Ramiz Mehdiyev Prezidentin köməkçisinə "Akademiyadakı islahatlardan" danışıb

Prezidentin köməkçisi Anar Ələkbərov (solda), Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev (mərkəzdə), Akademiyanın İşlər idarəsinin müdiri, professor Elton Məmmədov (sağda)

Şəklin mənbəyi, science.gov.az

Şəklin alt yazısı,

Prezidentin köməkçisi Anar Ələkbərov (solda), Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev (mərkəzdə), Akademiyanın İşlər idarəsinin müdiri, professor Elton Məmmədov (sağda)

Akademik Ramiz Mehdiyev Prezidentin köməkçisi Anar Ələkbərova Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlardan danışıb. Şəkidə bazar 3 günlük bağlanıb. Galatasaray Neftçini 3:1 hesabı ilə məğlub edib - bu və digər xəbərlər BBC News Azəbaycancanın icmalında.

Ramiz Mehdiyev Prezidentin köməkçisinə Akademiyadakı islahatlardan danışıb

Akademik Ramiz Mehdiyev Prezidentin köməkçisi Anar Ələkbərova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılan islahatlardan danışıb.

AMEA bildirib ki, cümə axşamı günü Anar Ələkbərov Akademiyanın Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işlərilə tanış olub.

Bundan öncə isə, o, AMEA Rəyasət Heyətinin binasında aparılan yenidənqurma və bərpa işləri barədə məlumatlandırılıb.

Qurumun məlumatında deyilir ki, Ramiz Mehdiyev Akademiyada aparılan islahatların və bərpa işlərinin Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın "diqqəti, qayğısı və dəstəyi nəticəsində həyata keçirildiyini" bildirib.

AMEA hazırda balansında 165 nəqliyyat vasitəsinin olduğunu, onlardan 122-sinin xidməti, 43-nün isə texniki sahələrdə istifadə edildiyini açıqlayıb.

Anar Ələkbərovun Ramiz Mehdiyevlə görüşü keçmiş Prezident Adminstrasiyasının rəhbərinin ailə üzvlərinin birinə karantin müddətində toy edilməsi və bundan sonra Ramiz Mehdiyevin kürəkəninin inzibati məsuliyyətlə həbs edilməsi, özünün isə müxtəlif ittihamlarla üzləşməsindən sonraya təsadüf edir.

Azərbaycanda koronavirus epidemiyasına görə, mart ayından bəri ölkədə kütləvi tədbirlər, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi qadağandır.

Avqustun 18-də Novxanıda keçirildiyi deyilən toydan sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və qudası Rövşən Mustafayev 15 sutka müddətinə həbs edildilər.

Bundan sonra Təhlükəsizlik Şurasının üzvü Ramiz Mehdiyevi əsasən YAP-çı və digər hakimiyyətyönümlü deputatlar, keçmiş məmurlar tərəfindən tənqidlər və ittihamlarla üzləşdi.

Ramiz Mehdiyev kürəkəninin karantin pozuntusuna görə "əli qandallı hakim qarşısına" çıxarılmasını "ikili standart" kimi qiymətləndirmiş, onu ittiham edənləri isə məhkəməyə verə biləcəyini bildirmişdi.

Şəklin alt yazısı,

Foto: Arxiv

Şəkidə bazar 3 günlük bağlanıb

Şəkidə 12 nəfərdə koronavirus aşkarlanan bazar 3 günlük bağlanıb, Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlayıb.

Operativ Qərargah bildirib ki, "Şəki Bazar" ASC-də alqı-satqı ilə məşğul olan şəxslərdən Covid-19 testi götürülüb və onların bəzilərində cavab müsbət olub.

Qərargah ərazinin risk mənbəyi olduğuna görə bazarı sentyabrın 18-dən etibarən 3 günlük bağlayıb.

Qurumun məlumatında deyilir ki, virusa yoluxduğu aşkar olunmuş şəxslər müalicə olunur, onlarla yaxın təmasda olanlar isə müəyyən edilərək evdə təcridə cəlb olunublar.

Operativ Qərargah sözügedən Şəki bazarından Şəki şəhərinin əhalisindən başqa Mingəçevir, Yevlax və Ağdaş sakinlərinin də bazarlıq etdiyini bildirib.

Şəklin mənbəyi, Aziz Karimov / Getty Images

Neftçi-Galatasaray 1:3

Cümə axşamı günü Azərbaycanın Neftçi futbol klubu UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyununa çıxıb.

Görüş yerli vaxtla 20:00-da Bakı Olimpiya Stadionunda baş tutub.

Azərbaycanı təmsillçisi ilə qarşılaşan Türkiyənin Galatasaray klubu oyunu 3:1 hesabla qazanıb.

Bununla da Neftçi avrokuboklarda mübarizəni dayandırıb.

Galatasaray klubu rəsmi Twitter hesabından azerkeşlərin Galatasaray bayraqlarını dalğalandırdığı video paylaşaraq "möhtəşəm qarşılanma üçün" təşəkkür edib.

Azərbaycan Daxili İşlər Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Neftçi" Peşəkar Futbol Klubunun birgə məlumatında deyilir ki, Neftli-Galatasaray qarşılaşması UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq görə azarkeşsiz keçirilib.

Daxili İşlər Nazirliyi hər iki komandanın azarkeşlərini Azərbaycanda karantin qaydalarına riayət etməyə, koronavirusun yayılma təhlükəsinə görə kütləvi toplaşmamağa çağmışdı.

Qurban Məmmədov:"Yerimi gizli saxlamaq üçün belə məlumat verilməli idi"

Avropada məskunlaşmış internet televiziya yayımçısı, hüquqşünas Qurban Məmmədov saxlanması ilə bağlı yanlış məlumat verdiyini etiraf edib.

Ailəsi tərəfindən Türkiyədə həbs olunduğu iddia edilən, Avropada məskunlaşmış internet televiziya yayımçısı, hüquqşünas Qurban Məmmədov Türkiyəyə getmədiyini və hazırda Böyük Britaniyada olduğunu deyib.

Bundan əvvəl onun ailəsi BBC News Azərbaycancaya Qurban Məmmədovun Türkiyədə həbs olunduğunu deyib.

Azərbaycanın Baş Prokurorluğu sentyabrın əvvəlində Qurban Məmmədovu və Avropada yaşayan daha bir neçə azərbaycanlını kütləvi iğtişaşlara, hakimiyyətə qarşı zorakılıq etməyə çağırmaqda ittiham edərək onların barəsində beynəlxalq axtarış elan etmişdi. O, ittihamları rədd edir.

Qurban Məmmədov internet platformalarındakı kanalında hakimiyyəti tənqid məzmunlu materiallar yayımlayır.

"Mən əslində Türkiyədə olmamışam. Heç mənim harada olmağım barədə həyat yoldaşım və oğlum Qoşqar da dəqiq heç nə bilmirdi. Ona görə çoxlu həyəcan keçiriblər. Ona görə mən baş verənlərlə bağlı narahat olan bütün Azərbaycan vətəndaşlarından üzr istəyirəm, minnətdarlığımı bildirirəm, eləcə də Türkiyə dövlətinin haqqında sosial şəbəkələrdə yayılan bu hadisə ilə bağlı mənfi rəylərə görə, Türkiyə dövləti və Türkiyə xalqından üzr istəyirəm,"- Qurban Məmmədov BBC News Azərbaycancaya müsahibəsində deyib.

O deyib ki, yeri barədə "yanlış məlumatlar onun görüşlərini gizli saxlamaq" məqsədilə yayılıb, - Qurban Məmmədov onun haqqında ailəsi tərəfindən yanlış məlumat verilməsini belə izah edib.

"Ayın 16-da mən görüşlər keçirməliydim, müəyyən dairələrlə, müəyyən adamlarla və harada olduğumu, kimlərlə görüşdüyümü məxfi saxlamaq üçün mütləq belə bir məlumat verilməli idi,"- o, müsahibəyə deyib.

Qurban Məmmədovun digər oğlu Qoşqar Məmmədov çərşənbə günü gecə saatlarında Facebook hesabında "atasının saxlanıldığını" yazmışdı.

O bildirmişdi ki, Qurban Məmmədov Türkiyədə saxlanıldığı yerdən başqa yerə köçürüləcəyini deyib və onu "xüsusi təyinatlı polislər aparıb". O, təxminən 9-10 saatdan sonra atasının "yaxşı olduğunu" və İngiltərədə olduğunu yazmış və sonradam hər iki statusunu silmişdi.

Qurban Məmmədovun digər oğlu Elnur Məmmədov da BBC News Azərbaycancaya atası ilə əlaqə saxlaya bilmədiklərini, onun "oğurlandığını" iddia etmişdi.

Baş Prokurorluq BBC News Azərbaycancaya iddialarla bağlı şərh verməmişdi.

Şəklin mənbəyi, Dövlət Sərhəd Xidməti

Azərbaycan-İran sərhədində atışma: ölən var, bir nəfər saxlanıb

Bu gün Azərbaycan-İran sərhədində "narkotik vasitəni Azərbaycana qaçaqmalçılıq yolu ilə ötürmək istəyən silahlı şəxs öldürülüb", Dövlət Sərhəd Xidməti bildirib.

Məlumata görə, DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran tərəfdən iki nəfərin sərhədi pozduğu aşkarlanıb.

Qurum əvvəlcə xəbərdarlıq atəşi açdığını, lakin sərhəd pozucuları əmrə tabe olmadığını, sərhəd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd etdiklərini bildirir.

"Nəticədə sərhəd naryadı tərəfindən Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölmüşdür. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olmasından istifadə edərək geri qaçmışdır."

Hadisə yerindən 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edildiyi bildirilir.

Bundan başqa, yükü təhvil almağa gəldiyi deyilən Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanıb. Həmin şəxsin qarşı tərəfə vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol içkisi aşkarlanıb.

Saxlanan şəxsin bu məsələ ilə bağlı şərhi məlum deyil.

DSX İranın sərhəd nümayəndəliyi məlumatlandırdığını və hadisə ilə əlaqədar Hərbi Prokurorluğun əməkdaşları ilə birgə zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirildiyini bildirib.