Məktəbli qızlar niyə intihar edib? Ata danışır

Video açılmırsa YouTube-dan izləyin.

Bakıda martın 9-da iki yeniyetmə məktəblinin intihar etməsi iddiaları onların sakini olduğu Qobu qəsəbəsinin camaatını şoka salıb.

Çərşənbə axşamı Lökbatanda 9 mərtəbəli binanın damından düşüb ölən qızların hər ikisi onları tanıyanlar üçün təhsil almaq istəyən, həyatsevər uşaqlar olub.

İntihar etdyi iddia olunanlardan biri Mətanət Quliyevanın ailəsi intihar məsələsini heç cür qəbul etməyib.

Onun atası Elşən Quliyev deyib ki, Mətanətin intihar etməsinə heç bir səbəb görmür: nə maddi, nə psixoloji, nə də fiziki. Elşən Quliyev ehtimal edib ki, yeniyetmələr binanın damına foto çəkdirmək üçün çıxıblar və bu zaman biri yıxılarkən digəri onu tutmağa çalışıb.

Mətanətin qohumları deyiblər ki, martın 8-də yaxın adamlar bir yerə yığışıblar, deyib-gülüb oynayıblar, hətta Mətanət onlar üçün "DJ-lik" edib. Fevralın 14-də isə onun ad günü olub, qohumlarının sözlərinə görə, şən bir ad günü məclisi keçiriblər, sinif yoldaşları da gəlibmiş.

Mətanətin anası BBC News Azərbaycancanın müxbirinə deyib ki, qızı onunla birlikdə həlak olan Əfruz Səmədova ilə mehriban rəfiqə olublar, bir yerdə hazırlığa gediblər.

Mətanətin ailəsi, müəllimləri Əfruzun rəssamlıq etdiyini, ali təhsilə də bu yöndə hazırlaşdığını söyləyiblər. Əfruz Səmədovanın iki rəsm əsəri həyata bir yerdə son verdiyi Mətanətdə olub. Digər 3-ü isə oxuduğu məktəbdə.

Qızların təhsil aldğı 2 saylı Qobu qəsəbəsi orta məktəbin 11-ci sinfində onların sinif rəhbəri olan Səmayə Hüseynova eşitdiyi hadisənin ağır təsiri altında olduğunu bildirib.

O, rəhbərlik etdiyi sinifdən, xüsusilə bu iki qızdan ali məktəbə qəbulla bağlı yüksək nəticə gözlədiyi halda belə bir hadisə ilə üzləşib. Əfruz Səmədovanın ailəsi müsahibə vermək istəməyib.

Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi BBC News Azərbaycancanın suallarını cavablandırmaqdan imtina edib.

Qobuda söhbət etdiyimiz sakinlər qəsəbədə qızların təhsilinə böyük əhəmiyyət verildiyini, dini fanatizmin olmadığını deyiblər, iki məktəblinin hadisəsini izah etməkdə çətinlik çəkiblər.

Məktəbli qızların intiharı ilə bağlı cinayət işi açılıb, Baş Prokurorluq açıqlayıb.

Çərşənbə axşamı günü Qaradağ rayonu Lökbatan qəsəbəsində 16 və 17 yaşlarında olduğu deyilən iki məktəbli qız intihar edib.

Baş Prokurorluq bildirib ki, hadisə ilə bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanılıb.

Təhsil naziri Emin Əmrullayev Facebook hesabından yazıb ki, həmin qızlar Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin şagirdləri olub.

Azərbaycanda son dövrlərdə intiharların, xüsusilə azyaşlıların intihar halları artıb.

Dövlət Statistika Komitəsindən BBC News Azərbaycancaya deyiblər ki, onlarda "intihar hadisələri üzrə statistik məlumatlar yoxdur".

Bundan əvvəl isə 20 yaşlı universitet tələbəsi Sevil Atakişiyeva özünü binanın 20-ci mərtəbəsindən atmışdı. Ona aid olduğu iddia edilən və sosial mediada yayılan mesajlarda o, ailəsində təzyiqlə üzləşdiyini, hətta vaxtaşırı anası və atası tərəfindən fiziki işgəncəyə məruz qaldığından bəhs edirdi. Ailəsi bu iddiaları təkzib etmişdi.

Bu ərəfədə Sumqayıtda 20, Mingəçevirdə 29 yaşlı qadın, Bakıda 26 yaşlı, Sumqayıtda 81 yaşlı kişi və digərlərinin intihar xəbərləri yayılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlayıb ki, "Dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar sayının az olmasına baxmayaraq, belə halların mövcudluğu və son illərdə artım tendensiyası onunla fəal və kollektiv mübarizə aparılmasını diktə edir. Bunun üçün profilaktik tədbirlər kompleks və əlaqəli şəkildə aparılmalıdır".

Şəklin alt yazısı,

"Əlimin qabarı çox olsa da, övladlarımın təhsili üçün şərait yaratmışam"