Azərbaycan və Ermənistan arasında “Qarabağın statusu” çəkişməsi: "Bu xalqlar əvvəl-axır ortaq bir məxrəcə gəlməlidirlər"

Yorğan çırpan kişi

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı,

Xankəndi, 3 noyabr, 2020-ci il

Ermənistanda parlament seçkilərindən sonra rəsmi Yerevan Azərbaycanla sülh danışıqlarının başlanması üçün Qarabağın statusunun həllinin prioritetlərdən biri olduğunu vurğulayır. Rəsmi Bakı isə dəfələrlə birmənanı şəkildə Qarabağa hər hansı status verilməyəcəyini bəyan edib.

Prezident İlham Əliyev bir neçə gün öncə bunu bir daha təkrarlayıb: "Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var".

Ermənistan rəhbərliyi də öz növbəsində dəfələrlə təkrarlayıb ki, Azərbaycanla Qarabağın statusu məsələsi tamamilə həll olunmayana qədər digər ümumi qərarlar və başqa yanaşmalar haqqında danışmaq çətin olacaq

İki tərəfdən səslənən bəyanatlar sülh danışıqlarının heç də tezliklə başlana biləcəyinə işarə etmir: çünki irəli sürülən əsas şərt - Qarabağın statusu barədə tərəflərin mövqeyi qütbləşib. Bəs, bu ziddiyətli mövqeləri nə dəyişə bilər? Qarabağın statusu ilə bağlı tərəflər arasında ortaq məxtəc varmı?

"Ermənistan hazır deyil"

Ermənistanda mənzillənən Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosyan hazırkı vəziyyətin rəsmiləşməsi üçün diplomatik danışıqların zəruri olduğunu deyib. Hərçənd ki, o, Ermənistanın belə danışıqlara hazırlıqsız olduğunu düşünür.

"Ermənistan Dağlıq Qarabağla bağlı diplomatik danışıqların yenidən başlanması üçün təhlükəli şəkildə hazırlıqsız qalır. Qarabağın qalıqlarını qurtarmaq üçün diplomatik imkanlardan istifadə etmək üçün hər hansı bir şans əldən verilə bilər, çünki nə Ermənistanın, nə də Qarabağın diplomatik strategiyası yoxdur,"- Richard Giragosyan əlavə edb.

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı,

Şuşa şəhərində yenilənmə işləri aparılır

Bəzi təhliliçilərə görə, Yerevan özünü Qarabağda yaşayan ermənilərin müdafiəçisi qismində gördüyü üçün hesab edir ki, onların müqəddəratı həll olunmayana kimi o, Azərbaycanla hər hansı münasibətin normallaşmasına gedə bilməz. Buna görə də təkidlə qaldırılan status məsələsinə bu qədər önəm verilir.

Hərçənd ki, Richard Giragosyana görə, sülh danışıqları vasitəçilərin nəzarəti altında keçəcək və müharibədən sonrakı reallığı əhatə edəcək.

Ortaq məxrəc

"ABŞ və Rusiyanın vasitəçiliyi və nəzarəti altında keçəcəyi güman edilən qarşılıqlı diplomatik danışıqlar, həmçinin diqqəti Dağlıq Qarabağın həll olunmamış "statusu" məsələsinə yönəldəcək, lakin müharibədən sonrakı yeni reallığa əsaslanaraq..." - Richard Giragosyan BBC News Azərbaycancaya deyib.

Ortaq məxrəcə gəlmənin mümkünlüyü barədə BBC News Azərbaycancaya danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva inanır ki, bir yol tapılacaq:

"Bilirsiniz nəyə görə, çünki bu xalqlar əvvəl-axır ortaq bir məxrəcə gəlməlidirlər, çünki biz burada yaşayırıq," - Gülşən Paşayeva deyib.

"Söhbət ondan gedir ki, əgər biz Qarabağda bu gün yaşayan və sabah yaşayacaq erməni və azərbaycanlıların bir yerdə yaşamasını istəyiriksə, hər ki dövlətin nümayəndələri burada konstruktiv olmalıdırlar".

Hər iki tərəf də müharibədən sonrakı sülh naminə müəyyən güzəştlərin zərüruliyini qəbul edirlər. Lakin konkret olaraq "statusa" gəlincə mövqelər qütbləşmiş qalır. Hətta danışıqların formatı və ardıcıllığı barədə də yekun fikir formalaşmayıb.

Gülşən Paşayevaya əsasən, "sülh danışıqları" deyəndə söhbət ümumilikdə əlaqələrin normallaşması prosesinin "vacib hissəsindən" gedir: "Söhbət ondan gedir ki, Azərbaycan və Ermənistan münasibətlərini normallaşdırmaq baxımından sonda gəlib hansısa bir sazişin imzalanmasına çıxırlar".

Richard Giragosyan müharibədən sonrakı dövrdə də hər iki tərəfin onu çox fərqli şəkildə görməyə davam etdiyini deyir. "Azərbaycan müharibənin münaqişəni həll etdiyinə inanır, Ermənistan isə Qarabağın statusu ilə bağlı diplomatik danışıqlara qətiyyətlə sadiq qalmaqdadır".

Şəklin mənbəyi, TASS/Getty images

Şəklin alt yazısı,

Xankəndi, 19 oktyabr, 2020-ci il

Rusiyanın irəli sürdüyü 2020-ci il noyabr atəşkəs razılaşmasını daha davamlı və dayanaqlı sülh müqaviləsinə çevirmək üçün rəsmi diplomatik danışıqlara ehtiyac olsa da, tərəflərin uzun illər ərzində formalaşan yanaşması buna əngəl törədir, Richard Giragosyan deyir.

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanla görüşündə Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağın statusunu vacib məsələ adlandırıb və ATƏT Minsk qrupunun gündəliyində qaldığını deyib.

Politoloq Leyla Əliyevaya əsasən, Dağlıq Qarabağa status verilməsi ilə bağlı Azərbaycana təzyiqlər arta bilər və onlara etiraz etmək "çətin olacaq".

"Əlbəttə İlham Əliyev deyə bilər ki, olmayacaq. Amma təzyiqlər çox böyükdür, təzyiqlər ola bilər. Əgər İlham Əliyev parlamentlə, sivil cəmiyyətlə məsləhətləşmələr aparmasa, bu, çox çətin olacaq. Yəni buna etiraz etmək çox çətin olacaq", - Leyla Əliyeva BBC News Azərbaycancanın Sual Vaxtı proqramına bildirib.

Bu məsələdə Ermənistanla Azərbaycanı fərqləndirən nədir? Leyla Əliyevanın sözlərinə görə, əsas fərqi budur ki, orada qərarlar üçün məsuliyyət bölüşdürülüb.

"Amma bizdə belə bölüşdürülümüş məsuliyyət yoxdur. Qərarı ancaq Prezident qəbul edir. Və belə getsə, ona təzyiq edə bilərlər".

Gülşən Paşayevaya əsasən, Ermənistan vaxtilə Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı qaldırıb, ona görə, Ermənistan "ən azı Azərbaycanın ərazi bütövlüynü tanımalıdır". Bundan sonra, "bu proseslərin içində" kənar tərəf kimi olaraq, Ermənistanın Qarabağda yaşayan azlığın hansısı hüquqları barədə danışmaq haqqı barədə düşünmək olar.

Hər iki tərəf hazırda razılaşır ki, mövcud vəziyyət müvəqqətidir və onun sonucu gələcək sülh diplomatiyası olmalıdır. Lakin onun vaxtı, formatı və şərtləri hələ ki, mübahisə məsələsi olaraq qalır.