Emin Əmrullayev: "Gələn həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq"

Emin Əmrullayevin Gələn həftədən "bütün təhsil işçiləri vaksinasiya olunacaq"

Şəklin mənbəyi, AZƏRTAC

Nazir Emin Əmrullayev gələn həftədən "bütün təhsil işçiləri vaksinasiya olunacağını" açıqlayıb, Azərbaycan Ordusunda xidmət müddəti keçmiş hərbçilər "tərxis olunur", Türkiyə Azərbaycan da daxil olmaqla 13 ölkəyə yeni səfir təyin edib, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçularının Ispartada yerləşən Terrorla Mübarizə üzrə Təhsil və Təlim Mərkəzi Komandanlığındakı təlimlərinin davam etdiyini bildirib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycanda "növbəti həftədən yaşından asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunacaq", bu barədə təhsil naziri Emin Əmrullayevin Facebookda sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

Nazir canlı yayımda bildirib ki, "hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər kəsə vaksinlərin vurulmasına başlanılacaq".

"İnanırıq ki, növbəti tədris ilindən ənənəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, vaksinasiya ilə mümkündür. Yalnız vaksinasiya prosesi olduqdan sonra sentyabrdan ənənəvi tədrisə qayıtmaq mümkün olar," - o deyib.

Emin Əmrullayev əlavə edib ki, yoluxma sayı azaldıqda "dərhal" ənənəvi tədrisə keçirilməsinin tərəfdarıdırlar: "Biz bunu istəyirik. Amma insanların sağlamlığı daha vacibdir. Eyni zamanda, səhiyyə müəssisələrinin üzərinə düşən yükü də nəzərə almalıyıq".

Çıxışı zamanı Emin Əmrullayev bildirib ki, "martın sonunda 80 faiz olan davamiyyət Bakı məktəblərində 64 faizə düşüb".

O vurğulayıb ki, məktəblərin distant (məsafədən) təhsilə keçirilməsinə 50 min nəfər səs versə də, məktəblərin əyani təhsilə qapadılması ilə bağlı qərar tək sorğu əsasında deyil, müxtəlif amillər - elmi təhlillər, tədqiqatlar nəzərə alınmaqla verilib.

"Bu qərar əsasən 4 məsələ, yəni, yoluxma sayının artması və ya növbəti həftələrdə artma ehtimalının olması, yoluxma sayı artdıqca məktəblərin təbii olaraq bağlanması, eyni zamanda sorğu nəticəsində, onlayn medianı izləyən insanların çoxunun məktəblərin distanta keçirilməyinin tərəfdarı olması, həm də davamiyyətin kəskin aşağı düşməsi fonunda verilib".

Emin Əmrullayev son aylarda gündəlik yoluxanların təxminən 4-6 faizinin müəllimlər olduğunu" da diqqətə çatdırıb. O deyib ki, fərqi yoxdur, "məktəblər bağlı olanda da, açıq olanda da müəllimlər yoluxur".

Bu gün təhsil naziri həm də Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçaların fəaliyyətini hələlik davam etdirəcəyini açıqlayıb.

"Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur".

Dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncam verildiyi bildirilmişdi.

Azərbaycanda koronavirus pandemiyasına görə, məktəblər ötən ilin mart ayından etibarən müxtəlif vaxtlarda distant və əyani təhsilə keçirilib. Sonuncu dəfə 2021-ci ilin fevral ayında məktəblərdə əyani təhsilə keçirilmişdi.

Azərbaycanda ilk koronavirusa yoluxma hadisəsi 2020-ci ilin fevral ayında qeydə alınıb. İndiyədək ölkədə 3648 nəfərin bu virusa yoluxaraq vəfat etdiyi bildirilib.

"Xidmət müddəti keçmiş hərbçilər tərxis olunur"

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Ordusunda xidmət müddəti keçmiş hərbçilər "tərxis olunur", xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" müvafiq sərəncamının icrası əsasında həyata keçirilir.

"2020-ci il oktyabrın 30-dək "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar. Bu münasibətlə Şuşa şəhərində və digər ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimi keçirilib," - Müdafiə Nazirliyi bildirib.

Qurum həmçinin "mərasimdə İkinci Qarabağ Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyini" açıqlayıb.

"Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub," - qurumun məlumatında deyilir.

Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ Müharibəsi 2020-ci ilin sentyabrın 27-də başlayıb. 44 gün davam edən müharibədə Azərbaycan təxminən 3 min "hərbi və mülki şəxsi" itirdiyini açıqlayıb.

Türkiyə Azərbaycana yeni səfir təyin edib

Şəklin mənbəyi, Cahit Bağçı/Twitter

Türkiyə Azərbaycana yeni səfir təyin edib, xəbəri Anadolu Agentliyi Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın qərarına istinadən yayıb.

Xəbərə görə, Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı olacaq.

Cahit Bağçı 23 və 24-cü çağırış Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib, TBMM-in rəsmi saytında bildirilir.

Bundan öncə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral olub.

Recep Tayyip Erdoğanın qərarlarıyla Türkiyə ümumilikdə 10 səfiri geri çağırıb, 13 ölkəyə isə yeni səfir təyin edib.

Azərbaycan hərbçilərinin Türkiyədə təlimləri davam edir

Şəklin mənbəyi, Türkiyə Milli Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun Türkiyədə təlimləri davam edir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qurum bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının Ispartada yerləşən Terrorla Mübarizə üzrə Təhsil və Təlim Mərkəzi Komandanlığındakı təlimləri davam etdirilir.

Azərbaycan Ordusunun hərbi qulluqçularının Ispartada yerləşən Terrorla Mübarizə üzrə Təhsil və Təlim Mərkəzi Komandanlığında dağçılıq təlimləri aldığı da bildirilir.

Azərbaycan hərbçilərinin Türkiyəyə bu təlimləri keçmək üçün martın əvvəlində getdiyi və təlimlərin 6 həftə davam edəcəyi bildirilir.

Azərbaycan Ordusunun hərbi qulluqçuları sonuncu dəfə Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi "Qış təlimi-2021" adlı birgə təlimdə fevralın əvvəllərində iştirak edib.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar o zaman "Türkiyə və Azərbaycan Silahlı Silahlı Qüvvələri təchizatı və şəxsi heyəti veriləcək hər cür tapşırığı yerdə, göydə, dənizdə, qışda, yayda, dağda-düzənlikdə yerinə yetirə biləcək gücdə olduğunu göstərib" deyib.

Şəklin mənbəyi, Türkiyə Milli Müdafiə Nazirliyi

Şəklin mənbəyi, Türkiyə Milli Müdafiə Nazirliyi