Bu günün xəbərləri: Rus sülhməramlıları Xocavənddə erməni zəvvarları müşayiət edib, şagirdlərin məktəbə könüllü göndərilməsi qaydası ləğv edilib

Kilsədə zəvvarlar və sülhməramlı

Şəklin mənbəyi, MIL.RU

Rus sülhməramlıları Xocavənddə erməni zəvvarları müşayiət edib. Şagirdlərin məktəbə könüllü göndərilməsi qaydası ləğv edilib, Qazaxda təmir işləri görən kişi tank əleyhinə minaya düşərək ölüb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın dövlət katibinin müavini Victoria Nulandla görüşdə Qarabağdakı vəziyyəti müzakirə edib. Azərbaycanda bu gündən ibtidai siniflərdə əyani dərslərə başlanılıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları Ermənistandan gələn 100-ə yaxın zəvvarın Amaras monastırına "təhlükəsiz ziyarətini" təmin ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Rusiya sülhməramlıları Amaras monastır kompleksinə gələn zəvvarların təhlükəsizliyini təmin edirlər. Bu ziyarətgah ayırıcı xəttin yaxınlığında yerləşir, ona görə də sülhməramlıların iştirakı zəruridir ", - Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Korolev bildirib.

Məlumata əsasən, zəvvarların təhlükəsizliyi onların monastıra gedərkən, ziyarət və ibadət boyunca təmin olunur. Xocavənd (Martuni) rayonundakı monastıra ziyarət üçün yerli, Ermənistan və başqa ölkələrdən zəvvarların gəldiyi qeyd edilir.

Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsi və Laçın dəhlizində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata əsasən yerləşdirilib.

Bəyanatda qeyd olunmuş 5 illik müddətinin 1 ili artıq arxada qalmaqdadır və bu vaxt ərzində Bakıdan Moskvaya ötürülən siqnallar Üçtərəfli razılaşmanın şərtlərinə necə əməl edildiyindən Azərbaycanın narahat olduğunu göstərir. Son dövrlərdə sülhməramlılar haqqında Bakının rəsmi bəyanatlarında Azərbaycan "ərazisində müvəqqəti yerləşdirilmiş" Rusiya kontingenti ifadəsinə vurğu edilir.

Şəklin mənbəyi, Təhsil Nazirliyi

Şagirdlərin məktəbə könüllü göndərilməsi qaydası ləğv edilib

Məktəblərdə şagirdlərin əyani iştirakının könüllülük prinsipi əsasında olması qaydası ləğv olunub.

Çərşənbə günü Baş nazir Əli Əsədov bu ilin yanvar ayında imzaladığı "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" qərarını ləğv edib.

Bundan sonra valideynlər uşaqları yalnız yoluxma sayının yüksək olduğu zonaya görə və ya şagirdin evində COVİD-19 xəstəsi, yaxud digər respirator virus infeksiyasına yoluxan şəxs olarsa məktəbə göndərməyə bilərlər.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev sentyabrın 14-də keçirilən brifinqdə demişdi ki, valideynlər hər iki halda məktəb rəhbərliyinə məlumat verməli və iltizam ərizəsi yazmalı olacaqlar.

Azərbaycanda sentyabrın 22-dən ibtidai siniflərdə əyani dərslərə başlanılıb. Sentyabrın 29-da isə orta və yuxarı siniflərdə, ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələrində dərslər başlanacaq.

Şəklin mənbəyi, Valery Sharifulin\TASS via Getty Images

Qazaxda 33 yaşlı kişi minaya düşüb

33 yaşlı kişi Ermənistanla sərhəd olan Qazax rayonun Bala Cəfərli kəndində tank əleyhinə minaya düşərək ölüb.

Baş Prokurorluq açıqlayıb ki, hadisə Məmməd Mərdanovun çərşənbə günü kənd ərazisində traktorla təmir işləri apardığı zaman baş verib.

Qurum bildirib ki, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib.

Hadisə ilə bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanılıb.

Baş Prokurorluq avqust ayında verdiyi sonuncu açıqlamasında ötən ilin noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından 2021-ci il avqustun 11-dək olan dövrdə işğaldan azad edilmiş ərazilərdə 23 nəfərin minaya düşərək öldüyünü, 36 nəfərin xəsarət aldığını bildirmişdi.

Şəklin mənbəyi, Eduardo Munoz-Pool/Getty Images

Erdoğan: "Azərbaycan öz torpaqlarındakı işğala son qoyub"

"Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək öz torpaqlarındakı işğala son qoyub", Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib.

O, çərşənbə axşamı günü BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı söyləyib ki, Qafqazda yaxın keçmişdə sabitlik baxımından "önəmli addımlar" atılıb.

"Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq edilməyən qərarlarında deyilən öz torpaqlarındakı işğala son qoyub. Bu hadisə regionda davamlı sülh baxımından yeni fürsət pəncərələrinin açılmasına imkan yaradıb".

Cənab Erdoğan Türkiyənin Azərbaycan və Ermənistanın atacağı hər bir müsbət qərarı "dəstəkləyəcəyini" bildirib.

Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatdı. Bəyanata əsasən, Rusiya sülhməramlıları atəşkəsin qorunması üçün Qarabağa yerləşdirilib. Bundan başqa, Türkiyə hərbçiləri Qarabağda Rusiya ilə birgə yaradılan Monitorinq Mərkəzində fəaliyyət göstərirlər.

Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi

Ceyhun Bayramov ABŞ dövlət katibinin müavini ilə Qarabağdan danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın dövlət katibinin müavini Victoria Nulandla görüşdə Qarabağdakı vəziyyəti, 10 noyabr üçtərəfli bəyanatın icrası, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyasını müzakirə edib.

ABŞ-da səfərdə olan Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edir.

"Həbs olunanların azad edilməsi, minalardan təmizlənmə və siyasi barışıq kimi bölgədə sülh və stabilliyin təşviqi üçün Minsk Qrupu həmsədrləri mexanizmi vasitəsi ilə addımlar atılmasını gözləyirik," - Victoria Nuland görüşdən sonra Twitter hesabından yazıb.

O, çərşənbə axşamı telekonftans vasitəsilə jurnalistlərin qarşısında çıxış edərək bildirib ki, ABŞ Bakı ilə Yerevan arasında sülh və barışıq danışıqlarında "yardım etməyə hazırdır" və Vaşinqton hər iki tərəfiə "eyni təklifi" verməyi planlaşdırır, Turan informasiya agentliyi yazıb.

Şəklin mənbəyi, Təhsil Nazirliyi

Azərbaycanda məktəblər açılıb

Azərbaycanda bu gündən ibtidai siniflərdə əyani dərslərə başlanılıb.

I-XI siniflərdə ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.

Yeni tədris ilində 159 minə yaxın şagird I sinfə gedəcək, Təhsil Nazirliyi açıqlayıb.

Qurum bildirib ki, respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 600 minə yaxın şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanılacaq.

Şagirdlərin maska taxmaq məcburiyyəti yoxdur və bu seçim valideynlərin öhdəsinə buraxılır.

Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib ki, ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Baş nazir Əli Əsədovun ötən ay imzaladığı qərara əsasən, bu il sentyabrın 1-dən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində bildirmişdi ki, monitorinq qruplarına cəlb olunan polis əməkdaşları təhsil müəssisələrinə "həm mülki, həm də polis formasında" daxil olacaqlar.

Onun sözlərinə görə, əgər COVİD -19 pasportu olmadan yaşı 18-dən yuxarı şəxslər təhsil müəssisələrinə daxil olarlarsa, bu zaman həmin şəxslər polis tərəfindən "məsuliyyətə cəlb olunmayacaq", lakin buna görə həmin təhsil müəsisəsinin rəhbərliyi, bu prosesə nəzarət edən şəxslər "məsuliyyət daşıyacaq".