AstraZeneca vaksini və tromboz riski: Nə məlumdur? 6 suala cavabda

  • Elçin Süleymanov
  • BBC News Azərbaycanca
AstraZeneca

Şəklin mənbəyi, SOPA Images/Getty Images

AztraZeneca şirkətinə məxsus peyvəndin ilk partiyasını alan Azərbaycan bu vaksindən hələ ki, istifadə etməyib. Bu vaksinlərin ilk partiyası ölkəyə ötən həftə sonu çatdırılıb. Bu xəbər AstraZeneca vaksininin mümkün yan fəsadları ilə bağlı məlumatların yayıldığı günlərə təsadüf edir.

Son məlumatlar nədir?

Britaniyada Oxford-AstraZeneca peyvəndinin tətbiqindən sonra yeddi nəfər beyində əmələ gələn nadir tromboz (qan laxtalanması) nəticəsində ölüb.

Bu məlumatı BBC-yə Britaniyanın dərmanlara nəzarət qurumu (MHRA) təsdiqləyib. Hazırda beyin sinus damarı trombozu (CVST) hallarının peyvəndlə əlaqəli olub-olmaması araşdırılır.

Qanın laxtalanması Britaniyada AstraZeneca peyvəndi vurulmuş18 milyondan çox insandan (martın 24-nə olan məlumat) yalnız 30-da aşkar olunub.

Məlumata necə reaksiya verilir?

Azərbaycan səhiyyə nazirinin müavini ölkəyə gətirilən "AstraZeneca" vaksinin hələ ki, istifadə olunmadığını bildirir.

"Azərbaycanda yeni növ koronavirusa qarşı "AstraZeneca" şirkətinə məxsus vaksinin istifadəsinə hələlik başlanılmayıb,"- Viktor Qasımovun sözləri APA agentliyində iqtibas olunur.

Rəsminin sözlərinə görə, Azərbaycan vətəndaşlara keyfiyyətli və təhlükəsiz vaksinin vurulmasına çalışır. Viktor Qasımov peyvəndlərlə bağlı məsələnin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tənzimləndiyini söyləyib: "Heç kəs özbaşına qərar qəbul etmir".

Avropa İttifaqı (Aİ) AstraZeneca peyvəndinin yan fəsadları ilə bağlı məlumatlara münasibət bildirməyə hazırlaşır.

Bu arada Avropa İttifaqının dərmanlara nəzarət qurumu, Avropa Dərman Agentliyinin (EMA) nümayəndəsi qan laxtalanması ilə AstraZeneca peyvəndinin tətbiqi arasında əlaqənin olduğunu söyləyib. Hərçənd ki, Marco Cavalieri-yə əsasən, vaksinə reaksiyasının səbəbləri aydın deyil.

Şəklin mənbəyi, EPA

Risk qrupları müəyyən olunubmu?

Bunu demək olduqca çətindir. Çünki vaksinləmə üzrə statistika dəyişkəndir və onun ölkədən ölkəyə fərqli cəhətləri mövcuddur.

Belə ki, bəzi ölkələrdə ilk olaraq daha yaşlılar peyvənd olunursa, digərlərində peyvənd olunanların çoxu daha gənc təbəqəyə aiddir. Misal üçün, Almaniyada AstraZeneca peyvəndini vurduranların təxminən 90 faizi 60 yaşına çatmamış insanlardır.

Burada peyvənd alan 2,7 milyon insandan 31-nə CVST diaqnozu qoyulub və onlardan doqquzu ölüb.

Məlumata əsasən, Almaniyada tromboz diaqnozu əsasən orta və gənc yaşlı qadınlara qoyulub. Lakin EMA yaş, cinsiyyət və ya başqa xəstəliklər kimi xüsusi risk faktorlarının hələ ki, müəyyən edilmədiyini bildirir.

Britaniyada immunizasiya vaxtı trombozdan məhz hansı qrupların təsirləndiyi barədə məlumat verilmir.

Məlumatlar vaksinasiya kampaniyasına necə təsir göstərib?

Məlumdur ki, peyvəndlərdən tutmuş adi parasetomola qədər bütün dərmanlar yan fəsadlar törədə bilər. Buna görə, mütəxəssislər üçün əsas sual budur ki, vaksinasiya riski Covid-19-dan irəli gələn riski üstələyirmi?

Hazırda Britaniya səhiyyə rəsmiləri peyvəndin faydalarının hər hansı risklərdən daha üstün olduğunu hesab edirlər.

Bundan əvvəl eyni mövqe Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və EMA agentliyi tərəfindən də izhar olunub. Bununla birlikdə, peyvəndin təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə, Almaniya, Fransa, Hollandiya və Kanada da daxil olmaqla, bir sıra ölkədə AstraZeneca peyvəndi yalnız daha yaşlı təbəqəyə təklif olunur.

Video açılmırsa YouTube-dan izləyin.

Azərbaycanda hansı vaksinlər istifadə olunur?

Azərbaycanda hazırda Çinin "SinoVac Biotech" şirkətinin CoronaVac vaksinlərindən istifadə olunur.

Mayın sonunadək Azərbaycana AstraZeneca-nın istehsal etdiyi 432 000 peyvənd dozasının idxalı nəzərdə tutulub.

Bu vaksinlərin ilk partiyası ölkəyə ötən həftəsonu gətirilib. Azərbaycan həmçinin Rusiyanın Sputnik V vaksinin istifadəsinə icazə verib.

Vaksinasiya kampaniyasına yanvarın 18-də start verilib. İndiyədək ölkədə vurulan vaksinlərin ümumi sayı bir milyona yaxınlaşır.