qazanırlar", politoloq belə hesab edir.

İlqar Məmmədov Tofiq Yaqublunun azad olunmasına çağırmaqla yanaşı, son prosesə məhkəmələrə moratorium qoymaq təklifini irəli sürür.

"Azərbaycan məhkəmələrinə dair Avropa İnsan Hüquqları məhkəmələrinin indiyədək qəbul etdiyi qərarları rəhbər tutaraq, ciddi maddi sübutsuz, ancaq şahid ifadələrinə əsaslanan və ictimaiyyətin siyasi kimi dəyərləndirdiyi işlər üzrə hökmlərə Ali Məhkəmə moratorium elan etməlidir. Yaqublu və bu cür hökmlər almış bütün şəxslər azad edilməlidir. Bu bizim rəsmi mövqeyimizdir", bir neçə gün öncə rəsmi qeydiyyatdan keçmiş Real partiyasının sədri deyir.

2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsinin bu işlə bağlı hökmündə Tofiq Yaqublunun azadlıq hüququnun pozulması tanınır.

Beynəlxalq reaksiyalar

Məhkəmədən sonra yaydığı bəyanatda HRW qrupu bildirib ki, işi tələsdirən hakimiyyət müşahidə kameralarının görüntüləri də daxil, Yaqublunun dediklərini təsdiqləyən müdafiə tərəfinin bütün təkliflərini rədd etmişdir. Təşkilat "uydurma" ittihamlarla həbs edilən müttəhimin dərhal azad olunmasına səsləyir.

Tofiq Yaqublu vicdan məhbusudur və onun məhkum edilməsi siyasi müxalifətə və ifadə azadlığına qarşı təzyiqlərinin daha bir nümunəsidir, hüquq müdafiə üzrə Amnesty International qrupu bəyan edib.

Cümə günü Avropa İttifaqı Azərbaycanı, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq, Tofiq Yaqublunun işini yenidən araşdırmağa çağırır. Həbs və məhkəmə prosesi müddətində lazımi qaydaların icra olunub-olunmamasına dair ciddi suallar var, Aİ-nin yaydığı rəsmi bəyanatında deyilir.

Bundan əvvəl həbs və məhkəməyə aid iradların olduğunu qeyd edən ABŞ müxalifətçiyə dair çıxarılan hökmdən məyus olduğunu bildirib.

Bu arada həm Aİ, həm də ABŞ-ın açıqlamasında Real partiyasının qeydiyyatdan keçirilməsi müsbət hal kimi dəyərləndirilir.