Həbs edilmiş keçmiş MTN-in iki generalı nədə ittiham edilir?

Baş Prokurorluq

Şəklin mənbəyi, Baş Prokurorluq

Həbs edilmiş keçmiş MTN-in iki generalı nədə ittiham edilir? Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 7-də Vladimir Putinlə danışıqları gözlənir, - daha ərtaflı BBC News Azərbaycancanın icmalında.

Həbs edilmiş keçmiş MTN-in iki generalı nədə ittiham edilir?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər.

Bundan əvvəl hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib.

Onlar barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq bildirir ki, istintaq zamanı Mövlam Şıxəliyevin MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırdığı müəyyən edilib.

Bundan başqa onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr var.

Ləğv edilmiş nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinov isə bu vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

"Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir,"- qurum bildirir.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, generallar özlərini təqsirli bilməyiblər.

Hər iki general keçmiş nazir Eldar Mahmudovun rəhbərliyi müddətində MTN-də çalışıblar.

2015-ci ilin oktyabrında Eldar Mahmudov nazir postundan çıxarılıb, MTN ləğv edilib və 20-dən artıq vəzifəli əməkdaşı həbs olunub.

Paşinyan Putinlə 10 noyabr razılaşmasının icrasını müzakirə edəcək

Şəklin mənbəyi, Mikhail Klimentyev/TASS

Şəklin alt yazısı,

Paşinyan Putinlə aprelin 7-də Moskvada görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 7-də Rusiyaya işgüzar səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə danışıqları gözlənir, Rusiya Prezidentinin kremlin.ru saytı xəbər verir.

Məlumata görə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağ üzrə 9 noyabr (10 noyabr -red.) 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının həyata keçirilməsinin gedişi, eləcə də bölgədə mövcud problemlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi kontekstində gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır.

"Bundan başqa, Rusiya-Ermənistan strateji tərəfdaşlığı və müttəfiqliyi üzrə aktual məsələlərin, habelə Avrasiya məkanında inteqrasiya birlikləri və qarşılıqlı əlaqələrin perspektivlərinin müzakirəsi nəzərdə tutulur," - məlumatda deyilir.

Paşinyanla Putinin görüşü Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Şuşaya Rusiya istehsallı "İsgəndər" raketini atması ilə bağlı Azərbaycanın açıqlamasından sonraya təsadüf edir.

Rusiya Ermənistanın "İsgəndər" atmadığını bəyan edib. Ermənistanın hərbi rəhbərləri Şuşada tapılan "İsgəndər" qalıqları ilə bağlı suallara cavab verməkdən imtina edib.

Azərbaycan-Ermənistan arasında ötən payız başlamış və 44 gün davam etmiş müharibə nəticəsində Azərbaycan işğal edilmiş ərazilərinin böyük bir hissəsini geri qaytarıb. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında müharibənin bitməsi və bölgəyə rus sülhməramlılarının gəlməsi ilə nəticələnən atəşkəs razılaşması imzalanıb.

Suvarmada suyun "ədalətsiz bölüşdürülməsi geniş yayılıb," - İlham Əliyev

Şəklin mənbəyi, AZERTAG

Prezident İlham Əliyev suvarma zamanı suyun "ədalətsiz bölüşdürülməsi halları"nın geniş yayıldığından xəbərdar olduğunu deyib.

"Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlilərə su çatmırdı. Buna da son qoyulmalıdır," - Prezident vurğulayıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə yenicə təyin olunmuş Zaur Mikayılovu video formatda qəbul edən Prezident deyib ki, su xətlərinin üzərində quraşdırılmış "çoxsaylı qanunsuz birləşmələr" aradan qaldırılmalıdır.

İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdəki su resurslarının potensialı öyrənilməlidir: "Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır. Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır".

İlham Əliyev deyib ki, ölkəyə müasir texnologiyalar gətirilməlidir: "Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik".

Prezident onu da əlavə edib ki, su anbarlarına daxil olan və çıxan suyun tam uçotu aparılmalıdır.

O, suvarmada kanalların təmiri və yenidən qurulmasına da toxunaraq deyib ki, sovet dövründə çəkilmiş torpaq kanallardan "canımızı qurtarmaq lazımdır".

İlham Əliyev ölkənin meliorasiya sahəsində çatışmazlıqların olduğunu deyərək yeni rəhbərlikdən "yeni yanaşma" və "konkret təkliflər paketi" gözlədiyini vurğulayıb.

Rəmiş vəfat edib

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı,

"Rəmiş" kimi tanınan gitaraçı, Azərbaycanın Xalq artist Rafiq Hüseynov vəfat edib

"Rəmiş" kimi tanınan gitaraçı, Azərbaycanın Xalq artist Rafiq Hüseynov vəfat edib.

Mədəniyyət Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, hazırda xalq artistinin yaxınları ilə onun dəfn məsələləri müzakirə edilir.

77 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

Rafiq Hüseynov ilk musiqi təhsilini Üzeyir Hacıbəyli adına orta ixtisas musiqi məktəbinin tar sinfində alıb. Amma o, daha çox gitaraçı kimi tanınıb.

Rəmiş Zeynəb Xanlarova, Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov kimi tanınmış sənətkarları müşayiət edib.

Hikmət Hacıyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermir"

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı,

Hikmət Hacıyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmir"

Prezident köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmir.

Bazar ertəsi Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı keçirilən tədbirdə iştirak edən Prezident köməkçisi bunu Azərbaycanın mülki əhalisinin hüquqların "kobud surətdə pozulması" və "eyni zamanda, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətinin və qətliamın davam etdirilməsi" kimi qiymətləndirib.

Hikmət Hacıyev bildirib ki, Ermənistanın "beynəlxalq qanunları pozaraq" mina xəritəsini Azərbaycana təqdim etməməsi işğaldan azad edilmiş ərazilərin "bərpasını da ləngidir".

Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşib və bu, münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir.

Ötən ilin payızında balsamiş 44 günlük müharibə dayanandan indiyədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 14 nəfər mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları da daxil olmaqla, 85 adam (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanıb

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Şəklin alt yazısı,

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanıb

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayon məktəblərinin şagirdləri təhsillərini distant (məsafədən) davam etdirəcəklər.

Azərbaycan Təhsil Nazirliyi ötən həftə bu barədə qərar qəbul edib.

Nazirlik digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcəyini bəyan edib.

"Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə "Dərs vaxtı" teledərslərini izləmək tövsiyə olunur," - qurumun məlumatında deyilir.

Təhsil Naziri Emin Əmrullayev Facebook-da canlı yayımda çıxışında bildirib ki, Azərbaycanda bütün təhsil işçiləri yaşından asılı olmayaraq peyvənd olunacaq.

Nazir canlı yayımda bildirib ki, "hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər kəsin vaksinlərin vurulmasına başlanılacaq".

"İnanırıq ki, növbəti tədris ilindən ənəvəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, vaksinasiya ilə mümkündür. Yalnız vaksinasiya prosesi olduqdan sonra sentyabrdan ənəvəvi tədrisə qayıtmaq mümkün olar,"- o deyib.

Nazirlik bu günədək peyvəndləmə prosesi çərçivəsində 55 faizdən çox müəllim və texniki heyətin "COVID-19" əleyhinə peyvənd olunduğunu da açıqlayıb.

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilmişdi.

Azərbaycanda koronavirusa ilk yoluxma halı 2020-ci ilin fevralın 28-də qeydə alınıb.

İl ərzində ölkədə yoluxmanın vəziyyətindən asılı olaraq, təhsil müəssisələri müxtəlif vaxtlarda distant təhsilə keçib.