Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasının faydasından danışıb

Şəklin mənbəyi, AFP/Getty Images
Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasının faydasından danışdı, Türkiyənin "İstanbul Konvensiyasından" çıxmasına qarşı etiraz, Azərbaycan Prezidenti Novruz bayramı ilə bağlı müraciətində Qarabağa dair bərpa planlarını açıqlayıb, bu gündən etibarən ictimai nəqliyyat işləməyəcək, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Ermənistanla Azərbaycan arasında əlaqələrin açılması bölgədəki düşmən münasibətlərə son qoymağa kömək edəcək. Ermənistanın Baş naziri bu sözləri ölkənin şimal-şərqində yerləşən Aragatsotn bölgəsinə səfərı vaxtı deyib.
"Əgər kimsə bunun yalnız Azərbaycana və ya yalnız Ermənistana faydalı olduğunu desə, inanmayın. Kommunikasiyaların açılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır," - Nikol Paşinyan deyib.
Martın 14-də Azərbaycan Prezidenti kommunikasiyaların açılması ilə bağlı Ermənistanla danışıqlar prosesinin bir neçə mərhələsinin baş tutduğunu deyib.
"Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır," - İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenlə görüş vaxtı İlham Əliyev deyib.
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə ötən ilin 27 sentyabrında başlayıb. Noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi qarşıdırmaya son qoyulub.
Türkiyənin "İstanbul Konvensiyasından" çıxmasına qarşı etiraz

Şəklin mənbəyi, EPA
Türkiyə hüquq müdafiəçilərin etirazına baxmayaraq, qadınlara qarşı zorakılığın qarşısının alınmasına yönələn beynəlxalq konvensiyanı tərk edib.
"Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" və yaxud da onun imzalandığı yerə görə "İstanbul Konvensiyası" olaraq tanınan sənəd qadınlara qarşı zorakılığı ayrıseçkiliyin bir növü və insan haqlarının pozulması kimi tanıyır.
11 may 2011-ci ildə İstanbul Konvensiyasını imzalayan ilk ölkə Türkiyə olub.
Şənbə günü ölkənin konvensiyadan çıxması barədə xəbər qərar əleyhdarlarının etiraz aksiyalarına təkan verib.
İstanbulda keçirilən nümayiş vaxtı etirazçılar "Biz susmuruq, qorxmuruq, itaət etmirik", "Heç vaxt tək gəzməyəcəksiniz", "Həqiqət, Qanun, Ədalət" və "Yaşasın Qadın Həmrəyliyi şüarlarını qışqırıblar.
Konvensiyaya əsasən, ölkənin mədəni və dini xüsusiyyətlərindən asılı olmayaraq ailədaxili zorakılıq sırf şəxsi məsələ deyil. Türkiyədəki mühafizəkarlar hesab edirlər ki, konvensiyada əks olunan gender bərabərliyi kimi prinsiplər ənənəvi dəyərlərə xələl gətirir.
Türkiyənin ailə, əmək və sosial siyasət naziri, qadın hüquqlarının ölkə konstitusiyası ilə qorunduğunu bildirib. Zehra Zümrüt İstanbul Konvensiyasından imtina etmənin səbəblərini açıqlamayıb.
Türkiyənin müxalif Cümhuriyyət Halk Partiyasının sədr müavininə əsasən, Konvensiyadan imtina "qadınları ikinci dərəcəli vətəndaşlar" kimi görməyə və onların "öldürülməsinə icazə" vermək kimi başa düşülə bilər.
Azərbaycan "İstanbul Konvensiyasına" qoşulmayıb.
Azərbaycan Prezidenti Novruz müraciətində Qarabağa dair bərpa planlarını açıqlayıb

Şəklin mənbəyi, president.az
Şuşada Cıdır düzündə bayram tonqalını alovlandıran Prezident İlham Əliyev
Novruz bayramı münasibətilə Şuşa şəhərindən xalqı təbrik edən Azərbaycan Prezidenti, o cümlədən ötən ilki qələbənin tarixi əhəmiyyəti, bölgədəki bərpa işləri və müharibə vaxtı gənclərin rolu ilə bağlı bir sıra məsələyə toxunub.
"Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq," - Şuşa şəhərində çıxış edən İlham Əliyev deyib.
Azərbaycan Prezidenti Novruz bayramının məhz Azərbaycanın "mədəniyyət paytaxtı Şuşa" şəhərində qeyd olunmasının əlamətdar hal olduğunu vurğulayıb.
"28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik".
Şuşada yenidənqurma işlərinə artıq start verildiyini deyən İlham Əliyev "azad edilmiş bütün torpaqların" bərpa olunacağını bildirib. Azərbaycan dövlət başçısı bu səpkidə Ağdama aid planlara toxunub.
"Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq".
Bundan sonra bərpa işləri azad edilmiş "bütün torpaqlarda başlanacaq", - İlham Əliyev deyib.
Şuşaya baş çəkən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə bayram tonqalını alovlandırıblar, rəsmi məlumatda deyilir.
Bu gündən etibarən ictimai nəqliyyat işləməyəcək

Şəklin mənbəyi, Getty images
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bu gündən etibarən martın 29-u saat 06.00-dək ölkə boyunca ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Ötən gün Nazirlər Kabinetinin qərarı ilə karantin rejiminin müddəti 1 iyunadək uzadılıb.
Ötən ilin martından bəri koronavirusa yoluxmanın artdığı müddətlərdə ölkədə sərt karantin rejimi ilə bağlı bəzi iş yerlərinin, o cümlədən kafe və restoranların fəaliyyəti dayandırılmış, küçəyə çıxma xüsusi icazə ilə olmuş, rayon və şəhərlərarası gediş-gəliş dayandırılmışdı.