Erdoğan və Ruhani arasında telefon danışığı; Britaniyada Covid-19-un yayılma sürəti azalıb; ABŞ-da Boeing 777-nin mühərriki alışıb

Ruhani və Erdoğan

Şəklin mənbəyi, Reuters

Türkiyə və İran prezidentləri telefon danışıgı zamanı regional əməkdaşlıq məsələlərini müzakirə ediblər; Britaniyada peyvənd olunanlar arasında Covid-19-un yayılma sürəti azalır, britaniyalı nazir bildirib, ABŞ-da mühərriki alovlanmış Boeing 777 sərnişin təyyarəsi sağ-salamat eniş edə bilib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Erdoğan Ruhani ilə regional əməkdaşlıq məsələlərini müzakirə edib

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və İran Prezidenti Həsən Ruhani bazar günü axşam baş tutmuş telefon danışığı zamanı iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələlərini və regiondakı prosesləri müzakirə ediblər.

Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumata əsasən, Prezident Erdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsinə dair iradəni dəstəkləтdiyini bildirib.

ABŞ-ın yeni administrasiyasının İrana qarşı sanksiyalardan imtina etməsini istədiklərini deyən Prezident Erdoğan, son günlərdə bu mövzuda edilən açıqlamaların yeni bir fürsət pəncərəsi açdığını vurğulayıb.

Prezident Erdoğan Hərtərəfli Birgə Fəaliyyət Planının (İranla "5+1" qrupu arasında 2015-ci ildə imzalanmış nüvə sövdələşməsi) yenidən işlək hala gətirilməsini ən məqbul hərəkət tərzi olduğunu və bütün çətinliklərə baxmayaraq dialoq qapısının açıq saxlanmasının vacibliyini qeyd edib.

Britaniyada peyvənd olunanlar arasında Covid-19-un yayılma sürəti azalır

Şəklin mənbəyi, Reuters

Britaniyada Covid-19 peyvəndi vurulmuş insanlar arasında koronavirusun yoluxma sürəti "erkən məlumatlara görə," azalmaqdadır, ölkənin Səhiyyə naziri Matt Hancock bildirib.

Matt Hancock qeyd edib ki, xəstəxanalara müraciətlərin sayı pandemiyanın ilk dalğasından fərqli olaraq "kəskin dərəcədə" aşağıdır.

Səhiyyə nazirinin sözlərinə görə, hökumətin qarşısına qoyduğu hədəf iyul ayının sonuna qədər Britaniyada bütün yetkin vətəndaşlara Govid-19-a qarşı ilk peyvənd dozasının vurulmasını təklif etmək, hər üç nəfərdən birinin isə tam vaksinasiya olunmaq, yəni ikinci peyvənd dozasını vurmaq imkanını təmin etməkdir.

Baş nazir Boris Johnson, İngiltərədə karantin rejiminin sona yetməsinə dair planını bazar ertəsi günü açıqlayacaq.

Fevralın 22-də həmin planı parlamentə təqdim etməkdən əvvəl Baş nazir sənədi hökümətin iclasında sonuncu dəfə müzakirədən keçirəcək.

Britaniyada Covid-19-a qarşı vaksinasiya kampaniyası dekabr ayından başlayıb. Bu günə qədər 17 milyondan çox insan ilk vaksinasiya dozasını alıb, ikinci doza alanların sayı isə hələlik 600-dən bir qədər çoxdur.

ABŞ-da mühərriki alovlanan Boeing 777 sağ-salamat eniş edə bilib

Şəklin mənbəyi, HAYDEN SMITH/@SPEEDBIRD5280/REUTERS

ABŞ-ın Denver şəhərindən yola çıxmış Denver - Honolulu reysini həyata keçirən Boeing 777 sərnişin təyyarəsinin havaya qalxdıqdan sonra sağ mühərriki alovlanıb.

Mühərrikin alovlanması cihazın üst örtüyünün dağılmasından sonra başlayıb.

Mühərrikin dağılmış örtüyünün parçaları yaşayış sahəsinin üzərinə düşüb.

Təyyarədə və ya yerdə heç kimin xəsarət almadığı bildirilir.

Təyyarədə 231 sərnişin və 10 ekipaj üzvü olub.

Mühərrik alovlandıqdan sonra təyyarə geri qayıdıb və Denver şəhərinin aeroportunda sağ-salamat eniş bilib. Zərərçəkənlər barədə xəbər verilməyib.

Hadisə United Airlines şirkətinin Boeing 777 sərnişin təyyarəsinin Denver - Honolulu reysini həyata keçirirkən baş verib.

ABŞ Federal Aviasiya İdarəsi təyyarənin sağ mühərrikinin sıradan çıxdığını bildirib.

Şəklin mənbəyi, BROOMFIELD PD