Zəngəzurdakı Qaragöl kimə məxsusdur, xəritələr nə göstərir? 5 suala cavab

  • Redaksiya
  • BBC Azərbaycanca
Sünik, Qarabağ, Qaragöl, Sevliç

Şəklin mənbəyi, Google xəritə

Artıq bir həftəyə yaxındır ki, Azərbaycanla Ermənistan sərhədində, Zəngəzur ( Sünik ) bölgəsində, Qaragöl (Sevliç) ətrafında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirir.

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan ordusu Ermənistan sərhədini keçərək Sünik və ya Zəngəzur rayonundakı Sevliç - Qaragöl - ərazisi boyunca 3.5 kilometr irəliləyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ''Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir''.

Xəritələr nə göstərir?

Ermənistan və Azərbaycanda səslənən iddialardan belə məlum olur ki, onların bu ərazinin kimə məxsus olması ilə bağlı istinad etdiyi xəritələr fərqlidir.

Ermənistan deyir ki, Sovet xəritələrinə görə, Qaragölün yalnız 30 faizi Azərbaycan ərazisinə aid olmalıdır.

Sovet İttifaqı Silahlı Qüvvələri Baş Qərargahının 1942-ci ilə aid koordinatları olan və 1973 il tarixli xəritəsinə görə, Qaragöl gölünün böyük bir hissəsi Ermənistan ərazisinə düşür.

Şəklin mənbəyi, chartsandmaps.com

Şəklin alt yazısı,

1942-ci ilin koordinatları əsasında tərtiblənmiş və Sovet Genştabına məxsus olduğu deyilən xəritə

Ancaq həmin ildən sonraya aid fərqli xəritələr mövcuddur və Ermənistan xəritələrinə görə, gölün əsas hissəsi bu ölkəyə məxsusdur. Azərbaycan Milli Kitabxanasından əldə etdiyimiz xəritələrə görə isə, Qaragöl Azərbaycanın ərazisindədir.

Tərəflərin arqumentləri nədir?

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan iddia edib ki, hazırda ərazidə olan Azərbaycan hərbçilərindəki xəritə ''saxtadır'', lakin 'Ermənistanda Sovet İttifaqı mərkəzi hakimiyyəti tərəfindən təsdiqlənmiş xəritə var və orada Azərbaycanla Ermənistan arasında sərhədin haradan keçdiyi aydın görünür''.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, sərhəd mühafizə sisteminin gücləndirilməsi ''sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır''.

Azərbaycan nə deyir?

Qaragöl qoruğu barədə məlumata internet resurslarında Azərbaycan dilində arxivləşdirilmiş müxtəlif elmi mənbələrdə rast gəlmək mümkündür.

Azərbaycan mənbələrində Qaragölün Azərbaycana məxsus olduğu qeyd olunur. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının nəşrlərində və o cümlədən xəritələr toplumu şəklində hazırlanmış atlaslarda öz əksini tapıb.

BBC News Azərbaycancanın sorgusuna cavab olaraq, Qaragöl gölünün yerləşdiyi ərazinin də topoqrafik coğrafi xəritəsi daxil olmaqla, belə bir atlas kitabın elektron versiyası Milli Kitabxana tərəfindən redaksiyamıza göndərilib.

Şəklin mənbəyi, Milli Kitabxana

Şəklin alt yazısı,

Azərbaycan SSR-nın atlası - 1992-ci il tarixli nəşr

Azərbaycan Respublikası Ekologiya Nazirliyinin saytında deyilir ki, Qaragöl və onun ətraf ərazisi "tarixən Azərbaycan torpağı olmuş və 30 ilə yaxın davam edən işğal prosesindən sonra hazırda tamamilə işğaldan azad edilmişdir."

Laçın İcra Hakimiyyətinin vebsaytında Qaragölün "uzunluğunun 1950 metr, maksimum eninin 1250 metr, sahil xəttinin uzunluğunun 5500 metr, maksimum dərinliyinin 7,8 metr, hövzəsinin sahəsinin 13 kv.km" təşkil etdiyi qeyd olunub. Hesablamalara görə, göldə suyun həcminin təxminın 10 milyon kub metr olduğu da göstərilib.

Ekologiya Nazirliyinin vebsaytında qeyd olunub ki, Qaragöl qoruğunun müasir vəziyyəti "qənaətbəxş deyil."

"Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanmışdır."

Həmçinin izləyin

Video açılmırsa, YouTube-da izləyin.

İkinci Qarabağ müharibəsindən bir qədər əvvəl dərc olunmuş məqalədə fəlsəfə elmləri doktoru Vahid Ömərov yazıb ki, "1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Gorus rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu."

"O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa onların fəaliyyətlərini məhdudlaşdırırdı," - müəllif qeyd edib.

Azərbaycan mənbələri, o cümlədən, Ekologiya Nazirliyinin saytında Qaragöl ətrafında Dövlət Təbiət Qoruğunun 17 oktyabr 1987-ci il tarixində "Azərbaycan və Ermənistan Respubikalarının direktiv orqanlarının qərarı ilə yaradıldığı və respublikalararası dövlət qoruğu elan edildiyi'' qeyd olunur.

1980-ci ilərdə Azərbaycan SSR-nın Dövlət Plan Komitəsi sədri vəsifəsində çalışmış Azərbaycanın eks-prezidenti də Qaragöl məsələsi barədə yerli mediaya öz fikrini bildirib: "Gorusla Laçın arasındakı sərhəddə yerləşən Qaragöl əzəli Azərbaycan torpağıdır", Ayaz Mütəllibov deyib.

Ermənistan nə deyir?

Ermənistanın keçmiş təbiətin müdafiəsi naziri Erik Qriqoryan öz Facebook hesabında yazıb ki, 1987-ci ildə Qaragöl qoruğunun yaradılmasına dair Ermənistan SSR Nazirlər Sovetinin qərarı olub.

"O zaman Sevliç (Qaragöl) respublikalararası qoruğu yaradılıb və belə bir qərar da Ermənistan SSR Nazirlər Soveti tərəfindən imzalanıb. Qoruq Ermənistan SSR Qoris və Azərbaycan SSR Laçın rayonları ərazisində yerləşirdi və gölün kiçik bir şimal-şərq hissəsi sərhədin o biri tərəfində olub. Qoruğa isə Ermənistan tərəfi baxıb, və işçiləri həmişə ermənistanlılar olub".

Yuri Cavadyan 1986-1990-cı illərdə Ermənistan SSR Su təsərrüfatı və meliorasiya naziri vəzifəsini tutub. Onun sözlərinə görə, Qaragölün ''kiçik bir hissəsi Azərbaycanın olub''.

Gölün yaxınlığındakı 7 kənd üçün içməli su və suvarma üçün şəbəkə onun rəhbərliyi ilə tikilib. Onun sözlərinə görə, Sovet İttifaqı dövründə gölün kiçik bir hissəsi Azərbaycana məxsus olsa da, gölü təmiz saxlamaq üçün erməni tərəfi çalışırdı ki, ''azərbaycanlı çobanlar öz sürülərini gölə yaxınlaşdırmasın''.

"Orada qoyun otarırdılar, çimizdirib su içirdirdilər. Biz post qoyub, qadağan elədik ki, qoyunları gətirib çimizdirməsinlər," - Yuri Cavadyaan deyib.

Ermənistan rəsmiləri Qaragölə aid onlarda Sovet dövrünün hərbi xəritələrinin olduğunu bildirir, erməni dilində saytlarda internetdən götürülmüş xəritə təsvirləri yer alıb.

ArmGeo layihəsinin müəllifi Tiqran Varaq belə bir xəritə ortaya çıxarıb. Onun iddiasına görə, həmin xəritə Sovet İttifaqı Silahlı Qüvvələri Baş Qərargahının 1973-cü ilə aid xəritəsidir.

Şəklin mənbəyi, chartsandmaps.com

Şəklin alt yazısı,

1942-ci ilin koordinatları əsasında tərtiblənmiş və Sovet Genştabına məxsus olduğu deyilən xəritənin fraqmenti

Sovet ordusu Genştabının xəritəsilə bağlı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Kommersant nəşrinə burada ''bir vacib məqamın olduğunu" qeyd edib.

"Rusiya Baş Qərargahının xəritələri ilə Sovet dövrünün Ermənistan xəritələri tamamilə üst-üstə düşür , - Qriqoryan deyib. Yəni bu xəritələr Azərbaycan hərbçilərinin suveren ərazilərdə olduğunu açıq şəkildə sübut edir. Burada ikinci bir fikir ola bilməz. Onlar (Azərbaycan əsgərləri - Kommersant) ərazilərimizi tərk etməlidirlər," - Rusiyanın Kommersant nəşri Armeni Qriqoryana istinadla yazıb.

Hərənin öz xəritəsimi var?

Ekspertlər hesab edir ki, Ermənistanda və Azərbaycanda fərqli xəritələr mövcuddur.

"Biz öz xəritələrimizə istinad edirik. Hərənin öz xəritəsi var'', Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir.

''Onların xəritəsinin rəsmi Bakı üçün əhəmiyyəti yoxdur, - politoloq deyib. - Digər tərəfdən Laçında vaxtilə yaşayan insanlar, şahidlər də deyir ki, Qaragöl hər zaman Azərbaycan ərazisində olub, orada heyvanlar otlanıb, suyundan istifadə edilib."

Elxan Şahinoğlu ona da diqqəti çəkib ki, "Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olmasına baxmayaraq, heç bu ölkə ilə sərhədlər tam müəyyənləşməyib, o ki qaldı Ermənistan olsun."

Hərbi məsələlər üzrə şərhçi Cəsur Məmmədov isə "ortada aşkar bir xəritənin olmadığına" diqqəti çəkib.

"Qeyd edim ki, Azərbaycan əraziləri tarixən mərhələ-mərhələ Ermənistana verilib və mümkündür ki, 60-70-ci illərin xəritəsi üzərində hər hansı işlər getsin, danışıqlar olsun və s. Bu narazılıqlar, gərginliklər də onunla bağlı ola bilər", - Cəsur Məmmədov bildirib.

Xəritə məsələsində tərəflərin fərqli mövgedə durduğu fikrini rusiyalı ekspert Aleksandr Skakov da qeyd edib.

Moskva Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov hesab edir ki, "sərhədləri müəyyənləşdirməyə imkan verəcək vahid Sovet xəritəsi yoxdur". O bu fikri rusdilli Kavkazski Uzel nəşrinə bildirib. "Bir çox Sovet xəritələri var, lakin həmin xəritələrdə məlumat çox vaxt fərqli olur. Bu, kifayət qədər ciddi bir problemdir. Hər bir ölkə özünə sərf edən Sovet xəritələrindən istifadə edir."

Onun təbirincə, "mübahisəli məsələlərin həllinə imkan verən və bütün tərəfləri razı salan hansısa konkret bir xəritə yoxdur."