Saleh Rüstəmov aclığı dayandırıb, vəziyyəti "yaxşıdır"

Şəklin mənbəyi, SALEH RÜSTƏMOV
Cümə axşamı günü AXCP-yə pul yardımında təqsirləndirilən Saleh Rüstəmov aclığın 41-ci günündə həkiminin məsləhəti ilə aclığı dayandırıb. onun həkimi Adil Qeybulla bildirib.
O, BBC News Azərbaycancaya deyib ki, "Saleh Rüstəmli səhhətini, keçirdiyi aclığın uzunluğunu, xəstə qardaşının da aclıq etməsini və bu aclığın onun da səhhətinə təsirlərini nəzərə alaraq, təkidli xahişlərimizdən sonra aclığı dayandırıb".
Adil Qeybulla həmçinin bildirib ki, Saleh Rüstəmlinin "müalicəsi ilə, reabilitasiyası ilə məşğuldur və onun səhhətinin yaxşılaşdırılması ilə bağlı proseslər davam edəcək".
"Komaya düşməsi xəbəri tamamilə yanlış məlumatdır. Saleh bəylə mən bu gün bir yerdə oturmuşuq, xeyli söhbət etmişik. Mənim yanımda aclığı dayandırıb, qida qəbul edib, qida qəbulunun necə aparılması ilə bağlı bütün tövsiyələr verilib. Onun orada qaldığı yer, şərait yaxşılaşdırılıb. Danışığı aydındır, özü də gəzir," - cənab Qeybulla vurğulayıb.
Rusiya vətəndaşı olan Saleh Rüstəmov 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.
Saleh Rüstəmov ittihamları rədd edib və bildirib ki, qanuni əsaslarla işlədiyi Rusiyadan AXCP-nin həbsdə olan üzvlərinə ərzaq almaq və hüquqi yardım göstərilməsi üçün 3 il ərzində partiyaya cəmi 6-7 min manat pul göndərib.
Onun özü, AXCP və bəzi hüquq müdafiəçiləri Rüstəmovun həbsini daha çox siyasi motivlərlə əsaslandırırlar.
Quru aclıq
AXCP-yə qanunsuz maliyyə yardımında təqsirləndirilən Saleh Rüstəmov "sözləri qırıq-qırıq deyir, hərəkətləri sabit deyil", onun vəkili Bəhruz Bayramov çərşənbə axşamı günü müvəkkili ilə görüşdən sonra BBC News Azərbaycancaya bildirmişdi.
"Dünəndən başlayan quru aclığı davam etdirir. Rəis qəbul edib, deyib ki bu işlərin başında duran vəkil Bəhruz Bayramovdur. O səni məcbur edib. Saleh də deyib ki, heç kim heç kimi nəyəsə məcbur edə bilməz" - cənab Bayramov demişdi.
Bəhruz Bayramov həmçinin Saleh Rüstəmovun qardaşı - Taleh Rüstəmovun da aclığa başladığını və Saleh Rüstəmovun buna etiraz etdiyini açıqlamışdı. BBC News Azərbaycanca Saleh Rüstəmovun aclığa başlamış yaxınları ilə görüşüb.
"Saleh Taleh Rüstəmovun aclığa başlamasına etiraz etdi. Taleh Rüstəmovun ağır xəstəliyi var. Ona aclıq etmək olmaz" - cənab Bayramov vurğulamışdı.
Noyabr ayında vəkil Bəhruz Bayramov Saleh Rüstəmovun Azərbaycanda elan olunan amnistiya aktının ona da şamil olunacağına ümid etdiyini söyləmişdi.
"Çox ümid edirik"
Hüquq Müdafiəçisi Səidə Qocamanlı BBC News Azərbaycancaya bildirib ki, onlar Saleh Rüstəmli ilə "aclığının bir ayı tamam olanda" görşüblər.
"Yanında olmuşuq. Söhbət etmişik, həkimi ilə danışmışıq. Xəstəxananın baş həkiminə müraciət etmişik. Artıq kifayət qədər çox vaxt keçib, onun aclığından. Biz işimizi hələ davam etdirirk. Bizim müraciətdən sonra onun yanına psixoloqlar, həkimlər göndərilmişdi. Çox ümidvaram ki, yaxın zamanda bu məsələ həll olunacaq".
Səidə Qocamanlı "çox ümidli" olmasının səbəbini açıqlamaq istəməyib və bunun hakimiyyətlə görüşmələrindən irəli gəlib-gəlmədiyini deməyib.
"Gözləyirik. Bütün demək olar ki, onunla bağlı yüksək vəzifəli məmurlarla, ombudsmanla görüşmüşük, söhbətimiz olub. Açıqlamaq istəməzdim, ancaq hər halda çox ümid edirik ki, aclığa son qoyulacaq və bu məsələ həll olunacaq" - hüquq müdafiəçisi deyib.
İttihamlarda nə deyilir?
Saleh Rüstəmov 2018-ci ildə may ayının 5-də yaxın qohumunun dəfn mərasimi üçün Azərbaycanın Gədəbəy rayonuna qayıtmış, üç gün sonra hava limanına gedərkən yolda polis tərəfindən saxlanılmış, elə həmin gün də narkotik maddələri saxlamada ittiham olunaraq həbs edilmişdi.
Sonra cinayət işinə başqa ittihamlar da əlavə edilib: istintaqın versiyasına görə, Saleh Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib və qanunsuz yollarla əldə etdiyi qazancını prokurorluğun "Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş qurum" kimi göstərdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) göndərib.
Bəhruz Bayramov söyləyir ki, Saleh Rüstəmova qarşı irəli sürülən ittihamlar əslində Azərbaycanın yox, Rusiyanın cinayət işi qaldırmasını tələb edirdi.
"Bizim Rusiya Federasiyasından sorğumuza aldığımız cavablarda bildirirdilər ki, Saleh Rüstəmov vergiləri vaxtında ödəyib, heç bir vergidən yayınma və ya qanunsuz sahibkarlıq fəaliyyəti olmayıb. Bundan başqa, Saleh Rüstəmov Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçməyib və adına heç bir əmlak yoxdur. Biz məhkəmədə ittiham tərəfinin bütün ittihamlarını qanunlara istinad etməklə alt-üst etdik, amma məhkəmə bizim verdiyimiz əsasları qəbul etmədi. Buna görə də biz hökmü qanunsuz hesab edirik".
Vəkilin sözlərinə görə, ittiham aktında Saleh Rüstəmovun AXCP-yə müxtəlif vaxtlarda ümumilikdə 700 min manat göndərdiyi iddia olunub.
"Saleh Rüstəmovun mülkiyyətində yeganə olaraq Moskva şəhərində bir mənzili var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yeri icarəyə götürüb. Onun imkanı olsaydı, elə özünün obyekti olardı. Əgər 700 min manat göndərirsə, o zaman niyə başqa sahibkarlardan yer icarəyə götürürdü?", vəkil deyir.
Saleh Rüstəmov AXCP-yə 7-8 min manata yaxın məbləğdə maliyyə vəsaiti göndərdiyini etiraf edib.
Vəkili deyir ki, Saleh Rüstəmov həmin pulları "kiçik məbləğlərlə üç il müddətində siyasi məhbus ailələrinə yardım üçün göndərdiyini bildirib".