Koronavirus peyvəndi Azərbaycana gətirilibmi? 49 minə yaxın şəxs Qarabağa qayıdıb

Sinovac na Beijing-based pharmaceutical company

Covid 19 koronavirusunun peyvəndinin ilk dəstinin Azərbaycana çatdırıldığı iddia edilir. Rusiya Müdafiə Nazirliyi bildirib ki, 49 minə yaxın şəxs Qarabağa geri qayıdıb. Azərenerji Suqovuşanda Su Elektrik Stansiyalarını təmir edir. Hər iki ölkə mətbuatı Xankəndində "vaxtaşırı atəş səslərinin eşidildiyini" yazır. Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun görüntülərini paylaşıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Azərbaycana Covid 19 koronavirus peyvəndinin ilk dəstinin çatdırıldığı bildirilir.

Bu barədə Sputnik Azərbaycan Səhiyyə Nazirliyindəki mənbəyə əsasən yazıb.

Mənbəyə görə, Azərbaycana gətirilmiş peyvənd SARS-CoV-2 koronavirusa qarşı Çində istehsal olunan SinoVac peyvəndidir.

Tibbi Ərazi Birliklərinin İctimai Birliyindən (TƏBİB) BBC Azərbaycancaya deyiblər ki, "peyvəndlə bağlı strategiya hazırlanmalıdır, amma bu məsələyə Səhiyyə Nazirliyi baxır."

Səhiyyə Nazirliyindən BBC Azərbaycancanın müxbirinin peyvəndin Azərbaycana artıq çatdırılması barədə xəbərlə bağlı sualına nə təsdiqləyici, nə də təkzibedici cavab verilib.

Agentlik həmçinin yazır ki, yaxın günlərdə səhiyyə naziri Oqtay Şirəliyevin peyvəndləmənin başlaması və müddəti barədə qərar imzalayacağı gözlənilir.

MDB-nin dekabr sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərkən peyvənd proqramının Azərbaycanda 2021-ci ilin əvvəllərində başlayacağını, könüllü olacağını və dövlət hesabına keçiriləcəyini bildirmişdi.

49 minə yaxın şəxs Qarabağa qayıdıb

49 minə yaxın şəxs Qarabağa qayıdıb, Rusiya Müdafiə Nazirliyi bildirib.

Nazirlik bildirib ki, Rusiya sülhməramlıları çərşənbə axşamı günü Yerevandan Xankəndinə gedən 235 nəfəri müşayiət ediblər.

Məlumatda deyilir ki, indiyədək 48 min 694 nəfər Qarabağ sakini öz evlərinə qaytarılıb.

Şəklin alt yazısı,

Azərenerji Suqovuşanda Su Elektrik Stansiyalarını təmir edir.

Suqovuşanda elektrik stansiyaları təmir edilir

"Azərenerji" Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan kəndində yerləşən, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.

Qurum bildirib ki, ərazidəki su elektrik stansiyalarının ehtiyat hissələri sökülüb və dağıdılıb, bəzilərinə isə döyüşlər zamanı "ciddi ziyan dəyib".

"Azərenerji"-nin məlumatına görə, aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılır.

Xankəndində "atəş səsləri"

Rusiya və Ermənistan mətbuatı Xankəndində atışma səslərinin eşidildiyini bildirir.

RİA Novosti Xankəndi kənarında "vaxtaşırı tək atəş səslərininin eşidildiyini", şəhərdəki və giriş-çıxışdakı vəziyyətin "sakit" olduğunu yazır.

Agentlik bu cür "tək atışların vaxtaşırı, sonuncu dəfə isə yanvarın 12-ə keçən gecə eşidildiyini" deyir.

Azərbaycan Müdafiə Nazirliyi məsələyə şərh verməyib.

Ermənistan mətbuatı bundan bir gün əvvəlki atəşlərin "iki yerli sakin tərəfindən açıldığını və məsələnin araşdırıldığını" yazıb.

Bəzi erməni saytları bu atışmaların yanvarın 11-də baş tutmuş Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskva görüşü qabağı "təxribat" ola biləcəyini yazırlar.

Ermənistan-Azərbaycan arasında sentyabrın 27-dən gedən döyüşlər noyabrın 10-da Azərbaycan-Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb.

Razılaşmaya əsasən, Rusiya sülhməramlıları atəşkəsə nəzarət etmək üçün Qarabağa yerləşdirilib.

Sülhməramlılar Qarabağda vəziyyətə "sutkalıq rejimdə nəzarət edir"

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisindəki müşahidə məntəqələrində vəziyyəti sutkalıq olaraq müşahidə edir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, sülhməramlılar yerli əhalinin daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edir.

Ermənistan-Azərbaycan arasında gedən və 44 gün davam edən döyüşlər noyabrın 10-da Azərbaycan-Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb.

Həmin bəyanata əsasən, Rusiya sülhməramlıları atəşkəsə nəzarət etmək üçün Qarabağa yerləşdirilib.

Qubadlı rayonunun görüntüləri paylaşılıb

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun görüntülərini yayıb.