Gəncədə raket zərbəsindən evləri dağılanlar: “11 aydır evimizi tikmirlər…”

  • İlkin Həsənov
  • Bakı, BBC News Azərbaycanca
ARXİV: BBC müxbirlərinin mart ayında Gəncəyə səfəri zamanı Muxtar Hacıyev küçəsindəki bir çox ev dağıkl vəziyyətdə idi.
Şəklin alt yazısı,

Mart, 2021, Muxtar Hacıyev küçəsi, Gəncə: BBC müxbirlərinin mart ayında Gəncəyə səfəri zamanı Muxtar Hacıyev küçəsindəki bir çox ev dağıkl vəziyyətdə idi. (Arxiv)

Ötən il İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə endirilən raket zərbələri nəticəsində ev-eşikləri dağılan sakinlər hələ də evlərinin tikilməməsindən şikayətçidirlər.

Aida İmamquliyeva, Muxtar Hacıyev küçələrinin sakinləri BBC News Azərbaycancaya deyiblər ki, 11 aydır onların evləri tikilib təhvil verilmir.

Dövlət Şəhərsalama və Arxitektura Komitəsi bildirib ki, Gəncədə 3800-dən çox zərər dəyən tikilililərin bəzilərində işlər bitib, 800-dən çoxunda isə işlər davam etdirilir.

Rəsmi məlumatlara görə, sonuncu müharibə vaxtı Gəncədə raket zərbələrindən 1000-dən artıq fərdi yaşayış evi qismən zədələnib və ya tamamilə dağıdılıb.

Şəklin mənbəyi, İlham Əbilov

"Gündə bir mühəndis dəyişirlər"

Ötən il oktyabrın 17-də raket zərbəsindən evi dağılan Samirə Əsgərova Gəncə şəhər icra hakimiyyətinə dəfələrlə şikayət etsə də, hər dəfə tikintini aparan şirkətlə danışmalı olduğunu eşidir.

"Bu şirkətlər də gündə bir mühəndis dəyişirlər, işi kim görür, məlum deyil. Bu aylar ərzində dəfələrlə hamımız yığılıb "icra"ya (şəhər icra hakimiyyəti nəzərdə tutulur-red.) getmişik, amma nəticəsi yoxdur".

Raket zərbəsindən dağılan evdən Əsgərovlar ailəsi "bir çöp də çıxara bilməyib," üstəlik, ailə üzvlərindən biri yaralanıb. "Hələ də onun müalicəsi gedir," - deyə Samirə Əsgərova əlavə edib ki, tikintinin ləngiməsi onların bütün həyatını alt-üst edib.

"Bizə demişdilər ki, 5 aya dövlət sizin kirayənizi ödəyəcək və eviniz bu müddətə tikiləcək, amma normal iş getmir deyə bizim evimiz yəqin gələn ilə bitər. Ya deyirlər usta yoxdur, ya da deyirlər material yoxdur. İki ustayla 2 mərtəbəli ev tikilərmi?! Biri palçıq qoyur, biri daş qoyur. 11 aydır bizim evimizi tikmirlər, amma işğaldan azad olunan yerlərdə aeroport tikilib bu vaxtda," - Samirə Əsgərova deyib.

Şəklin mənbəyi, İlham Əbilov

Şəklin alt yazısı,

Maliyyə Nazirliyi İlham Əbilovun müraciətinə cavabında şikayətçiyə aidiyyatı qurumlara müraciət etmək tövsiyə olunub.

"İki uşaqla çarəsiz qalmışıq"

Muxtar Hacıyev küçəsi 2-ci döngə ev 15-də yaşayan İlham Əbilov deyib ki, indiyə kimi görülən iş "yalnız evin zirzəmisinin qazılmasından" ibarətdir.

"11 ayda bir zirzəmi qazmaqla ev tikmək olar?.. Ailəm iki uşaqla çarəsiz qalıb. Həyətimdə maşın təmiri sexim vardı, o da dağılıb, müflis olmuşam. Dolu evlərimiz məhv oldu, indi adi stəkana belə ehtiyacımız var. Bütün verilən sözlər boşdur, heç kəs şikayətimizə baxmır, bizimlə maraqlanan yoxdur," - İlham Əbilov əlavə edib.

Şəklin mənbəyi, İlham Əbilov

Şəklin alt yazısı,

İlham Əbilov: "11 ayda bir zirzəmi qazmaqla ev tikmək olar?.."

"Bəzi ailələrə təzminat verilib, bəzilərinə yox"

BBC Azərbaycancaya danışan onlarla sakin deyir ki, FHN nümayəndələri onlara dəyən ziyanı aktlaşdırıblar, məbləği müəyyənləşdiriblər, amma bəzi ailələrə təzminat verilib, bəzilərinə yox, ya da vəsaitin yalnız bir qismi ödənib.

5 ay əvvəl zərərçəkənlərin əsas şikayəti dəyən zərərin düzğün aktlaşdırılmaması idi və o zaman Gəncə Şəhər İcra Hakimiyyətindən BBC News Azərbaycancaya bildirmişdilər ki, sakinlərin narazılığı nəzərə alnacaq və evlərə təkrar komissiya baxışı təşkil ounacaq.

BBC News Azərbaycanca Gəncə şəhər icra hakimiyyəti ilə əlaqə saxlaya bilməyib.

Müharibə zamanı zərər görən yaşayış obyektlərinin tikintisinə nəzarət edən Dövlət Şəhərsalama və Arxitektura Komitəsi bildirib ki, Gəncədə ümumilikdə 3800-dən çox tikiliyə zərər dəyib.

"Hazırda qəzalı tikililərdən 32 yaşayış evinin hər biri yenidən inşa edilir, 1 sahibkarlıq obyekti tikilir. 2300-ə yaxın tikilinin təmir-bərpası yekunlaşıb, 800-dən çoxunda işlər davam etdirilir,"- qurumun yazılı göndərdiyi cavabda deyilir.

Gəncədə bəzi evlərin tikintisinin ləngiməsini Komitə onların fərdi layihə əsasında tikilməsi ilə əlaqələndirir:

"Gəncə şəhərində dağılmış evlərin əksəriyyətinin birtipli olmadığı və əmlak sahəsinə uyğun individual layihə ilə tikildiyi, ilkin texniki baxış aktının nəticələri ilə razışmayan sakinlərin yenidən qiymətləndirmə işlərinin aparılması üçün Dövlət Komissiyasına müraciət etməsi halları nəzərə alınmalıdır. Həmçinin, bəzi sakinlər tərəfindən səlahiyyətlərimiz xaricində tələblər irəli sürülərək işlərin gedişatına manelər yaradılır".

Şəklin mənbəyi, İlham Əbilov

Sakinlər BBC News Azərbaycancaya deyiblər ki, bəzi zərərçəkmişlərə evlərini özlərinin tikməsi üçün kompensasiya verilib və onlar belə "fərqli yanaşmadan" gileylənirlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən BBC News Azərbaycancaya bildirilib ki, bəzi yaşayış evlərinə dəymiş ziyanın az olduğu nəzərə alınaraq, sakinlərə təmirlərini şəxsən həyata keçirmələri üçün müvafiq vəsait ayrılıb.

Prezident İlham Əliyev zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar 2020-ci ilin dekabrın 14-də Sərəncam imzalamışdı. Həmin sərəncama görə, qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6000, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat ayrılması nəzərdə tutulmuşdu.

Aprel ayına olan rəsmi məlumata görə, bu işlərin 25 faizi icra olunub.