HRW Azərbaycanı bütün əsirləri "dərhal azad etməyə" çağırır, Azərbaycan isə "bütün əsirləri qaytardığını" bildirib

  • Aygül Mehman
  • BBC News Azərbaycanca
Azərbaycan silahlı qüvvələri 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı erməni hərbi əsirlərlə pis rəftar edib, onları saxlanma, transfer və həbs zamanı qəddar, alçaldıcı davranışa, işgəncəyə məruz qoyub, Human Rights Watch təşkilatının martın 19-da açıqladığı hesabatda belə deyilir.

Şəklin mənbəyi, RIA NOVOSTI

Azərbaycan silahlı qüvvələri 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı "erməni hərbi əsirlərlə pis rəftar edib, onları saxlanma, transfer və həbs zamanı qəddar, alçaldıcı davranışa, işgəncəyə məruz qoyub", Human Rights Watch təşkilatının martın 19-da açıqladığı hesabatda belə deyilir.

HRW-nin hesabatı dörd keçmiş əsirin ifadəsinə istinad edir və Azərbaycan hökumətini pis rəftarla bağlı bütün iddiaları araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırır.

"Azərbaycan saxlanan bütün hərbi əsirləri və mülki şəxsləri dərhal azad etməlidir," - qurum bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 15-də bildirib ki, "Azərbaycan... üçtərəfli Bəyanata uyğun olaraq, hərbi əməliyyatlar zamanı və ondan əvvəl tutulmuş bütün hərbi əsirləri Ermənistan tərəfinə qaytarıb".

"Qələbə imicinə qarşı erməni silahı"

Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc Human Rights Watch təşkilatının hesabatını dəyərləndirərkən BBC News Azərbaycancaya bildirir ki, əsirlər məsələsi "Azərbaycanın müharibədə qələbə imicinə qarşı erməni silahıdır.

"İşgəncə və pis rəftar" iddialarını "tamamilə" istisna edən millət vəkili deyir ki, Azərbaycan nə müharibədə, nə də ondan sonrakı aralıq mərhələdə heç bir beynəlxalq humanitar hüquq normalarını "qətiyyən pozmayıb".

"Şəxslər hansı nöqteyi-nəzərdən əhəmiyyət daşıya bilərlər? Onlarda olan informasiya kütləsinə görə. Azərbaycan müharibə dövründə sübut etdi ki, Ermənistanın elitasında və bilavasitə hərbi-siyasi qərargahlarında dövr edən məlumatları bilir və kontur siyasətini yürüdür. O üzdən hansı səviyyədə şəxslər əsir götürülüb ki, ona uyğun da təsir-təzyiq, istər psixoloji, istərsə də fiziki işgəncə tətbiq edilsin?" - cənab Oruc deyir.

Zahid Oruc hesabatda naməlum sayda erməni əsirinin girovluqda qalması iddialarına qarşı deyir ki, "bu say Qırmızı Xaç (Beynəlxalq Qızıl Xaç Komitəsi - red.) və digər humanitar fəaliyyətlə məşğul olan qurumlara bəllidir".

O, Azərbaycanın İkinci Qarabağ Müharibəsindən sonra əsir götürdüyü şəxsləri geri verməməsini isə hökumətin əldə etmək istədiyi zəmanətlə əlaqələndirir.

"Biz bu gün hamını ermənilərə qaytarıb təslim etmiş olsaq, arxayın olun ki, hələ də Qarabağın bəlli nöqtələrində qalmış və hələ də özündə silah saxlayıb, guya Qarabağ ordusunun təmsilçisi olduğunu iddia edən qruplar da, onların kiçik dağınıq hissələri də yenidən təxribatlara gedəcəklər. Məsələ budur və Azərbaycan bunun zəmanətini almaq istəyir ki, 10 noyabr birgə razılaşmasında həmin qüvvələrin (Qarabağdan -red.) tam çıxarılması var və onlar bu qüvvələri həmin ərazilərdən çıxarsın. Nə üçün beynəlxalq təşkilatlar bu məqamı qabartmırlar?".

Cənab Oruc hesab edir ki, beynəlxalq qurumlar istəsələr birgə platformalarda bu məsələlərin hamısına aydınlıq gətirə bilərlər.

O, həmçinin vurğulayır ki, erməni tərəfi Azərbaycan hakimiyyətini əsir mövzusunun təsirində saxlamaq istəyir.

"Bu dəqiqə iki əsas paralel müstəvi görürük. Bir, həmin əsirlərlə bağlı məsələdir. Bütün erməniçiliyə protokol təlimat gedib ki, "hər şəraitdə və hər yerdə erməni əsirləri məsələsini qaldırın". İkincisi isə Qarabağ və ətraf ərazilərdə erməni tarixi abidələri, dini məbədləri və sair onlarla bağlıdır. Kim orada nəyi dağıdır ki, bunlar bu dırnaqarası humanitar dəhlizdən Azərbaycanın içərisinə yerimək üçün çətir kimi istifadə edirlər. O cümlədən də əsir məsələsi. Bu əsir məsələsinin üstündə əsənlər bu məsələdə qapının açılmasını istəyirlərsə, Ermənistana təsir və təzyiq olunsun ki, (Azərbaycanın tələb etdiyi - red.) digər məsələlər də işləsin. Birinci Qarabağ Müharibəsindən sonra gözü yolda qalmış nə qədər insanımız var".

Birinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan tərəfindən əsir götürülmüş şəxslərini xatırladan Zahid Oruc deyir ki, Azərbaycan "bu qurumun (Human Rights Watch təşkilatının-red.) həmin əsirlərin taleyi ilə bağlı məqama yenidən qayıtmasını arzulayır".

Ermənistan 2021-ci ilin fevral ayının sonunda Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edərək 240 nəfər iddia olunan hərbi əsir və mülki saxlananın məsələsini Azərbaycan qarşısında qaldırmağa çağırıb.

Avropa İnsan Haqları Məhkəməsi bu şəxslərdən 58-nin 2020-ci ilin dekabrında və 2021-ci ilin yanvarında geri qaytarıldığını (onlardan 7 nəfərin öldüyünü) qurumun Nazirlər Komitəsinə bildirib.

AİHM-ın bildirişində Azərbaycanın Erməni tərəfinin əsir olduğunu iddia etdiyi 249 ermənidən 72 nəfərinin hələ də Azərbaycan tərəfində saxlandığını təsdiqlədiyi bildirilir.

"Azərbaycan hökuməti qalan 112 şəxslə əlaqədar olaraq, onları əsirlərin arasında müəyyənləşdirə bilmədiklərini iddia edir," - bildirişdə deyilir.

"Hərbi əsirlərlə bağlı məsələlər çox müəmmalı qalır"

Hüquq müdafiəçisi Anar Məmmədli BBC News Azərbaycancaya deyir ki, hərbi əsirlərlə bağlı məsələlər çox müəmmalı qalır.

O, bunu tərəflərin müharibədən sonrakı atəşkəs dövründə kifayət qədər şəffaf siyasət yürütməməsi və ictimaiyyətə kifayət qədər məlumatların açıqlanmaması ilə əlaqələndirir.

"Yalnız hərbi əsirlərin sonradan verdiyi ifadələr daha çox həqiqətin üzə çıxmasına kömək edir. Bu baxımdan daha çox hərbi əsirlərin verdiyi ifadələr, onların etirafları tutuşdurulmalı və bunun əsasında fikir yürüdülməyə çalışılmalıdır," - cənab Məmmədli deyir.

O hesab edir ki, 44 günlük müharibə ilə bağlı həm Azərbaycan tərəfində olan hərbi qulluqçuların, həm erməni tərəfinin hərbi qüvvələrinin törətdiyi cinayət halları ilə bağlı yaxşı olardı ki, hər iki tərəfdə hüquq-mühafizə orqanları cinayət təqibləri və istintaq tədbirləri həyata keçirərdilər.

"Mən bildiyim qədərilə Azərbaycan tərəfi belə bir məlumat yaymışdı. Amma işin istintaq tərəfi və işin gedişatı barədə əfsus ki, məlumatlar azdır. Ermənistan tərəfində isə belə bir addım atılmayıb. Ancaq ortada çoxlu sayda videogörüntülər var. Erməni əsirlərin özlərinin də etirafları var. Bunlara əsaslanıb hər iki tərəf işi apara bilərdi".

Konkret olaraq Azərbaycana yönəlik ittihamlara gəldikdə Anar Məmmədli hesab edir ki, Human Rights Watch-un hesabatları əsirlərin özlərinin etiraflarına əsaslanıb.

"Başqa cür metodoloji baxımdan əsassız olardı HRW-nin irəli sürdüyü iddialar. Çünki əsirlər özləri bildirmirlərsə, etirafları yoxdursa, heç bir hüquq-müdafiə təşkilatı belə bir iddia ilə çıxış edə bilməz. Yaxşı olardı ki, Azərbaycan tərəfi, konkret olaraq hüquq-mühafizə orqanları bu halları ciddiyə alardı, bu əməllərin törədilməsində iştirak etmiş əsgərlər, hərbi qulluqçuları həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm də beynəlxalq humanitar hüququn prinsiplərinə söykənərək onların məsuliyyətə cəlb olunması ilə bağlı addımlar atardı".

Anar Məmmədli vurğulayır ki, hərbi qulluqçular dünyanın hər yerində, bütün müharibələrdə düşdükləri vəziyyətdən asılı olaraq, beynəlxalq humanitar hüququn pozuntularına yol verirlər.

Hüquq müdafiəçisi düşünür ki, belə hallarda "dövlətin üzərinə düşən məsuliyyət zəruri reaksiya verməkdən ibarətdir".

"Azərbaycanda bütünlükdə dövlətin üzərinə o zaman məsuliyyət düşür ki, dövlət o zaman qınağa məruz qalır ki, belə hallarla bağlı heç bir addım atılmasın və ya hərəkətsizlik nümayiş etdirilsin... Konkret olaraq dövlətin üzərinə məsuliyyət qoyulması yalnız Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə ola bilər ki, zərərçəkənlərə nələrsə ödənilsin".

Azərbaycanda 4 nəfər həbs olunub

Azərbaycan hüquq-mühafizə orqanları müharibə dövründə və müharibədən dərhal sonra Cinayət Məcəlləsinin "işgəncə vermə", "onlarla qəddar və ya qeyri-insani rəftar etmə" və "qəbir və ya meyit üzərində təhqiredici hərəkət" maddələri ilə cinayət işləri başladaraq, iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirdiyini, nəticədə 4 hərbçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyini bildirib.

Qurumdan BBC News Azərbaycancaya bildiriblər ki, hazırda Azərbaycan hüquq-mühafizə orqanlarında müharibə cinayətləri ilə bağlı bir neçə cinayət işi açılıb, "istintaq tədbirləri davam edir".

"Bütün hərbi əsirlər qarşı tərəfə qaytarılıb"

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də ATƏT-in fəaliyyətdə olan sədri Ann Linden-in başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir:

"Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".