Tofiq Yaqublu: "Aclığın fəsadları daha çox oldu"

Tofiq Yaqublu xəstəxanadan evinə gedir
Şəklin alt yazısı,

Tofiq Yaqublu xəstəxanadan evinə gedir

Cümə günü ev dustaqlığına buraxılan Tofiq Yaqublu aclıq aksiyasının çox ağır keçdiyini desə də, hazırda təhlükənin olmadığını bildirir.

O, BBC News Azərbaycancaya planları barədə danışaraq, deyib ki, hazırda müalicə olunur və vəziyyətin necə inkişaf edəcəyi məhkəmənin "gedişatından sonra bilinər".

Tofiq Yaqublu məhkəmə hökmünə etiraz olaraq, dünənə kimi 17 gün ərzində keçirdiyi aclıq aksiyasını həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən sonra dayandırıb. "Apellyasiya məhkəməsinin qərarı elan olunandan sonra sistem vurulmasına razı olmuşam, ona qədər nəinki yeməkdən, tibbi yardımdan da imtina etmişdim. İndi həkimin məsləhəti ilə qidalanıram," - Tofiq Yaqublu deyir.

"Evdən çıxası deyiləm"

Video açılmırsa, YouTube-dan izləyin.

"Baxmayaraq ki, mən əvvəllər də aclıq aksiyası keçirmişəm, amma bu dəfə çox ağır keçdi. Həm yaşımla bağlı, həm əməliyyat olunmuşdum, həm həbsxana, təcridxana şəraitinə görə dəhşətli dərəcədə ağır keçirdim. Fəsadları daha çox oldu".

Tofiq Yaqublu deyib ki, "mənim bu halda bərpam üçün hələ bir-iki həftə vaxt lazımdır. Heç yana çıxası da deyiləm".

Qarşıda nə gözləyir?

Onun sözlərinə görə, hazırda başı qonaqlara qarışıb və vəziyyət məhkəmədən sonra bilinəcək.

"Dostlar, tanışlar, qohumlar gəlir. Məhkəmənin gedişatından sonra bilinər vəziyyət necə olacaq, - Tofiq Yaqublu deyir.

"Həbs qətimkan tədbirinin dəyişdirilməsi vəsatəti təmin olunub və əgər məhkəmə birinci instansiya Nizami rayon məhkəməsinin 4 il 3 ay azadlıqdan məhrum etmə qərarını qüvvədə saxlasa məni yenidən həbs edib göndərəcəklər həbsxanaya. Mən mümkün hüquqi variantları deyirəm və ya həbslə bağlı şərti bir cəza verə bilərlər, ya azalda bilərlər. Amma Azərbaycanda hüquq adına bir şey yoxdur".

Müxalifət təmsilçisi Tofiq Yaqublu xuliqanlıqda ittiham olunur və ona 4 il 3 ay həbs cəzası verilib. O, həbsinin siyasi motivli olduğunu deyir. Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.

Video açılmırsa, YouTube-dan izləyin.

Cümə günü Tofiq Yaqublunun qızı Nigar Həzi BBC News Azərbaycancaya deyib ki, məhkəmə prosesini səbirsizliklə gözləyib: "O qədər həyəcanla gözləyirdim ki, saat dördü. Çox sevincliyəm. Dəstək olan hər kəsə təşəkkür edirəm".

O, atasının səhhətinin yaxşı olmadığını deyir: " Tofiq Yaqublu heç ayağa dura bilmir. Biz onu xəstəxanadan heç çıxarmağa da düşünmürük ki, bir az özünə gəlsin". 

Vəkil: "Tofiq Yaqublu çox halsızdır"

Onun digər vəkili Aqil Layıc bundan öncə Apellyasiya Məhkəməsinin qərarı qüvvəyə minənədək Tofiq Yaqublu barəsində olan qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması ilə üçün Nizami Rayon Məhkəməsində vəsatət qaldırıldığını bildirmişdi.

Aqil Layıc Tofiq Yaqublunun Apellyasiya Məhkəməsində şikayətinə baxışın vaxtının tezləşdirildiyi üçün ev dustaqlığı barədə vəsatətin geri götürüldüyünü bildirib.

Vəkil Tofiq Yaqublu ilə cümə günü görüşdüyünü və onun çox "halsız" olduğunu söyləyib.

Tofiq Yaqublunun qızı Nigar Həzi deyir ki, cümə günü atası ilə telefonla danışıb və onu dəstək sistemindən imtina etməməyə razı salmağa çalışıb.

Şəklin alt yazısı,

Tofiq Yaqublu

"Onu razı salmağa çalışsam da, imtina edir. Deyir ki, məhkəmənin qərarını gözləyir. Həkim də deyir ki, son günlər ona heç bir dəstək sistemi vurulmayıb və son sutka ərzində bir kiloqram itirdiyi üçün çox halsızdır".

Tofiq Yaqublu aclığının 16-cı günündə "tibbi dəstəkdən imtina edib"

16 gündür aclıq aksiyası edən Tofiq Yaqublu bu gün "tibbi dəstəkdən" imtina edib, onun həkimi Adil Qeybulla bildirir.

Onun sözlərinə görə, "tibbi dəstək" orqanizmin daxili sabitliyini təmin etmək üçün qida olmayan, tibbi preparatların, lazım olan maddələrin yeridilməsini nəzərdə tutur.

"Onun təzyiqi yoxlanılır, qan təhlilləri aparılır və ona uyğun olaraq, konkret korreksiya gedir."

Adil Qeybulla 16-cı gündür ki, davam edən aclıqla bağlı vəziyyətin təhlükəli olduğunu desə də, onun "nəzarət altında" saxlanıldığını vurğulayıb.

"Əslində, istənilən anda müdaxilə etməyə hazırıq. Onun sağlamlığı üçün hər iş görülür".

Vəkil Aqil Layıc BBC News Azərbaycancaya bildirib ki, Tofiq Yaqublunun apelyasiya şikayəti Bakı Apelasiya Məhkəməsinin dəftərxanasına daxil olub.

Tofiq Yaqublunun "ağır vəziyyətdə" olduğunu nəzərə almaqla, prosesin "sabah başlamasını" gözləmək olar, o ehtimal edib.

Vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb ki, ilkin baxış iclası 28 sentyabr, saat 3-ə təyin edilib.

Zeynəb Xanlarova Tofiq Yaqubluya görə İlham Əliyevə "müraciət edib"

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı,

Zeynəb Xanlarova

Bu arada, xalq artisti Zeynəb Xanlarova 16 gündür aclıq aksiyası edən Tofiq Yaqubluya görə prezident İlham Əliyevə "müraciət edib".

O, həbsdə olan Tofiq Yaqublunun "uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib" prezidentdən onun azadlığa buraxılmasını xahiş edib.

Bu barədə hüquqşünas Aslan İsmayılov BBC News Azərbaycancaya bildirib. O, Zeynəb Xanlarovanın müraciətini öz Facebook səhifəsində yayıb.

Aslan İsmayılov deyib ki, Zeynəb Xanlarova "fikirlərinin israrla onun səhifəsində paylaşmasını xahiş edib"

Zeynəb Xanlarova bildirib ki, Tofiq Yaqublunu şəxsən tanıyır və onun dövləti, milləti üçün "ziyanlı addım" atmadığına əmindir.

"Bu gün onun həbsdə olması ilə bağlı aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq sizə müraciət etməyimi nəzərə alacaqsınız,"- Aslan İsmayılovun Facebook səhifəsində Zeynəb Xanlarovaya istinadla paylaşılan müraciətdə deyilir.

15 gündür aclıq aksiyası edən Tofiq Yaqublu: "Artıq ölürəm"

Video açılmırsa YouTube-dan izləyin.

15 gündür aclıq aksiyası edən Tofiq Yaqubluya qan köçürülüb.

Bu gün atası ilə danışdığını deyən Tofiq Yaqublunun qızı Nigar Həzi BBC News Azərbaycancaya bildirib ki, atasının səhhəti daha da ağırlaşıb.

Baş nazirin müavini və hakimiyyətdə olan Yeni Azərbaycan partiyasının sədr müavini Əli Əhmədov Tofiq Yaqublunun həbsi barədə öz rəsmi sosial media hesabında yazıb.

"Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə hökmündən narazı qalmasına, onu həll etməyin məlum hüquqi prosedurları mövcuddur. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir", Əli Əhmədov yazıb.

Baş nazirin müavini bildirib ki, Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək.

Müxalifət təmsilçisi Tofiq Yaqublu 4 il 3 aylıq həbs edilib. O, həbsini siyasi motivli oldugunu və şərləndiyini deyərək aclıq aksiyası keçirir.

Azərbaycan höküməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.