Azərbaycanda 42 mindən çox şəxs tələbə adını qazanıb, Dağıstanda saxlanılmış azərbaycanlıların vəziyyəti necədir?

bu gün Azərbaycanda tələbələrin yerləşdirilmə nəticələri açıqlanıb nəticələr açıqlanıb sms göndər

Şəklin mənbəyi, Azertag

Cümə axşamı günü Dövlət İmtahan Mərkəzi ali məktəblərə yerləşdirmənin nəticələrini açıqlayıb, Dağıstanın Kullar kəndində saxlanılan azərbaycanlıların vəziyyəti necədir? - bu və digər xəbərlər BBC News Azərbaycancanın xəbər icmalında.

Bu il 42 mindən çox şəxs tələbə adını qazanıb

Cümə axşamı günü ali məktəblərə yerləşdirmənin nəticələri bəlli olub, Dövlət İmtahan Mərkəzi (DİM) bildirib.

DİM bu il 42731 nəfərin (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunduğunu açıqlayıb.

"Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı «Abituriyent» jurnalının 7-ci sayında dərc olunması üçün sabah çapa veriləcək. Abituriyentlər jurnalları sentyabrın 25-dən etibarən əldə edə biləcəklər", - DİM-in məlumatında qeyd olunur.

Qurum həmçinin bildirib ki, tələbə adını qazanmış şəxslər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

"Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir. Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər", - qurumun məlumatında qeyd olunub.

DİM-in məlumatında vurğulanır ki, "müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək".

2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul müsabiqəsində 66464 nəfər iştirak edib.

"Onlardan 20799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib", - DİM bildirib.

Dağıstanın Kullar kəndində saxlanılmış azərbaycanlıların vəziyyəti necədir?

Şəklin mənbəyi, Azertag

Dağıstanın Kullar kəndində iyun ayında etiraz aksiyası zamanı saxlanılan azərbaycanlıların vəziyyəti Azərbaycanın müvafiq qurumlarının nəzarətindədir, Azərtac agentliyi Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

"Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, məlum hadisə zamanı saxlanılan, barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustaqlığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi öz imkanları və səlahiyyətləri daxilində müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində bütün lazımi addımları atır", - agentlik yazır.

Bu ilin iyun ayında bəzi azərbaycanlılar Dağıstanın Kullar kəndində Azərbaycana qayıda bilmədikləri üçün etiraz aksiyası keçirib.

Həmin vaxt Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək üçün toplaşan Azərbaycan vətəndaşlarından bəziləri BBC News Azrbaycancaya "onlara Azərbaycana keçməyə icazə verilmədiyini bildirmişdilər".

Mövzu ilə bağlı Turan agentliyi xəbər verir ki, "aksiya nəticəsində həbs olunmuş azərbaycanlılar vəkillə təmin olunub... Onlardan 4-ü ev dustaqlığına buraxılıb": "Digər saxlanan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər görülür", agentlik Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən yazıb.