Azərbaycan və Türkmənistan arasında buzları neft əridir, Paşinyan Şuşanı “erməni şəhəri saymadığı” üçün tənqid edilir

Şəklin mənbəyi, REUTERS
Ermənistan deputatları jurnalistin Paşinyanın Şuşa haqqında dedikləri barədə sualına cavab verməyərək otağı tərk ediblər. Bu gün Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Daxili İşlər Nazirliyi son günlər qurumun adından "icazəsiz istifadə edənlərin" çoxaldığını bildirib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Ermənistan parlamentinin deputatları jurnalistin Paşinyanın Şuşa haqqında dedikləri barədə sualına cavab verməyərək otağı tərk ediblər.
Ermənistan məbuatı yazır ki, cümə axşamı günü hakim "Mənim addımım" fraksiyasının deputatları Gevorq Papoyan, Nazeli Bağdasaryan və Suren Qriqoryan jurnalistin "Şuşanın kimə məxsus olması" ilə bağlı sualına cavab verməkdən imtina edərək brifinqi tərk ediblər.
- Şəhid İsmayıl İrapovun anası: "Elə bil ürəyimi çıxarıblar, yoxdu elə bil ürəyim"
- “Çoxları müharibənin əyləncə olduğunu düşünürdü" - Jirayr Libaridyan, Ermənistanın məğlubiyyəti və Qarabağın gələcəyi barədə
- "Azərbaycan bizim öz Elçibəyimiz olmasından istifadə etdi" - Vazgen Manukyan Paşinyan barədə deyib
Bu günlərdə Ermənistan hökumətinin parlamentdə keçirilən iclasında Baş nazir Nikol Paşinyan "Firavan Ermənistan" fraksiyasının üzvü Naira Zohrabyanın sualına cavab olaraq deyib ki, "bütün danışıqlar prosesində elə bir variant olmayıb ki, azərbaycanlı qaçqınlar Şuşaya qayıtmasınlar".
"Şuşanın isə münaqişədən, azad edildikdən əvvəl sakinlərinin 90 və daha çox faizi azərbaycanlılar olub. Yəni, siz demək istəyirsiniz ki, 90 və daha artıq faiz azərbaycanlı əhalisi olan Şuşa şəhəri həmin statusla erməni şəhəridir? Və bundan sonra da deyirsiniz: bəyan etmisən ki, Artsax Ermənistandır. Əgər siz hesab edirsiniz ki, Artsax Ermənistan deyil və sizin mövqeyiniz belədir, bu mövqeyinizi formalaşdırın və rəsmən ifadə edin", - Paşinyan deyib.
Ermənistan Baş nazirinin bu açıqlamaları ölkədə tənqid olunur.
Erməni jurnalist brifinqdə Baş nazirin açıqlamalarına istinadən onun partiyasından olan millət vəkillərindən "Şuşanın erməni şəhəri olmasına şübhələri varmı" deyə sual verib. Deputat Suren Qriqoryan sualın sonunu gözləmədən, Gevorq Papoyan, Nazeli Bağdasaryan isə sualı eşitdikdən sonra brifinqi tərk edib.
Azərbaycan-Ermənistan arasında sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanatla başa çatıb.
Şəklin mənbəyi, Presidency of Azerbaijan / Handout/Anadolu Agency
Azərbaycan və Türkmənistan arasında buzları neft əridir
Cümə axşamı günü Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib ki, bu gün Türkmənistan ilə Azərbaycan arasında "ənənəvi dostluq, qardaşlıq münasibətlərində çox əhəmiyyətli gündür".
O, bu sənədin enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın "möhkəmlənməsinə" və iki dövlətin "birgə potensialının üzə çıxarılmasına" yönəldiyini söyləyib.
Cənab Berdiməhəmmədov əlavə edib ki, Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının "ən mühüm istiqamətidir".
Prezident İlham Əliyev deyib ki, bu layihə iki ölkənin və qonşuların "enerji təhlükəsizliyinin möhkəmlənməsinə" şərait yaradacaq.
"Ona görə də mən bugünkü sənədi tarixi sənəd adlandırardım, çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək", - İlham Əliyev söyləyib.
Mübahisəli yataq
"Dostluq" yatağı onillərdir ki, Azərbaycan-Türkmənistan arasında mübahisəyə səbəb olub. Azərbaycan Türkmənistana yatağın birgə işlənməsini təklif etsə də, Türkmənistan bunu qəbul etməmişdi.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, Türkmənistan əldə olunan razılaşmanı "məcburiyyətdən" qəbul etsə də, sənəd "hər iki ölkənin xeyrinədir".
O, bu sənədin Azərbaycan-Türkmənistan münasibətlərin yaxşılaşmasına "təsir göstərəcəyini" düşünür.
"Son vaxtlar Türkmənistanda baş verən hadisələr belə bir addımın atılması ehtimalını artırmışdı. Əvvəllər Türkmənistan tərəfinin bəyanatı ondan ibarət idi ki, məsələ hüquqi tərəfini tapan kimi öz daxili resursları, investisiyaları hesabına yataqlarda işlərin görülməsinə başlayacaqlar. Görünən odur ki, daxili resurslar tükənib. Ölkənin sosial və iqtisadi vəziyyəti o qədər də ürəkaçan deyil. Ona görə də, bu, məcburiyyətdən doğan razılaşma idi. Həm də, son iki-üç ili götürsək, Avropa Birliyi Energetika Komissarlığının Türkmənistanla çox ciddi şəkildə danışıqlarının da şahidi olmuşuq. Çox güman ki, bunun da təsiri oldu".
Cənab Cəfərli düşünür ki, razılaşmanın əldə olunmasında xarici investorların Türkmənistandan "çəkinməsinin və orada işləməklə bağlı üzləşdikləri çətinliklərin" də payı var.
Onun sözlərinə görə, neft-qaz sahəsində çalışan xarici investorlar Azərbaycanda daha çox imkanlara malikdirlər.
"Azərbaycanda xarici investorlar digər sahələrdə problemlər yaşasa da, heç olmasa neft-qaz sahəsində problemsiz fəaliyyət göstərirlər, çünki istənilən müqavilə parlament tərəfindən təsdiqlənir və konstitusiyaya bərabər qüvvəyə malik olur. Hətta hökumət istəsə belə, o müqavilələri poza bilmir. İlkin müqavilə imzalanandan sonra investorların Azərbaycan tərəfindən cəlb olunması daha asan olacaq, çünki həm təcrübəmiz var, bu günədək böyük neft-qaz layihələri həyata keçirmişik, həm də xarici şirkətlər Azərbaycanda daha rahat işləmək mexanizmləri qurublar. Buna görə də, çox güman ki, layihəyə xarici investorlar da cəlb olunacaq və hər iki tərəfə sərf edən əsaslarla neft-qaz hasilatı haqqında ilkin addımlar atılacaq".
İqtisadçı söyləyir ki, ölkələr yataqları ayrı-ayrılıqda işləsəydilər, müxtəlif ərazilərdə qazma işlərinə ehtiyac olduğu üçün hər iki ölkə digərinin sərhədini pozmuş ola biləcəkdi.
Natiq Cəfərli düşünür ki, layihənin əsas maraqlı tərəflərindən biri yataqda həm də qaz resurslarının olma ehtimalıdır.
O deyir ki, yataqdan çıxarılacaq qazın Azərbaycana nəql olunması, buradan isə Bakı-Tbilisi-Ərzurum və TANAP-TAP layihələri vasitəsilə "Avropaya çatdırılması üçün imkanlar" var.
"Bu layihələrin buraxılış gücü illik 32-34 milyard kub metr qazdır. Azərbaycan isə, Avropa bazarına ən yaxşı halda 10 milyard kub metr qaz verə biləcək. Bu borulardan keçid həddi kifayət qədər geniş olduğu üçün onları əlavə qaz resursları ilə doldurmaq mümkündür".
Şəklin mənbəyi, Getty/ VYACHESLAV OSELEDKO
DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Qurum bildirib ki, nazirliyin adından icazəsiz istifadə etmək "məsuliyyət yaradır".
"Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır", - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
DİN qeyd edib ki, sözügedən səhifə və profillərdə polisin fəaliyyətinə dair "təhrif olunmuş yanlış məlumatlar" yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara "səhv cavablar" yazılır.
Qurum sosial şəbəkə istifadəçilərinə rəsmi səhifələri izləməyi, saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edib.
Şəklin mənbəyi, GIUSEPPE CACACE/AFP/Getty Images
"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
Liviyada 5 il həbs edilmiş Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar, Xarici İşlər Nazirliyi (XİN) bildirib.
Qurum açıqlayıb ki, 2016-cı ilin mart ayında Türkiyədə qeydiyyatda olan şirkətə məxsus olan və Syerra-Leone bayrağı altında üzən gəmi Liviya-Malta-Türkiyə istiqamətində hərəkət edən zaman Liviya sahil qüvvələri tərəfindən saxlanılıb və 3-ü Azərbaycan vətəndaşı olmaqla 12 nəfərdən ibarət gəmi heyəti "neft məhsullarının qaçaqmalçılığına görə" 5 il müddətinə həbs olunublar.
Məlumatda deyilir ki, gəmini matrosu Elşad Hüseynov Liviyada dünyasını dəyişib.
XİN açıqlayıb ki, gəmi kapitanı Elmixan Bağırov və matros Əliağa Babayev Liviya Baş Prokurorluğunun 29 dekabr 2020-ci il tarixli qərarı ilə həbsdən azad edilib və müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər.
Məlumatda bildirilir ki, sözügedən vətəndaşlar yanvarın 21-də Tripoli-İstanbul-Bakı reysi ilə Azərbaycana qayıdıb.
Şəklin mənbəyi, Azertag
Ötən il Azərbaycanda ən çox qeydə alınan xəstəliklər açıqlanıb
Ötən il Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib, Dövlət Statistika Komitəsi açıqlayıb.
Komitənin məlumatında deyilir ki, uşaqlara 11 xəstəliyə qarşı vaksin vurulması nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin "azalmasına", bəzilərinin isə "tam ləğv olunmasına" nail olunub.
Qurum Səhiyyə Nazirliyinə istinadən bildirib ki, ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca ilə (99,3 faiz), bruselyoz ilə (66,2 faiz), su çiçəyi ilə (60,2 faiz), skarlatina ilə (56,1 faiz), viruslu hepatit ilə (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu ilə (43,5 faiz), qonokokk infeksiyası ilə (41,1 faiz), ağciyər vərəmi ilə (33,5 faiz), sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb.
Şəklin mənbəyi, Reuters
Joe Biden işə Donald Trump-ın qərarlarını ləğv etməklə başlayıb
ABŞ-ın yeni Prezidenti Joe Biden andiçmə mərasimindən sonra keçmiş Prezident Donald Trump-ın bəzi siyasətlərini dəyişməyə başlayıb.
O, koronavirus böhranına federal reaksiyası, iqlim dəyişikliyi, immiqrasiya və digər məsələlər haqqında haqqında 15 əmr imzalayıb.
Joe Biden-in əmrinə görə, ölkə Trump Administrasiyası dövründə Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq yolunda başlanan prosesi dayandıracaq.
Yeni Prezident iqlim dəyişikliyinə qarşı mübarizəni rəhbərliyinin əsas prioritetinə çevirəcəyinə də söz vermişdi.
O, Trump-ın keçən il ABŞ-ı çıxardığı "2015-ci il Paris iqlim sazişi"-nə yenidən qoşulma prosesinə başlama qərarını imzalayıb.
Cənab Biden həmçinin Trump administrasiyasının Meksika sərhədi boyunca divarın inşasına maliyyələşdirməyə kömək edən və bəzi əksər müsəlman ölkələrə səyahət qadağanına son qoyan təcili bəyannaməsini ləğv edib.
Onun imzaladığı digər əmrlər isə, irq və cinsiyyət bərabərliyini əhatə edib.
Şəklin mənbəyi, KAREN MINASYAN/AFP via Getty Images
Ermənistan Qarabağda 3439 hərbçisinin öldüyünü bildirir
Ermənistan II Qarabağ Müharibəsində 3400-dən çox hərbçisinin öldüyünü bildirib.
Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan parlamentdəki müzakirələr zamanı deyib ki, "bu say çoxala bilər".
"Hazırda bizdə 3439 həlak olan şəxsin cəsədi var, onlardan 766 nəfərin kimliyi hələ ki, müəyyənləşdirilməyib. Həmçinin itkin düşənlər var. Mən son rəqəmləri səsləndirmək istəmirəm. Lakin həlak olanların sayı 4 mindən çox olmayacaq", - Tass Tiqran Avinyana istinadən yazır.
- Azərbaycan “30 ildir ki, mövqeyini yaxşı izah etdi, Ermənistan isə yox”, erməni mediası Azərbaycan-Ermənistan sərhədi barədə
- Qazilər: “Azərbaycan xalqından gördüyümüz qayğını dövlətimizdən görmək istəyirik"
- Başqalarına yardım edərkən özünü ölümə atan Niftalının anası: "Qəbrinə getmirəm, öldüyünə inanmıram"
Hazırda Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında ölən hərbçilərin cəsədlərinin axtarıldığı bildirilir.
Azərbaycan indiyədək müharibədə həlak olmuş 2855 hərbçinin dəfn edildiyini, 50 nəfərin itkin düşdüyünü bildirib.