ANAMA: "Ermənistan Şuşaya "İsgəndər" atıb". Armen Sarkisyan: "Azərbaycan bütün hərbi əsirləri qaytarsaydı..."

İskander-M

Şəklin mənbəyi, Russian Defence Ministry\TASS via Getty Images

Şəklin alt yazısı,

Foto. Arxiv. İskəndər-M raketi atılır

ANAMA bildirib ki, Şuşada minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işləri zamanı, bu il martın 15-də qurumun əməkdaşları bu şəhərdə iki partlamış raketin qalıqlarını aşkar edib. Ermənistan Prezidenti Azərbaycanla münasibətlərin normallaşmasının yolları barədə danışıb, 31 martın matəm günü keçirilməsi ilə bağlı ilk qərar 1918-ci ildə verilib, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında

ANAMA Şuşada "İsgəndər" raketinin qalıqlarnı tapıb

Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) təmsilçisi bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə edib.

Caliber.az saytına müsahibəsində adı açıqlanmayan ANAMA rəsmisi bildirib ki, onlar bu raketlərin qalıqlarına Şuşada ərazinin minalardan təmizlənməsi zamanı rast gəliblər:

"2021-ci il martın 15-də qurumun əməkdaşları tərəfindən aparılmış təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib. Raket qalıqlarının coğrafi koordinatları aşağıdakı kimidir: 39°45'38.10"N 46°44'33.90"E və 39°45'27.80"N 46°45'25.80"E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların "İskəndər" raket sisteminə aid olduğu müəyyən edilib".

ANAMA əməkdaşı, həmçinin vurğulayıb ki, hətta açıq internet mənbələrində axtarış apararkən 9M723 identifikasiya nömrəsinin "İskəndər" raketinə aid olduğunu müəyyən etmək olar.

"Bu isə İkinci Qarabağ Müharibəsi dövründə, o cümlədən də Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə etdiyini təsdiqləyir," - ANAMA nümayəndəsi bildirib.

İlk dəfə Qarabağ müharibəsi zamanı "İskəndər" kompleksinin istifadə olunması barədə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan danışıb.

O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri "İskəndər"- lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə öz son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi.

Rusiya Müdafiə Nazirliyi "İsgəndər"in atıldığı, amma partlamadığı ilə bağlı Paşinyanın açıqlamasına reaksiya verərək bildirmişdi ki, Qarabağ müharibəsində "İskander" ballistik raketlərindən istifadə edilməyib.

"Görünür, cənab Baş nazir Paşinyan yanıldılıb və beləliklə səhv məlumatlardan istifadə edib," - nazirliyin məlumatında vurğulanmışdı. Ermənistan Baş naziri Nikol Paşinyan ilk dəfə bu ilin fevralında bu barədə danışıb və Azərbaycana "İskander" raketinin atıldığını etiraf etsə də, onun tam olaraq partlamadığını blidirmişdi.

Şəklin mənbəyi, President.am

Armen Sarkisyan: "Azərbaycan bütün hərbi əsirləri qaytarsaydı..."

Ermənistan Prezidenti Armen Sarkisyan hesab edir ki, Azərbaycanla münasibətlərin normallaşması üçün əvvəlcə bəzi "ağrılı məsələlər" öz həllini tapmalıdır.

O, Rusiyanın RBK agentliyinə müsahibəsində deyib ki, Azərbaycanla hər hansı layihələr barədə danışmazdan öncə "hərbi əsirlər" geri qaytarılmalıdır.

"Azərbaycanda erməni hərbi əsirlər var, Ermənistanda və Qarabağda azərbaycanlı əsir yoxdur, Azərbaycanda var... Buna beynəlxalq hüquq nöqteyi-nəzərindən baxsaq, bu, düzgün deyil. Müxtəlif layihələrdən danışmazdan öncə, mən elə gəlir ki, bu məqamda Azərbyacan bütün hərbi əsirləri qaytarsaydı, müəyyən humanitar, insani münasibət göstərmiş olardı," - Armen Sarkisyan deyib.

Ermənistan Prezidentinin sözlərinə görə, bundan başqa, çoxlu itkin düşənlər var, onların yaxınları əzab çəkirlər.

"Bu sualın cavabları o tərəfdədir (Azərbaycan tərəfində - red). Azərbaycan bu ailələrə kömək edib, [itkin düşənlər barədə] məlumat, yaxud cəsədlərini verə bilər," - Ermənistan Prezidenti deyib.

Armen Sarkisyanın bəhs etdiyi hərbi əsir məsələsi ilə bağlı Azərbaycan rəsmiləri bildirib ki, saxlanan erməni hərbçiləri ölkə ərazisinə noyabrın 10-dan, İkinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı razılaşmadan sonra keçiblər. Azərbaycan hesab edir ki, onların "Azərbaycanın ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə" gəliblər. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, erməni hərbçilər istintaqa cəlb olunublar və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Şəklin mənbəyi, Turkic Council

Türk Şurasının Zirvə toplantısı video-formatda olacaq

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videoformat şəklində qeyri-rəsmi Zirvə toplantısı keçiriləcək, qurumun saytında bildirilir.

Məlumata görə, zirvədə Qazaxıstanın birinci prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın dövlət başçıları və Macarıstanın Baş naziri iştirak edəcək.

Daha öncə Zirvə toplantısının Qazaxıstanda keçirilməsi planlaşdırılırdı. Lakin COVID-19 pandemiyasının yaratdığı mürəkkəb epidemioloji vəziyyətlə bağlı görüşün videoformat şəklində keçirilməsinə qərar verilib.

Türk Şurasının ilk Zirvə Toplantısı "İqtisadi və Ticarət əlaqələri" mövzusunda 2011-ci ildə Alma-atada keçirilib və qərara alınıb ki, Şura təşkilat formasında fəaliyyətini davam etdirsin.

Şəklin mənbəyi, by Marc Guitard/Getty

1918-ci il mart qırğınlarının 103 illiyi qeyd olunur

Azərbaycanda yerli əhaliyə qarşı 1918-ci il mart qırğınlarının 103 illiyi qeyd olunur.

Həmin hadisələrin Azərbaycanda milli matəm günü səviyyəsində martın 31-də qeyd olunması ənənəsinin əsası Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən 1919-cu ildə qoyulub.

1919 və 1920-ci illərdə 31 mart günü iki dəfə ümummilli matəm günü kimi qeyd olunub.

Sovet hakimiyyəti dövründə bu tarix qeyd olunmayıb.

1998-ci il martın 26-da Azərbaycanın o vaxt prezidenti olmuş Heydər Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» fərman imzalayaraq, həmin ənənəni bərpa edib.

Prezident fərmanında "1918 il mart qırğınlarının Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində" törədildiyi qeyd olunub.

Bu il həmin hadisələrdən 103 il ötür.

1998 il 26 mart tarixli prezident fərmanında, eləcədə 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin "Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarının bölünməsinin" əsasını qoyduğu da qeyd olunub.