ABŞ-da yeni Prezident dövründə Azərbaycana münasibət necə olacaq?

biden

Şəklin mənbəyi, Reuters

Bu gün Amerika Birləşmiş Ştatlarında 46-cı Prezident Joe Biden-nin inauqurasiya mərasimi keçirilib.

2020-ci il prezident seçkiləri ABŞ tarixində ən qalmaqallı və gərgin keçən seçki dövrü kimi yadda qalıb. Hazırda yeni prezidentin öz səlahiyyətlərinin icrasına başlaması ilə bu dövrün başa çatması gözlənilir.

BBC News Azərbaycanca Joe Biden hakimiyyəti dövründə ABŞ-ın Azərbaycan və regiona münasibətində nələrin dəyişə biləcəyi haqqında amerikalı və azərbaycanlı bəzi şərhçilərin rəylərini öyrənib.

Siyasi şərhçilərin fikrincə, Joe Biden hakimiyyəti Dağlıq Qarabağda sülhün qurulması və insan haqları məsələsində Trump komandasına nisbətən daha aktiv rol oynayacaq.

Siyasi şərhçi, əvvəllər ABŞ-ın Azərbaycandakı səfiri olan Richard Kauzlarich BBC News Azərbaycancaya deyib ki, Joe Biden komandası üçün bütün məsələlər, eləcə də Azərbaycanın yerləşdiyi bölgə üç əsas yanaşmanın təsirinə məruz qalacaq.

İnsan haqları məsələsi

Onun fikrincə, birinci istiqamət Azərbaycana da aid olan insan haqları məsələsi olacaq.

Richard Kauzlarich deyib ki, insan haqları təkcə Çinlə yekunlaşmayacaq və bütün dünya üçün bu əsas məsələ olacaq. Bununla bağlı mətbuat azadlığı, azlıqların hüquqları kimi məsələlər də diqqətdə olacaq.

"İkinci əsas məsələ korrupsiya olacaq. Azərbaycan bilməlidir ki, bu adminstrasiya əlində çoxlu alətlərlə hakimiyyətə gəlib və onları korrupsiya ilə mübarizə aparmayan ölkələrə qarşı yönəldəcək. Azərbaycan bu sahədə diqqətdədir. Burada söhbət beynəlxalq Maqnitski sanksiyalarından gedir. Ermənistan və Azərbaycan bu sahədə lazimi addımları atmır", - Richard Kauzlarich deyib.

Azərbaycan rəsmi şəkildə bəyan edib ki, ölkədə islahatlar aparır və korrupsiya ilə dövlət səviyyəsində mübarizə aparılır. Bu il başlayandan və ötən il ərzində Azərbaycanda bir neçə yüksək vəzifəli şəxs korrupsiyada ittiham olunaraq həbs olunub.

Cənab Kauzlarich hesab edir ki, Azərbaycan üçün mənfi təsiri ola biləcək üçüncü element enerjidir.

"İndi 90-cı illər deyil. Beynəlxalq enerji strategiyaları kəskin dəyişib. Artıq neft geo-siyasi əlaqələrdə aparıcı rola malik deyil, təbii qaz da getdikcə daha zəifləyir. Trump admintrasiyasının əksinə olaraq bunlar beynəlxalq neft və qaz məsələlərində həssas deyilər. Biden adminstrasiyası iqlim dəyişikliklərini vurğulayır",- Richard Kauzlarich bildirib.

O bildirib ki, Biden-in senatorluq təcrübəsi çoxdur və Barak Obamanın komandasında olarkən Azərbaycan rəhbəri ilə də görüşüb.

"2016-cı ildə ABŞ-ın Azərbaycan və Ermənistan rəhbərlərini Washingtona çağırdığı və orada tədbir keçirdiyi vaxt 4 günlük müharibə oldu. Biden bu məsələyə görə yəqin ki, utanc hissi keçirib", - Richard Kauzlarich deyib.

Bu baxımdan o düşünür ki, ABŞ-ın yeni adminstrasiyası sülh quruculuğunda və Minsk Qrupunun rolunu artırmaqda aktiv olacaq.

Azərbaycanı və regionu tanıyan komanda

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) təşkilatının rəhbəri Anar Məmmədli hesab edir ki Biden komandasında Azərbaycanı və regionu yaxşı tanıyan insanlar var.

Anar Məmmədli deyir ki, bu şəxslər xarici və daxili siyasətdə Trump adminstrasiyasındakılardan fərqli insanlardır.

"Xüsusilə xarici siyasət və milli təhlükəsizlik məsələlərində Prezident kimi Biden-in öz ofisində və vitse-prezident Kamala Harissin ofisində üç-dörd belə şəxs var. Onlar Azərbaycanı yaxşı tanıyırlar. Onlardan ikisi uzun illər burada çalışıb. Bu onu deməyə əsas verir ki, Biden adminstrasiyasında Azərbaycanla bağlı məsələ olarsa bu ölkəni yaxından tanıyan, regionu yaxşı tanıyan insanlar var",- Anar Məmmədli deyib.

Cənab Məmmədliyə görə, bu, Azərbaycanla bağlı məsələlərdə daha çevik, qəti, bəzi hallarda daha obyektiv qərarların qəbuluna kömək edə bilər.

Anar Məmmədli də düşünür ki, Biden-in insan haqları məsələsini prioritet hesab etməsi Azərbaycana öz təsirini göstərəcək.

"Hər kəsə aydındır ki, Azərbaycan post-sovet məkanında hər zaman insan hüquq və azadlıqları ilə bağlı ABŞ-ın ən çox tənqidinə məruz qalan ölkədir. Regionda da, üç qonşu Cənubi Qafqaz ölkəsi arasında insan hüquq və azadlıqları ilə bağlı ən çox problem olan ölkə Azərbaycandır. O baxımdan gözləmək olar ki, Biden-in Azərbaycanla bağlı bu məsələlərdə görüşləri, təmasları olsun", - Anar Məmmədli deyib.

Azerbaycanın Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsinin son günlərində BBC News-a müsahibəsində insan haqları ilə bağlı tənqidlərə cavab verərkən deyib ki, ölkədə insan haqları qorunur, azad media, müxalifət fəaliyyət göstərir.

Anar Məmmədlinin sözlərinə görə, Azərbaycan hakimiyyəti də yeni ABŞ adminstrasiyası ilə əməkdaşlıqda maraqlı olacaq və bu özünü xüsusilə Qarabağ məsələsində biruzə verəcək.

Qarabağ məsələsində aktivlik

Siyasi şərhçi Altay Göyüşov da hesab edir ki, Qarabağ münaqişəsinin həlli məsələsində son dörd ildə Trump adminstrasiyası passiv olub və yeni komandanın fəal olacağın gözləyir.

Altay Göyüşov deyir ki, ABŞ Qarabağ məsələsində Minsk Qrupunun həmsədri kimi özünün prosesdən kənarda qalmasını istəmir və prosesə qoşulmaq üçün səylər göstərəcək.

Onun sözlərinə görə, ABŞ-ın və Minsk Qrupunun Qarabağ münaqişəsinin nizamlanmasında aktiv iştirakında həm Azərbaycan, həm də Ermənistan tərəfi maraqlıdır.

"ABŞ-ın Minsk Qrupunda fəallaşması Azərbaycanın marağındadır. Baxmayaraq ki, Azərbaycan tərəfi, ölkə başçısı bir neçə dəfə Minsk Qrupunu əsaslı tənqid edib. Amma üzdə deməsə də Azərbaycan da Minsk Qrupunun kənarda qalmasını istəmir və belə demək olar ki, onun kənarda qalması Rusiyanı bölgədə tam hakim roluna gətirib çıxarır. Bu da Azərbaycanın birmənalı istədiyi məsələ deyil", - Altay Göyüşov bildirib.

Altay Göyüşov bildirib ki, o, ABŞ-dakı yeni Biden admistrasiyası dövründə geo-siyasi qarşıdurmaların daha da dərinləşəcəyini sezir.

2020-ci ilin ABŞ Prezident seçkiləri

Joe Biden öz rəqibi Donald Trump-ı məğlub edərək ABŞ prezidentliyi uğrunda yarışın qalibi olub.

Demokratların namizədi əsas döyüş meydanı sayılan Pennsylvania ştatında səslərin çoxunu qazanaraq qələbə üçün tələb olunan 270 səs həddini keçməyə müvəffəq olub.

ABŞ-da seçkilər başa çatandan sonra Prezident Donald Trump nəticələrdən narazılıq edib.

Daha sonra bu ilin yanvar ayının 6-da Trump tərəfdarları Washington-da parlamentin yerləşdiyi Kapitoli binasına hücum ediblər.

Hadisəyə görə Joe Biden-in ABŞ Prezidentliyi yarışındakı qələbəsinin elan olunacağ Konqresdəki iclas dayandırılmalı olub.

Donald Trump dörd ilə əvvəl ABŞ Prezidenti seçilib və bu dəfəki Prezidentin andiçmə mərasiminə qatılmayaraq uzun müddətdir ki, ABŞ-da mövcud olan bir ənənəni pozub.