Azərbaycan Rusiyaya nota verib, Bakı Naxçıvandakı mövqelərinin atəşə tutulduğunu bildirib

XİN

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı,

ABŞ səfiri XİN-ə çağrılıb

Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinə Azərbaycan XİN-in notası təqdim olunub, Azərbaycan Naxçıvan istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Avqustun 1-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub, XİN-in Mətbuat xidməti bildirib.

Görüşdə Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin "Komsomolskaya Pravda" radiosunun 30 iyul tarixli buraxılışında "Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb", xəbərdə deyilir.

"Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb", Azərbaycan XİN-i vurğulayıb.

"Bu xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub", məlumatda deyilib.

Bakı Naxçıvandakı mövqelərinin atəşə tutulduğunu bildirib

Şəklin mənbəyi, MOD.GOV.AZ

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirib.

"Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub", - MN mətbuat xidmətinin məlumatında deyilib.

"Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur, - məlumatda qeyd olunub. - Cavab atəşi ilə qarşı tərəf susdurulub."

Bakı hazırda bu istiqamətdə "vəziyyətin sabit olduğunu" bildirib.

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - Azərbaycan MN-in məlumatında deyilib.

Ötən gün Azərbaycan MN-i Azərbaycan-Ermənistan sərhədində atışma barədə Ermənistanın yaydığı məlumatını təkzib etmişdi.

Şənbə günü Ermənistan Müdafiə Nazirliyi Naxçıvan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin bölmələri arasında atışma baş verdiyini bildirib.

Məlumata görə, iyulun 31-də "saat təxminən 6:30-da" Azərbaycan SQ bölmələri Ermənistan ərazisində yerləşən mövqeləri "atəşə tutaraq", texniki vasitələrlə "öz postlarını möhkəmləndirmək üzrə işlər icra etməyə çalışıb".

"Ermənistan tərəfinin cavab tədbirləri nəticəsində qarşı tərəfin atəşi və istehkam işləri dayandırılıb", - məlumatda deyilib.

Azərbaycan tərəfi bu məlumatı təkzib edib.

"Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb".

Son günlərdə sərhəd bölgəsində atışma hallarının sayı artıb. Hər iki ölkə atəşkəsi pozmaqda bir-birini ittiham edir.

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images