Azərbaycan: Tarif Şurası Aİ-92 markalı benzin və dizelin qiymətlərini qaldırıb

SOCAR, Aİ95, Euro-98

Şəklin mənbəyi, AZERTAG

Azərbaycanda Aİ-92 markalı benzin və dizelin qiymətlərini qaldırılıb, Bakı-Naxçıvan uçuşları dumana görə dayandırılıb, Ağdamda minatəmizləmə işini Rusiya FHN-nin mütəxəssisləri aparacaq, Böyük Britaniya ölkə üzrə AstraZeneca peyvəndindən istifadə etməyə başlayır, Dağlıq Qarabağda və Laçın dəhlizində Rusiya sülhməramlılarına aid postların təhlükəsizliyi gücləndirilib, nəzarət məntəqələrinə müasir istehkam qurğuları gətirilib - BBC News Azərbaycancanın icmalında oxuyun.

Azərbaycanda Aİ-92 markalı benzin və dizelin qiymətlərini qaldırılıb

Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Bu barəd Tarif Şurasının 4 yanvar iclasında qərar verilib.

İndiyədək bu markalı benzinin 1 litrinin qiyməti 90, dizel yanacağınkı isə 60 qəpik idi.

Qiymət artımı barədə təklifi Azərbaycan Dövlət Neft Şirkəti SOCAR verib.

SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib, məlumatda deyilir.

Tarif Şurası təbii qazın tariflərinin artırılmasını "məqsədəmüvafiq hesab etməyib".

Məlumatda həmçinin deyilir ki, sonuncu dəfə dizelin qiyməti 2013-cü ildə, Aİ-92 markalı benzin isə 2017-ci ildə qiyməti tənzimlənib.

Qurum hesab edir ki, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq, həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.

"Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir".

Dizelin qiymətinin artımının sahibkarlara təsirini neytrallaşdırmaq üçün onlara kompensasiya ödəniləcəyi bildirilir. Bunun detalları yanvar ayının sonunadək açıqlanacaq.

Həmçinin qeyd edilir ki, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacağı qeyd edilir.

YeniBakı-Naxçıvan uçuşları dumana görə həyata keçirilmir, Ağdamda minatəmizləmə işi tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq ediləcək.

Bakı-Naxçıvanuçuşları dumana görə həyata keçirilmir

Şəklin mənbəyi, AZERTAG

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı aviareysləri müvəqqəti olaraq yerinə yetirilmir.

AZAL bildirib ki, hava şəraiti normallaşan kimi bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək və sərnişinlərə bu barədə məlumat ediləcək.

"Təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaq", - məlumatda deyilib.

AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski APA-ya bildirib ki, Bakı-Naxçıvan-Bakı aviareyslərini Naxçıvan aeroportunda güclü duman səbəbindən son 3 gün ərzində həyata keçirmək mümkün olmayıb.

Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.

Ağdamda minatəmizləmə işi aparacaq Rusiya FHN-nin mütəxəssisləri Azərbaycana gəlib

Şəklin mənbəyi, Rusiya FHN

Şəklin alt yazısı,

Ağdamda minatəmizləmə işi aparacaq Rusiya FHN-nin mütəxəssisləri Azərbaycana gəlib

Bazar ertəsi günü göyərtəsində Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirmək üçün xilasediciləri daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin IL-76 təyyarəsi Azərbaycana gəlib.

Rusiya FHN-nin məlumatına görə, humanitar missiya çərçivəsində Ağdam bölgəsində mina təmizlənmə işləri görüləcək.

Rusiya heyəti 20 nəfərdən ibarətdir, onların tərkibində təcili yardım qrupu və mina təmizləyən üç robot fəaliyyət göstərəcək.

Nazirliyin məlumatına görə, Azərbaycana gələn bütün heyət Covid-19 testindən keçirilib.

Böyük Britaniya AstraZeneca peyvəndindən istifadə etməyə başlayır

Şəklin mənbəyi, PA Media

Bazar ertəsi günü, Böyük Britaniya Oxford Universiteti və AstraZeneca şirkəti tərəfindən koronavirüs əleyhinə hazırlanmış peyvəndin istifadəsinə başlayır. Britaniya dünyada bu peyvəndi təsdiqləyən və istifadə edən ilk ölkə oldu.

Ölkədə artıq Pfizer / BioNTech ilə peyvəndləmə sürətlə davam edir. İndiyə qədər həssas olan əhali qrupları peyvənd olunub, lakin AstraZeneca dərmanının istifadəyə verilməsi ilə səlahiyyətlilər peyvənd müddətini əhəmiyyətli dərəcədə sürətlənəcəyinə ümid edirlər.

Bu məqsədlə Britaniyada peyvəndləmə planı dəyişdirilib - birinci və ikinci peyvəndlərin vurulması arasındakı fasilə üç həftədən üç aya qədər uzadılıb.

Əksəriyyət bu qərardan məmnun olmayıb. Artıq peyvədin ilk dozasını qəbul etmiş bir çox şəxs ikinci peyvənd üçün üç ay gözləmək lazım olduğuna görə məyus olsa da, səlahiyyətlilər ilk dozanın mümkün qədər çox sakinə vurulmasında israr edirlər, çünki Covid-19-a qarşı əsas mühafizəni təmin edən budur və ikinci komponent əsasən peyvənd müddətinə təsir göstərir.

Böyük Britaniyada ötən həftə sonundan bəri bir milyondan çox insana ilk peyvənd dozası vurulub.

Pfizer / BioNTech-dən fərqli olaraq AstraZeneca peyvəndinin üstünlüyü adi soyuducuda saxlanıla bilməsidir.

Britaniya 100 milyon doza Oxford peyvəndi sifariş edib - bu miqdar 50 milyon insanı peyvəndləmək üçün kifayətdir. Pfizer / BioNTech peyvəndi ilə ölkənin təxminən 67 milyon əhalisinin təmin olunacağı gözlənilir.

Qarabağdakı Rusiya sülhməramlılarının postları gücləndirilib

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Şəklin alt yazısı,

Dağlıq Qarabağda və Laçın dəhlizində yerləşən Rusiya sülhməramlılarına aid postların təhlükəsizliyi gücləndirilib, nəzarət məntəqələrinə müasir istehkam qurğuları gətirilib

Dağlıq Qarabağda və Laçın dəhlizində yerləşən Rusiya sülhməramlılarının müşahidə məntəqələrinin təhlükəsizliyi gücləndirilib, nəzarət məntəqələrinə müasir istehkam qurğuları gətirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, müşahidə məntəqələrində hərbçiləri atıcı silahlardan və qəlpələrdən qorumaq, ətrafı hərtərəfli müşahidə etmək üçün şərait yaradılıb.

"Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edirlər. Rus sülhməramlıları mülki nəqliyyat vasitələrinin və sakinlərin Laçın dəhlizindən keçməsinin və döyüşən tərəflərin bütün təmas xətti boyunca hərəkətinin təhlükəsizliyini təmin edirlər", - Rusiya Müdafiə Nazirliyi bildirib.

Bundan başqa nazirlik elan edib ki, bir gün əvvəl daha 100 nəfər erməni qaçqının avtobuslarla Xankəndiyə (Stepanakert) qayıtması təmin edilib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, sülhməramlılar indiyə kimi Ermənistandan Dağlıq Qarabağa qayıdan 47 min 287 qaçqını müşayiət edib yerləşdiriblər.

Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq, 2020-ci ilin noyabrın 10-da Qarabağda atəşkəs elan edilib və bütün hərbi əməliyyatlar daynadırılıb.

Razılaşmaya görə, Rusiya sülhməramlıları Dağlıq Qarabağda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün bölgəyə yerləşdirilib.