Azərbaycanda iki Covid-19 vaksininin birgə tətbiqi araşdırılacaq

GETTY IMAGES Sputnik-V AstraZeneca vaksinləri kliniki tədqiqat birgə tətbiq

Şəklin mənbəyi, Getty Images

Səhiyyə Nazirliyi "Sputnik V" və "AstraZeneca"/Oksford vaksininin birgə tətbiqinin araşdırılmasına icazə verib, Məişət Kondisioneri Zavodunun yataqxanasının sakinləri evlərinin sökülməsinə etiraz edirlər, Britaniyalı nazir İlham Əliyevlə görüşü barədə, Baş Prokurorluq noyabrın 10-dan indiyədək minaya düşənlərin sayını açıqlayıb, Tanınmamış "DQR" Qarabağ ərazisinə giriş üçün yenilənmiş proseduru açıqlayıb, İstanbulda fırtına bəzi binalara zərər vurub, Azərbaycan XİN başçısı ABŞ rəsmisi ilə Qarabağa dair üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə edib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Azərbaycanda "Sputnik V" və "AstraZeneca" şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinlərin birgə tətbiqi üçün kliniki tədqiqatlar aparılacaq.

Bu, Azərbaycan Səhiyyə Nazirliyinin (SN) bazar ertəsi günü verdiyi icazə ilə mümkün olub.

Qurum bildirib ki, sözügedən tədqiqatların bu ilin fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.

Səhiyyə Nazirliyi bundan əvvəl Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), "AstraZeneca" şirkəti və "R-Pharm" Şirkətlər Qrupu koronavirus vaksininin hazırlanması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabrında əməkdaşlıq haqqında birgə memorandum imzalandığını açıqlayıb.

"Dünyada vaksinlərin ilk birgə tətbiqinin 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirildiyi bildirilir," - məlumatda deyilir.

SN açıqlayıb ki, tədqiqatlar "Sputnik V"-nin və Oksford Universiteti ilə birgə "AstraZeneca" şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur".

Nazirlik tədqiqat proqramının bir neçə ölkədə 6 ay davam edəcəyini və tədqiqatların aparılmasına hər ölkədən 100 könüllünün cəlb edilməsinin planlaşdırıldığını açıqlayıb.

"Sputnik V" vaksini

"Sputnik V" vaksininin səmərəliliyi 90 faizdən çox olduğu bildirilir. Bununla belə preparat xəstəliyin ağır hallarına qarşı tam müdafiəni təmin edir. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız "Sputnik V" iki müxtəlif vektor texnologiyasına malikdir.

"AstraZeneca" şirkətinin vaksini

Vaksin "Vaccitech" şirkəti ilə birlikdə Oksford Universiteti tərəfindən hazırlanıb.

Oxford peyvəndi şimpanzeləri yoluxdurmaq üçün istifadə olunan genetik cəhətdən dəyişdirilmiş ümumi soyuq virusdur. Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, Covid-19 simptomlarını inkişaf etdirən insanlarda xəstəliyi dayandırmaqda yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər.

Məişət Kondisioneri Zavodunun yataqxanasının sakinləri evlərinin sökülməsinə etiraz edir

Bakı Məişət Kondisioneri Zavodunun yataqxanasında 30-dan çox ailə evlərinin sökülməsinə etiraz edir, BBC News Azərbaycancanın hadisə yerində olan müxbiri xəbər verir.

Binanın sakinləri bildiriblər ki, hazırda içəridə adamlar ola-ola binanı sökürlər.

Onlar deyirlər ki, dünəndən binada işıq və qaz verilişi dayandırılıb.

"Bəzi eyvanlardan sakinlər görünsə də binanın başına ekskavator qaldırıb, içəridə adamlar ola-ola sökürlər. Adamlar əşyalarını çıxara bilmədiklərini söyləyirlər," - müxbirimiz bildirir.

Xətai Rayon İcra Hakimiyyətindən BBC News Azərbaycancaya bildiriblər ki, bina qəzalı vəziyyətdədir, ona görə sökülür.

"Razılaşdırılmalar aparılır. Bu şəxslərə kirayə pulu ödəniləcək," - qurumdan bildirilib.

Etiraz edən sakinlər yeni evlərin verilməsi üçün "ədalətli bölgünün aparılmadığını iddia edirlər".

"Azərbaycanın bərpa olunan enerjiyə keçidini dəstəkləməyə hazırıq" - Wendy Morton

Şəklin mənbəyi, wendymorton.co.uk

"Bu gün sıx əlaqələrimiz və Qafqaz regionunda sülh və sabitlik üçün sülh və sabitlik üçün ortaq öhdəliyimizi təsdiqləmək üçün Prezident İlham Əliyevlə görüşməkdən məmnun oldum".

Bu barədə Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton öz Twitter hesabında yazıb.

"Ölkələrimiz köhnə enerji tərəfdaşlarıdır və biz Azərbaycanın bərpa olunan enerjiyə keçidini dəstəkləməyə hazırıq," - Britaniyalı nazir vurğulayıb.

Baş Prokurorluq noyabrın 10-dan indiyədək minaya düşənlərin sayını açıqlayıb

Şəklin mənbəyi, AZƏRTAC

Noyabrın 10-dan indiyədək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, Baş Prokurorluq bu barədə məlumat yayıb.

Qurum həmçinin bildirib ki, minaya düşmə nəticəsində 52 hərbi qulluqçu və 8 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qurum "dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktlarının hələ də baş verdiyini" bildirir.

Baş Prokurorluq azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş "ən ciddi tədbirlərin" görülməsinin təmin ediləcəyini açıqlayıb.

Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ Müharibəsi sentyabrın 27-də başlayıb, noyabrın 10-da hər iki ölkə liderləri İlham Əliyev və Nikol Paşinyan, eləcə də Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli bəyanat imzalanması nəticəsində başa çatıb.

Tanınmamış "DQR" Qarabağ ərazisinə giriş üçün yenilənmiş proseduru açıqlayıb

Şəklin mənbəyi, AFP

Tanınmamış "Dağlıq Qarabağ Respublikası" Qarabağ ərazisinə giriş üçün yenilənmiş prosedur açıqlayıb, Ermənistanın News.am sayt yazır.

Xəbərdə deyilir ki, qurumun açıqlamasında "təhlükəsizlik səbəbləri ilə əlaqədar xarici vətəndaşlar Qarabağa girmək üçün əvvəlcədən müraciət etməlidirlər".

"Bu prosedur həm viza rejiminin qüvvədə olduğu ölkələrin vətəndaşlarına, həm də vizasız rejimin tətbiq olunduğu ölkələrin vətəndaşlarına aiddir," qondarma rejimin açıqlamasında deyilir.

Həmçinin məlumatda o da bildirilir ki, istəklər barədə məlumatlar təhlükəsizlik məsələləri nəzərə alınaraq Rusiya sülhməramlı qüvvələrinə də çatdırılır.

"Müraciətlər təsdiqləndikdən sonra müraciət edən xarici vətəndaşlar Artsax Respublikasının Yerevandakı daimi nümayəndəliyində viza alacaqlar, bundan sonra Artsaxa gələ bilərlər. Vaxtına gəldikdə, mexanizmin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Giriş icazəsi 3-4 iş günü ərzində veriləcək. Əlbəttə ki, bəzən proses daha uzun çəkə bilər və xarici dövlətin vətəndaşı bu barədə məlumatlandırılacaq," məlumatda izah olunur.

Xəbərdə həmçinin vurğulanır ki, hazırda sözügedən "mexanizm icra mərhələsindədir".

Son bir neçə gündə bir neçə xarici KİV və beynəlxalq təşkilatın nümayəndələri "bu prosedura uyğun olaraq" Qarabağa daxil ola biliblər.

Azərbaycan hökuməti indiyədək dəfələrlə bütün xarici ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırıb.

Qurum hər çağırışda bildirib ki, "Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan yuxarıda qeyd edilmiş ərazilərə hər hansı səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulması hesab edilir".

İstanbulda güclü fırtına damları uçurub, bəzi eyvanları çökdürüb

Şəklin mənbəyi, DHA

İstanbulda baş vermiş fırtına şəhərin müxtəlif yerlərində binaların damını yollara və maşınların üstünə uçurdub. Həmçinin güclü küləyin köprü ilə hərəkət edən motosikletləri aşırdığı müşahidə olunub.

Şəhərin Sultangazi adlanan ərazisində gecə saatlarından şiddətli külək beş mərtəbəli bir binanın damını qopardaraq, qarşıdakı binaya çırpıb.

Həm gecə olması, həm də küçəyə çıxma qadağası olduğuna görə, yaralanan və ya ölənlərin olmadığı bildirilir. Lakin bir sıra yaşayış binalarına ciddi zərər dəyib.

Esenler adlı ərazidə şiddətli fırtına iki müxtəlif ünvanda yaşayış binasının eyvanın çökdürüb.

Rəsmilərin Qarabağa dair üçtərəfli bəyanatların icrası ilə bağlı müzakirəsi

Şəklin mənbəyi, Azərbaycan XİN

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Philip Reekerlə telefonla bölgədə mövcud olan cari vəziyyəti müzakirə edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurum tərəflərin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə etdiyini bildirib.

"Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb," məlumatda deyilir.

Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ Müharibəsi sentyabrın 27-də başlayıb, noyabrın 10-da hər iki ölkə liderləri və Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli bəyanat imzalanıb.

Bəyanata əsasən, Azərbaycanın bir sıra əraziləri geri qaytarılıb. Qarabağa rus sülhməramlısı yerləşib, bölgədə Rus-Türk Birgə Müşahidə Mərkəzi yaradılıb.