Bakı metrosu hansı günlər işləmir?

Bakı metrosu

Şəklin mənbəyi, Getty Images

Bu gündən Bakı metropoliteni fəaliyyətini bərpa edib. Lakin ondan istifadə üçün müəyyən qaydalar var.

Tibbi maska taxmayanlar metroya buraxılmayacaq, "Bakı Metropoliteni" QSC metrodan istifadə qaydalarında bildirib.

Bakı Metropoliteni açıqlayıb ki, stansiyalarda və qatarlarda mütləq qaydada tibbi maskalardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir.

Qaydalara görə, tibbi maska düzgün taxılmalı, ağız və burun boşluğunu tam örtməlidir.

Tibbi maskası olmayan sərnişinlər onu stansiyaların giriş və çıxışlarında fəaliyyət göstərən apteklərdən əldə edə bilərlər, BM açıqlayıb.

Məlumatda deyilir ki, tibbi maskadan istifadə olunmamasına görə müvafiq qaydada inzibati məsuliyyət tətbiq edilir.

Sərnişinlər stansiyalara daxil olarkən onların hərarəti seçmə qaydada olmaqla yoxlanılacaq.

Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilər qoyulacaq.

Bundan başqa, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırılması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq.

Qurum əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin bərpa ediləcəyini qeyd edib.

Metro bu günlər işləməyəcək

Metropoliten sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək sərnişindaşıma fəaliyyətini dayandıracaq.

Opetariv Qərargahın məlumatında deyilir ki, Bakı metropoliteni ərazisində Covid-19 infeksiyasının profilaktikasına dair göstərişlərə uyğun tədbirlər görülüb.

Bakı Metropoliteni Covid-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 31-dən bağlanıb.

"Bakı Metropoliteni" QSC bildirib ki, Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.

Xəbər icmalında başqa xəbərlər

Bakıda avtobuslarda niyə sıxlıq var? - Bakı Nəqliyyat Agentliyi izah edir:

Sərnişinlərin sayında artım olduğunu qeyd edən Bakı Nəqliyyat Agentliyi (BNA) tələbatı qarşılamaq üçün xəttə maksimal sayda avtobus çıxardığını bildirir.

Bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtobuslardan istifadə edən sərnişinlərə müraciət edib ki, "sərnişinlərin sayı artıq olan ictimai nəqliyyat vasitələrinə minməsinlər".

"Hazırda gündəlik olaraq xəttə 2260 ədəd avtobus çıxarılır ki, bu da maksimal göstəricidir. Yəni "BakuBus" MMC-nin hər iki qarajında və özəl operatorlara aid qarajlarda texniki baxımdan saz olan bütün avtobuslar daşımalara cəlb olunub," - BNA-dan BBC News Azərbaycancaya bildiriblər.

BNA bildirir ki, gün ərzində baş verən yol nəqliyyat hadisələri, sürücülərin yol hərəkəti qaydalarına, eləcə də zolaqların tələbinə düzgün əməl etməməsi qeyri-pik saatlarda da sıxlıqlara səbəb olan əsas amillərdir.

Xüsusi avtobus zolaqları təklifi

"Belə ki, avtobuslararası intervallar pozulur və sərnişinlər uzun müddət dayanacaq məntəqələrində gözləməli olurlar. Bir xətt üzrə bir neçə avtobusun sıxlıqda qalaraq gecikməsi onun hərəkət etdiyi istiqamətdə digər marşrutlar üzrə də daşımaları çətinləşdirir.

"Bu cür xoşagəlməz halların olmaması üçün ən optimal həll variantı avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkil olunmasıdır," - BNA bildirir.

Şəklin mənbəyi, BNA

Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov BBC News Azərbaycancaya deyib ki, bütün ictimai nəqliyyat vasitələrində maska taxmaq və sosial məsafəyə diqqət etmək lazımdır.

Vaqif Əsədov söyləyib ki, şəxsi avtomobillərdə tibbi maskaların istifadəsi ilə bağlı göstərici yoxdur.

Onun sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən şəffaf qoruyucu arakəsmədən istifadə tələbi qüvvədə qalır.

"Biz bu informasiyaları verməklə inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi tərəfdarı deyilik. Sadəcə sərnişinlər və sürücülər bu tələblərin yerinə yetirilməsinin vacibliyini düşünsünlər", - Vaqif Əsədov deyib.

BDYPİ bildirib ki, Azərbaycanda son günlərdə koronavirus infeksiyasına yoluxma sayının yüksəlməsinin səbəblərindən birinin "sərnişinlərin məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları" ehtimal edilir.