Mehriban Əliyevanın yeni vəzifəsi: “İndi YAP birbaşa ailəyə bağlandı”

Mehriban Əliyeva vitse-prezident YAP sədrinin birinci müavini

Şəklin mənbəyi, mehriban-aliyeva.az

Bu gün Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilib.

Prezident İlham Əliyev yenidən partiyanın sədri seçilib.

Yerli mətbuat yazır ki, partiyanın Siyasi Şurası ləğv olunub, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib.

Bu qurultay həm də YAP sədrinin I müavini postunun yaradılması ilə yadda qaldı. YAP sədrinin I müavini postuna Prezident İlham Əliyevin əmri ilə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva təyin olunub.

Turan İnformasiya Agentliyinin rəhbəri, siyasi təhlilçi Mehman Əliyev hesab edir ki, YAP-ın ictimai-siyasi partiya kimi təsiri yoxdur, o sadəcə hakimiyyətin maraqlarını təmin edir və ictimai qurum kimi hakimiyyətə lazımdır.

O deyir ki, YAP-dan seçkilərə getmək və seçkidə iştirak etmək üçün istifadə olunur…

"Onun üzvləri formaldır. Səsləri eşidilmir. Onlarla məsləhətləşmələr aparılmır," - cənab Əliyev deyir.

Yeni Azərbaycan Partiyasını Sovet İttifqının Kommunist Partiyası ilə müqayisə edən Mehman Əliyev iddia edir ki, Kommunist partiyası YAP-a nəzərən "daha demokratik olub".

Qurultdaydan sonra diqqəti çəkən məsələlərdən birinin bəzi şəxslərin partiyadan kənarlaşdırılmasının olduğunu deyən Mehman Əliyevin fikrincə bu, "olmalı idi".

"Bu tipli qərarlar verilməli idi. Çünki bu adamlar artıq rəhbər vəzifədə çalışmırdılar. Siz fikir verin, bu adamlar artıq rəhbər vəzifədə yoxdursa, deməli partiyadan da getməlidir. Yəni, məsələ birinci icra orqanında həll olunur, daha sonra partiyada. Bu, partiyanın demək olar ki, hər hansı gücə malik olmamasının bir nümunəsidir".

Yeni Azərbaycan Partiyası ilə Kommunist Partiyasını bir daha müqayisə edən Mehman Əliyev deyir ki, "əgər orda bir nəfəri əvvəl partiyadan çıxarırdılarsa, burada əksinədir".

Partiyanın quruluşundakı dəyişiklərə toxunan təhlilçi deyir ki, bununla partiyanın mövcud kollegiyal görüntüsü də aradan qaldırılıb.

"İndi birbaşa bağlandı ailəyə. Yəni, tandemə - İlham Əliyev və Mehriban Əliyevaya bağlandı.. Belə deyək ali hakimiyyətdən daha da asılı vəziyətə düşdü. Əvvəllər heç olmasa bir görüntü var idi, indi o görüntü də getdi".

Məlumata görə, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin əmri ilə Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Partiyanın VI qurultayına qədər partiyanın sədr müavinləri Mehriban Əliyeva, Əli Əhmədov, Əli Həsənov və Akif Əlizadə olub.

YAP Siyasi Şurasının 84 üzvü olub. Onların arasında keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, sabiq parlament spikeri Oqtay Əsədov, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq deputat Hadı Rəcəbli və başqa vəzifələrindən uzaqlaşdırılmış şəxslər təmsil olunub.

Report YAP-ın İdarə Heyətinə istinadən yazır ki, İdarə Heyətinin keçmiş üzvləri - Prezidentin keçmiş köməkçisi Əli Həsənov və millət vəkili Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

Bu günədək partiyanın Siyasi Şurasının üzvü olan AMEA rəhbəri Ramiz Mehdiyev isə yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Bundan başqa, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına qoşulub.

Partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.

Bu günün digər xəbərləri

Şəklin mənbəyi, TR.PALMALI.COM.TR

Mübariz Mənsimov şərti azadlığa buraxılıb

Cümə günü azərbaycanlı iş adamı Mübariz Mənsimov şərti azadlığa buraxılıb. O, İstanbulun Ədalət Məhkəməsində mühakimə olunur.

Keçirilən prosesdə elan olunan qərara əsasən, Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Bir neçə gün əvvəl İstanbul Cümhuriyyət Prokurorluğu Mübariz Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət vermişdi.

Hazırda məhkəmənin keçirildiyi İstanbul Ədalət Məhkəməsi qarşısına toplaşan bəzi azərbaycanlılar onun azadlığa çıxmasına sevinirlər.

Mübariz Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

O bu ittihamları rədd edir.

Şəklin mənbəyi, Dövlət İmtahan Mərkəzi

Buraxılış imtahanı sadələşdirilib

9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı sadələşdirilib, Dövlət İmtahan Mərkəzi açıqlayıb.

DİM bildirib ki, yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar olmayacaq.

İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq, -Mərkəzin məlumatında deyilir.

Yeni imtahan modeli aşağıdakı kimidir:

Şəklin mənbəyi, Dövlət İmtahan Mərkəzi

Qurum yaxın vaxtlarda otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanının keçiriləcəyini bildirib.

Dövlət İmtahan Mərkəzi pandemiya və müharibə dövründə bəzi bölgələrdə təlim-tədris prosesində fasilələr yarandığını, buna görə də Təhsil Nazirliyi ilə razılıq əsasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün Nazirlər Kabinetinə müraciət edildiyini bildirib.

Şəklin mənbəyi, Getty Images

Azərbaycan neft hasilatı üzrə kvotaların davam etdirilməsini istəyib

Azərbaycan "OPEC plus" ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib.

"Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. "OPEC plus" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barrel təşkil edəcək", - Energetika Nazirliyinin məlumatında deyilir.

Nazirlik bildirib ki, energetika naziri Pərviz Şahbazov "əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarının nisbətən balanslaşdığını, lakin hələ də risklərin aradan qalxmadığını" söyləyib və əlavə edib ki, tənzimləmə prosesinə "ehtiyatlı yanaşma öz aktuallığını saxlayır".

"Hazırkı qiymət artımını neftə təlabat göstəricilərindən çox movcud qlobal konyuktura şərtləndirir. Neftin bahalaşması tələbatla əlaqəli olduqda, fundamental faktorlara əsaslandıqda dayanıqlı olur. Bu aspektdə bazardakı real vəziyyətə uyğun optimal addım hasilata korreksiyaları bir qədər təxirə salmaqdır", - Pərviz Şahbazov deyib.

OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 milyon barrel artırılması, "OPEC plus" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 milyon barrelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə "OPEC plus" ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel azaldılmasına qərar verilmişdir.

Şəklin mənbəyi, DHA

Türkiyədə qəza

Türkiyədə vertolyot qəzası nəticəsində 11 hərbçi ölüb, ikisi yaralanıb.

Hadisə vertolyot cümə axşamı günü Bilgöl şəhərindən Bitlisə yola düşərkən baş verib. Hərbi vertolyot qəza nəticəsində Bitlis şəhərinə düşüb.

Türkiyənin Milli Müdafiə Nazirliyi Hulusi Akar açıqlamasında bildirib ki, ilk məlumatlara və hadisə şahidlərinin ifadələrinə görə, hadisənin "qəfil dəyişən pis hava şərtlərinə görə" baş verdiyi düşünülür. O, məsələ ilə bağlı dəqiq və ətraflı araşdırmanın aparılacağını söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənov Türkiyəyə başsağlığı verib.