Biden: Türkiyənin İstanbul Konvensiyasından çıxması "məyusedicidir"; Moskva Qarabağda üzümçülük işlərinin aparılmasına kömək edir

Üzüm plantasiyası

Şəklin mənbəyi, RUSİYA MÜDAFİƏ NAZİRLİYİ

Rusiya hərbiyyəsi Dağlıq Qarabağda üzüm becərilməsinə kömək edir; ABŞ prezidenti Türkiyənin İstanbul Konvensiyasından çıxmasını "məyusedici" adlandırıb; Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı indiyədək 482664 nəfər vaksinasiya olunub - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Rusiya hərbiyyəsi Qarabağda üzümçülük işlərinin aparılmasına kömək edir

Rusiya Müdafiə Nazirliyi "Dağlıq Qarabağda bu ilin əkinçilik mövsümünə hazırlıq məqsədilə" Rusiya hərbi kontingentinin kənd təsərrüfatı işlərinin təhlükəsiz şəraitdə aparılmasını təmin etməyə başladığını bildirib.

"Fermerlər Dağlıq Qarabağdakı təmas xəttində yerləşən ərazidə işlərə başlayıblar," - məlumatda deyilib.

"İndi mövsümə hazırlaşmaq üçün yaz işləri aparılır. Rus sülhməramlıları bu cür işlərin koordinasiyasını və həyata keçirilməsini təmin edirlər. İşlərin aparıldığı ərazilərdə vəziyyət sakitdir, tərəflər arasında qarşılıqlı anlaşma əldə olunub," - Rusiya hərbi kontingentinin Dağlıq Qarabağdakı rəsmi nümayəndəsi Dmitri Perepyolkin deyib.

"Regionun üzümçüləri havalar istiləşəndən bəri ilk dəfə olaraq üzüm sahələrində lazımi işlər aparmağa başlayıblar," - rusiyalı zabit qeyd edib.

Şəklin mənbəyi, Reuters

ABŞ prezidenti Türkiyənin İstanbul Konvensiyasından çıxmasını "məyusedici" adlandırıb; Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı indiyədək 482664 nəfər vaksinasiya olunub - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Biden: Türkiyənin İstanbul Konvensiyasından çıxması "məyusedicidir"

ABŞ Prezidenti Joe Biden Türkiyənin İstanbul Konvensiyasından çıxmasının "məyusedici" olduğunu bildirib.

Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" İstanbul Konvensiyası 2011-ci ildə Avropa Şurası Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında ölkələrin qoşulması üçün açıq elan olunub.

Türkiyə bu Konvensiyanı ratifikasiya edən ilk ölkədir.

"Ölkələr qadınlara qarşı şiddətə son verəcəkləri vədlərini gücləndirmək və yeniləmək üçün birlikdə çalışmalıdırlar; qadınları qoruyan və şiddət istifadə edənləri məsuliyyətə cəlb edən beynəlxalq müqavilələrdən çəkilməməlidirlər," - ABŞ Prezidenti Joe Biden Türkiyənin bu Konvensiyanı tərk etməsi ilə bağlı yazdığı açıqlamasında bildirib.

Joe Biden qeyd edib ki, İstanbul Konvensiyasına ilk imza atan Türkiyənin bu müqavilədən çıxması "dərin məyusluq" hissi yaradır.

Türkiyənin İstanbul Konvensiyasından geri çəkilməsini o, qadınlara qarşı şiddətə son qoymaq uğrunda aparılan beynəlxalq hərəkat üçün "geriyə doğru atılan bir addım" adlandırıb.

Türkiyənin İstanbul Konvensiyasını tərk etməsi barədə Prezident Recep Tayyib Erdoğanın sərəncamı Resmi Gazete nəşrində cümə günü dərc olunub.

Ölkənin bir sıra qadın və hüquq müdafiəsi təşkilatları, bəzi vəkillər bu qərara qarşı etirazlarını bildiriblər.

Türkiyə rəsmiləri ölkənin İstanbul konvensiyasından çıxmasını qadınların hüquqlarının qorunmasının bundan sonra "milli qanunvericiliyə, milli adət və ənənələrə əsaslanaraq həyata keçiriləcəyini" bildiriblər.

Azərbaycanda Covid-19-a qarşı indiyədək 482664 nəfər vaksinasiya olunub

Şəklin mənbəyi, Getty Images/Aziz Karimov

Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 12283 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 21-də yaydığı məlumatına əsasən, hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 482664 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya çərçivəsində görülən tədbirlərin Azərbaycanın bütün rayonlarında davam etdirildiyi məlumatda qeyd olunub.