Türkiyə Azərbaycana minaaxtaran itlər hədiyyə edib, Azərbaycan və Türkiyə hərbçilərinin taktiki təlimi keçirilib

Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi

Şəklin mənbəyi, MOD.gov.az

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edilib, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib - daha ətraflı BBC News Azərbaycan

Azərbaycan və Türkiyə hərbçilərinin taktiki təlimi keçirilib

2021-ci il üçün birgə fəaliyyət planına əsasən Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

"Azərbaycan Ordusunun ümumqoşun poliqonunda keçirilən təlimin əsas məqsədi iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir," - məlumatda deyilib.

"Təlim zamanı xüsusi qruplar sutkanın müxtəlif vaxtlarında gizli yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızmaq, komanda məntəqəsi və hərbi təyinatlı obyektləri ələ keçirmək üzrə tapşırıqları yerinə yetirib."

"Məşğələlərdə əsas diqqət gizli hərəkətin təşkilinə, diversiya qruplarının məhv edilməsinə, düşmən təxribatlarının qarşısının alınmasına və antiterror əməliyyatlarının xüsusiyyətlərinin öyrənilməsinə yönəldilib," - Azərbaycan MN-in məlumatında qeyd olunub.

Türkiyə Azərbaycana minaxtaran itlər hədiyyə edib

Şəklin mənbəyi, FHN.GOV.AZ

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it təmənnasız olaraq hədiyyə edilib, FHN-nin mətbuat üçün məlumatında bildirirlib.

"İtlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun 10 nəfərdən ibarət təlimatçı kinoloq qrupu hazırda qardaş ölkədə təlim kurslarında iştirak edir," - məlumatda deyilib.

Bu ilin mart ayından başlamış təlim kursları Türkiyə Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə Bursa şəhərində keçirilir.

"Kurslarda əməkdaşlar Azərbaycan FHN-ə hədiyyə edilmiş itlərlə minaların axtarışı və ərazilərin minalardan təmizlənməsi üzrə təlimlər keçirlər, - məlumatda deyilib. - Kinoloqlar təlim kursunu tezliklə başa vurub itlərlə bərabər Azərbaycana dönərək işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaqlar."

İtkin düşən iki hərbçinin şəxsiyyəti müəyyən edilib

Şəklin mənbəyi, Azertag

Azərbaycan Hərbi Prokurorluğu itkin düşmüş daha iki hərbi qulluqçunun şəxsiyyətinin müəyyən edildiyini şənbə günü bildirib.

"İtkin düşmüş daha iki hərbi qulluqçunun - baş leytenant Qənbərli Qənbər Bəhruz oğlunun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilərək meyitləri aidiyyəti üzrə verilib," - məlumatda detilir.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin davam etdiyi Hərbi prokurorluğun məlumatında qeyd olunub.

Rəsmi Bakı: Sərhəddəki gərginliyin səbəbi beynəlxalq hüququn "Ermənistan tərəfindən tapdalanmasıdır"

Şəklin mənbəyi, AZERTAG

Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistanla Azərbaycan arasında sərhəddə gərginliklə bağlı sualına bildirib ki, son 30 ildə iki dövlət arasında sərhədin müəyyən olunmamasının əsl səbəbi "bütün bu illər ərzində beynəlxalq hüququn fundamental prinsiplərinin məhz Ermənistan tərəfindən tapdalanmasıdır."

"Ermənistanın 30 ildən sonra nəhayət beynəlxalq hüququ yada salması ümumilikdə müsbət bir haldır, - Azərbaycan XİN rəsmisi qeyd deyib. - Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir."

Azərbaycanda ikinci mərhələ üzrə indiyədək 852 min 593 nəfər vaksinasiya olunub

Şəklin mənbəyi, Getty Image

Mayın 23-də Azərbaycanda COVID-19 infeksiyasına qarşı 25 min 406 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bildirdiyinə görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 19332, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 6074 nəfər olub.

Hazırkı dövrədək Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 986 min 969-a bərabərdir.

Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 134 min 376, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 852 min 593 nəfərdir.