Azərbaycanda uçuşlar üçün yeni qaydalar açıqlanıb, Paşinyan parlamentə keçə bilməyən partiyalarla görüşüb, Tokioda ilk qızıl medalın sahibi məlum oldu

hava limani

Bu günün xəbərlərində: Azərbaycanda uçuşlar üçün yeni qaydalar açıqlanıb, Paşinyan parlamentə keçə bilməyən partiya nümayəndələrilə görüşüb, Tokioda ilk qızıl medalın sahibi məlum oldu, Azərbaycan-Ermənistan sərhədində "vəziyyət sabitdir", Azərbaycan ona məxsus olduğu deyilən hərbi dronun vurulması barədə xəbərləri təkzib edib.

Azərbaycanda uçuşlar üçün yeni qaydalar açıqlanıb

Sərhəd nəzarətindən keçərkən koronavirusla bağlı qüvvədə olan "tələblərə cavab verməyən" Azərbaycan vətəndaşları iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaq. Bundan başqa, "zəruri hallarda" belə sərnişinlər aviadaşıyıcının hesabına "müalicə olunur".

Bu barədə hava nəqliyyatı ilə sərnişin daşımalarına dair qaydalara edilən yeni düzəlişlərdə deyilir.

"Sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaq".

İndiyədək iki həftəlik karantin qaydası tətbiq olunub. Lakin bu qaydalar aviadaşıyıcının hesabına karantin və müalicəni nəzərdə tutmurdu.

"Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalara" düzəlişlər Nazirlər Kabineti tərəfindən iyulun 24-də təsdiqlənib.

Azərbaycan vətəndaşları reysə qəbul olunmaq üçün uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təqdim etməlidirlər.

1 yaşınadək uşaqlar üçün PCR testi tələb olunmur.

Şəklin mənbəyi, AFP/Getty Images

Paşinyan parlamentə keçə bilməyən partliyalarla görüşüb

Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ötən ay keçirilən erkən seçkilərdən sonra parlamentə daxil ola bilməyən on siyasi partiyanın liderlərini qəbul edib. Bu barədə şənbə günü hökumətin yaydığı açıqlamada deyilir.

Məlumata əsasən, qeyri-parlament partiyaları ilə görüş məsləhətləşmə formatında keçən ilk toplantı olub. Bundan əvvəl Nikol Paşinyan belə formatın siyasi və ictimai məsələlərin müzakirəsində vacib bir platformaya çevrilməli olduğunu qeyd edib.

Ermənistan Konstitusiya Məhkəməsi ötən həftə parlament seçkilərinin nəticələrinə dair MSK-nın qərarını qüvvədə saxlayıb. Seçkilərin etibarsız hesab edilməsini keçmiş Prezident Robert Koçaryanın "Hayastan" bloku da daxil olmaqla, 4 partiya tələb edirdi.

20 iyun parlament seçkilərində Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 53,91 faizini alıb.

İkinci yerdə gələn "Hayastan" blokunu seçicilərin 21,9 faizi dəstəkləyib. "Pativ unem" (Təzim edirəm) bloku isə səslərin 5.22 faizini qazanıb.

Tokioda ilk qızıl medalın sahibi məlum oldu

Şəklin mənbəyi, Getty Images

Tokio Yay Olimpiya Oyunlarında ilk qızıl medalın sahibi çinli idmançı olub. 21 yaşlı Qian Yang pnevmatik tüfəng atıcılığında Olmipiya rekordunu yeniləyib.

İkinci yerdə gələn rusiyalı Anastasiya Qalaşina gümüş medala sahib olub. İsveçrəli Nina Kristen isə bürünc medalla üçüncü yerdə qərarlaşıb.

Tokio 2020 Olimpiya Oyunlarında Azərbaycanı 44 idmançı təmsil edir.

Ötən gün başlayan oyunlar pandemiyaya görə fövqəladə vəziyyət şəraitində keçirilir.

Şəklin mənbəyi, Kəlbəcər IH

Azərbaycan-Ermənistan sərhədi: atışmalardan sonra "vəziyyət sabitdir"

Azərbaycan-Ermənistan sərhədində ötən gün davam edən atışmalardan sonra tərəflər vəziyyətin sabitləşdiyini qeyd edirlər.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Vedi rayonunun Arazdəyən kəndi üzərində "guya Azərbaycan" hərbi dronunun vurulması barədə yayılan xəbərləri təkzib edib. Nazirliyin yaydığı məlumata əsasən, onun bölmələri tərəfindən havaya "heç bir PUA qaldırılmayıb".

Şənbə günü Ermənistan Müdafiə Nazirliyi hava məkanına "müdaxilə etmək cəhdini" şərh edib.

"23 iyul tarixində saat 23.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində PUA-nın Ermənistan Respublikasının hava məkanına müdaxilə etmək cəhdini dayandırıb".

Azərbaycan Müdafiə Nazirliyinə əsasən, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində "vəziyyət sabitdir". Ermənistan Müdafiə Nazirliyi də sərhədin "bütün istiqamətlərində" vəziyyətin sabit olduğunu bildirir.

Bu məlumatdan əvvəl, cümə günü, Azərbaycan tərəfi Kəlbəcər rayonu sahəsindəki mövqelərinin atəşə tutulması nəticəsində bir hərbçinin şəhid olduğunu bildirib. Ermənistan isə üç hərbçinin yaralandığını açıqlayıb.

"İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub", - Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin Geğarkunik bölgəsindəki mövqelərinə atəş nəticəsində üç hərbçinin yaralandığını bildirir. Onların həyatına təhlükə yoxdur, Ermənistan Müdafiə Nazirliyi cümə günü bildirib.

Azərbaycan XİN "təxribata görə" bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirir.

"Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür".

Öz növbəsində Azərbaycanı "növbəti təxribatda" ittiham edən Ermənistan Müdafiə Nazirliyi hadisəyə görə məsuliyyətin Azərbaycanın üzərinə düşdüyünü bildirir.

Son günlər sərhəd bölgəsində atəşkəs mütəmadi pozulur. Bundan əvvəl baş vermiş atışmada Azərbaycan ordusunun hərbi qulluqçusu yaralanmış, Ermənistanın isə bir əsgəri həlak olmuşdu. Azərbaycan və Ermənistan atəşkəsin pozulmasına görə bir-birlərini ittiham edirlər.

Şəklin mənbəyi, Armgeo.am

Şəklin alt yazısı,

Azərbaycan-Ermənistan sərhədi, Zəngəzur, Sevliç, Qaragöl

''Azərbaycan Silahlı Qüvvələri olduqları mövqelərdə dayanıblar''

Sosial mediada Azərbaycan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin yaxınlığında, Qaragöl istiqamətində hərəkət etdiyini göstərdiyi iddia olunan video yayılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı yayılan videonu şərh etmək istəməyib, bunu həmin videonun nə vaxt çəkildiyini bilməməsi ilə izah edib. Ancaq o BBC News Azərbaycancaya deyib ki, Azərbaycan Silahlı Qüvvələri ''olduqları mövqelərdə dayanıblar''.

Azərbaycan hərbi qüvvələri bir müddət əvvəl Qaragöl ətrafında mövqe tutmuş, Ermənistan bunu ərazisinə müdaxilə kimi qiymətləndirmiş, Azərbaycan isə işğala qədərki sərhədlərini bərpa etməsi ilə əsaslandırmışdı.

Azərbaycan hərbi qüvvələrinin dislokasiyası adı altında yayılan bu videodan azərbaycanlı hərbçilərin Qaragöl istiqamətindəki mövqeləri tərk etdiyi, ya ora getdikləri aydın deyil.