İlham Əliyev: "25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"

İlham Əliyev

Şəklin mənbəyi, Azertag

Prezident İlham Əliyev "Dağlıq Qarabağın statusu" ilə bağlı mövqeyini dəyişmədiyini bəyan edib.

Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində o deyib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur: "Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz".

İlham Əliyev bazar günü Azərbaycana səfərə gəlmiş Avropa İttifaqı Şurasının prezidenti Charles Michel-in Bakıda verdiyi bəyanatlar zamanı "Dağlıq Qarabağ" və "status" sözlərini işlətməməsini "hörmət əlaməti kimi qəbul edildiyini" deyib.

O əlavə edib ki, Azərbaycan Xankəndinə nə qədər adam, nəqliyyat vasitəsi gəlib-getdiyini görür və orada baş verənlərlə bağlı məlumatlara sahibdir: "...bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. ...25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"

"Amma pulu verirlər Ermənistana..."

İlham Əliyev Avropa İttifaqının Ermənistan və Gürcüstana 2 milyard avrodan çox vəsait ayırmasını, Azərbaycana isə heç nə ayırmamasını "ədalətsiz" adlandırıb.

Onun fikrincə, bu vəsaitin verilmə səbəbi müharibədir və müharibədən də ən çox əziyyət çəkən ölkə Azərbaycandır: "Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir".

İlham Əliyev əlavə edib ki, Azərbaycana heç kim belə bir vəsait təklif etməyib: "Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür?

Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik".

Azərbaycan Prezidenti deyib ki, Aİ-nın ayırdığı vəsaitin bir hissəsinin kredit olduğu deyilir, amma onlar güzəştli kreditdən imtina etməzdilər: "Azərbaycan elə bil ki, kreditlər götürmür.

Düzdür, götürmürük, ancaq güzəştli şərtlər olsa, niyə də götürməyək, götürərik. Bir də ki, Ermənistana qrant verilir, yəni hədiyyə. Bizə isə verilmir. Amma buna daha çox bizim ehtiyacımız var".

İlham Əliyev ümid edir ki, bu məsələyə aydınlıq gələcək və Ermənistana ayrılan vəsait eyni şərtlərlə Azərbaycana da təklif ediləcək.

"...Saziş bəlkə də yaxın aylarda imzalana bilər"

İlham Əliyev Avropa İttifaqı ilə bağlanması gözlənən Sazişin 90 faizinin razılaşdırıldığını deyib: "...qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər".

O vurğulayıb ki, Azərbaycanın ticarət sahəsində, o cümlədən ixracaatda əsas tərəfdaşı Avropa İttifaqıdır.

Kərbəcərə Ömər aşırımdan yeni yol

İlham Əliyev müsahibəsində deyib ki, Kəlbəcərə Ömər aşırımdan yeni yol çəkirilir.

"Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb.

Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq".

Prezident deyib ki, hazırda Zəngilan-Qubadlı-Laçın yolu da çəkilir.

O vurğulayıb ki, Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası artıq ona təqdim edilib, Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə isə artıq başlanıb.

İlham Əliyev deyib ki, azad edilmiş ərazilərdə görülən bütün bərpa və yenidənqurma işləri dövlət büdcəsi hesabına aparlır: "Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik".

Şəklin mənbəyi, President.az

"Bir-birinə inanan siyasətçilərik"

Rusiya ilə münasibətlərə toxunan İlham Əliyev deyib ki, onunla Prezident Putin arasında "çox yaxın əlaqələr" var: "Biz bir-birinə inanan siyasətçilərik".

O, Rusiyaya son səfərinə toxunaraq əlavə edib ki, Putinlə post münaqişə dövrünü müzakirə edib və münaqişənin başa çatması, Ermənistanda heç bir revanşist meyillərə yol verilməməsi və bundan sonra bölgədə sülh olması ilə bağlı Rusiya ilə fikir ayrılığı yoxdur.

İlham Əliyevin sözlərinə görə, Ermənistan dəmir yolunun Zəngəzur dəhlizindən keçməsinə razılıq verib: "Ancaq avtomobil yolunun çəkilişinə etiraz edir. Bu da 10 noyabr tarixində imzalanmış Bəyannaməyə ziddir.

Çünki orada 9-cu maddədə göstərilir: yollar açılır - dəmir yolu, avtomobil yolları. Necə ola bilər dəmir yolu açılsın ki, Ermənistan İranla, Rusiya ilə dəmir yoluna malik olsun, amma biz avtomobillə Naxçıvana gedə bilməyək? Belə şey olar? Belə şey ola bilməz.

Bu məsələ ilə bağlı Rusiya Prezidenti ilə fikir mübadiləsi apardıq və hesab edirəm ki, növbəti mərhələdə İrəvandan daha ümidverici xəbərlər gələcək".

Prezident deyib ki, kommunikasiyaların açılması üzərində işləyən üçtərəfli işçi qrupu iyunun əvvəlindən yığışmır və o bunda Ermənistanı günahlandırır.

İlham Əliyev əlavə edib ki, Rusiyanın Baş nazirinin müavini Ermənistana, Azərbaycana səfərlər edir və məsələləri ikitərəfli formatda müzakirə edir:

"Hər halda bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır".