44 günlük müharibənin başa çatmasından bir ay sonra geriyə baxarkən: nələr oldu?

44 günlük müharibənin başa çatmasından bir ay sonra geriyə baxarkən: nələr oldu?

Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan 30 ilə yaxındır Ermənistanın işğalında olan Dağlıq Qarabağın ətrafındakı Cəbrayıl, Füzulu, Zəngilan, Qubadlı rayonlarını döyüşərək geri alıb.

Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Bundan başqa Azərbaycan ordusu keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olan Hadrut, Suqovuşan ərazilərini Xocavənd və Xocalının bəzi kəndlərini də işğaldan azad edib.

Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan 44 gün çəkən müharibənin başa çatması ilə nəticələnən birgə bəyanat imzalayıblar.

Atəşkəs razılaşmasına görə, Rusiya sülhməramlıları Qarabağda təmas xəttində yerləşdirilib və dekabrın birinə kimi Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonunun bir hissəsini Azərbaycana döyüşsüz təslim edib.

Azərbaycanla döyüşlərin dayandırılmasını və ərazilərin Azərbaycana təhvil verilməsini nəzərdə tutan bəyanatın imzalamasını erməni ictimaiyyəti təslim aktı kimi qəbul edib və bu sənədi imzalamış Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Ermənistanda müxalifət, müharibə başa çatandan bəri hər gün Baş nazir Nikol Paşinyanın və hökümətin istefası tələbi ilə aksiyalar keçirir.