İlham Əliyev "regionu birləşdirən dəmir yolu xəttindən" danışıb, Ukraynadan Azərbaycana müntəzəm aviareyslər gələn aydan bərpa edilir

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Ukraynadan Azərbaycana müntəzəm aviareyslər gələn aydan bərpa edilir, "AZAL" və "Buta Airways" sərhədlərin açılmağını gözləyir, Vaksin insanda azı 1 il immunitet yaradır - TƏBİB, Bu gündən bəzi bölgələrdə V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olunur.

Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olublar.

İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş bütün torpaqlarda su, Günəş və külək enerjisindən istifadə ediləcək.

Onun sözlərinə görə, işğaldan azad olunmuş bölgələrdə yaradılacaq "ağıllı kənd" layihəsinin birincisi Zəngilanın Ağalı kəndində icra olunacaq və ilk olaraq bu kənd bərpa olunacaq.

Elektrik enerjisinin inkişafı

Cənab Əliyev deyib ki, "Azərişıq" və "Azərenerji" Şuşa şəhərində elektrik xətləri çəkir və orada və elektrik yarımstansiyası inşa edir.

Prezident bildirib ki, Laçın rayonunun Güləbir kəndində tikilən 8 meqavatlıq Su Elektrik Stansiyası işə düşəndən sonra Həkəri çayından "səmərəli şəkildə istifadə ediləcək".

İlham Əliyev söyləyib ki, Kəlbəcər rayonunun ərazisində tikiləcək 12 su elektrik stansiyasının bəziləri barədə İranla razılığa gəlinib.

"Onların arasında ən böyük potensiala "Xudafərin" və "Qız qalası" su elektrik stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir neçə ildən sonra 120 meqavat "Xudafərin" və "Qız qalası" stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır", - İlham Əliyev bildirib.

Prezident deyib ki, azad edilmiş torpaqlar "yaşıl enerji" zonası olacaq və o, bununla bağlı artıq "xarici və yerli investorları dəvət edib".

Regionu birləşdirən dəmir yolu xətti

Video açılmırsa YouTube-dan izləyin.

İlham Əliyev Füzuli rayonunda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyatına töhfə verən Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.

"Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək".

Prezident deyib ki, bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.

O bildirib ki, bu dəmiryolu Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər.

Bundan başqa, cənab Əliyev Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə, İran ilə Ermənistan arasında və Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacağını qeyd edib.

Şəklin mənbəyi, STR/NurPhoto/Getty Images

Ukraynadan Azərbaycana müntəzəm aviareyslər gələn aydan bərpa edilir, "AZAL" və "Buta Airways" sərhədlərin açılmağını gözləyir

"Ukrayna Beynəlxalq Hava Yolları" şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edəcək.

Şirkət martın 28-dən başlayaraq əvvəlki uçuş marşrutlarını tədricən bərpa etməyi planlaşdırdığını açıqlayıb.

Məlumatda bildirilir ki, həmin tarixdən Kiyevdən Bakı, Tbilisi, Yerevan, London, İstanbul, və digər istiqamətlərə uçuşlar bərpa olunacaq.

Azərbaycan Hava Yollarının (AZAL) sözçüsü Paşa Kəsəmənski BBC News Azərbaycancaya deyib ki, "AZAL və Buta şirkətlərinin müntəzəm uçuşlarının bərpası üçün sərhədlərin açılması lazımdır, buna isə Nazirlər Kabineti qərar verəcək".

Hazırda pandemiya ilə əlaqədar Bakıdan bir neçə istiqamətə uçuşlar xüsusi reyslər vasitəsilə həyata keçirilir.

BBC News Azərbaycancanın Nazirlər Kabineti ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Nazirlər Kabineti sərhədlərin müntəzəm uçuşlara açılması barədə hələlik hər hansı açıqlama verməyib.

Şəklin mənbəyi, Eren Bozkurt/Anadolu Agency/Getty Images

Vaksin insanda azı 1 il immunitet yaradır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa qarşı vaksinin yaratdığı immunitet barədə açıqlama verib.

"İnsanda yaratdığı immunitetin müddəti minimum 1 il, maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib", - TƏBİB-in məlumatında deyilir.

Qurum qeyd edib ki, Türkiyədə aparılan tədqiqatların nəticəsinə görə, vaksinin effektivliyi 92 faizdir.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya kampaniyasınına yanvarın 18-dən başlanılıb.

Ölkədə hazırda Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksini vurulur, lakin digər peyvəndlərlə də iş davam etdirilir.

Şəklin mənbəyi, Təhsil Nazirliyi

Bakı, Sumqayıt və Abşeronda bəzi siniflər üzrə ənənəvi tədris qismən bərpa olunur, uşaq bağçaları açılır

Təhsil Nazirliyi açıqlayıb ki, bu gün Bakı üzrə 225.692 nəfər, Sumqayıt üzrə 27.675 nəfər, Abşeron üzrə isə 29.216 nəfər V-IX sinif şagirdi məktəbə gedir.

Qurum bildirib ki, sözügedən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, I-IV siniflərdə həftədə 3 dəfə, V-IX siniflərdə həftədə 2 dəfə olmaqla ənənəvi şəkildə təşkil ediləcək. Xüsusi məktəblərdə isə I-IX siniflər üzrə tədris həftədə 5 dəfə olmaqla bərpa edilir.

Bu gündən uşaq bağçalarının da fəaliyyəti bərpa olunur.

Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda 8 fevral tarixindən V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olunub. Ölkə üzrə ibtidai siniflər və məktəbəhazırlıq üçün ənənəvi tədris isə 1 fevral tarixindən qismən davam etdirilir.