Bakı: Sərhəddə gərginliyin qarşısının alınmasının yeganə yolu delimitasiya prosesidir

Bayramov

Şəklin mənbəyi, Azertag

Bakı sərhəddə gərginliyin aradan qaldırılmasının yeganə yolunu delimitasiya prosesində görürür, Yerevan və Bakı sərhəddəki vəziyyətlə bağlı bir-birini ittiham edirlər, Azərbaycan-Ermənistan sərhədində noyabr eskalasiyası vaxtı "mövqelərdən qaçan" erməni hərbçiləri saxlanılıb, Azərbaycanda karantin rejiminə dair yeni qaydalar açıqlanıb, daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sərhədin delimitasiyası prosesinin sərhəddə gərginliyin qarşısını almaq üçün yeganə vasitə olduğunu qeyd edib.

"Dövlət sərhədlərində gərginliyin yaşanmamasının ən düzgün və yeganə düzgün yolu delimitasiya prosesinə başlamaqdır", - Bayramov deyib.

Bakı bununla bağlı komissiyanın işinə başlanmasına öz hazırlığını dəfələrlə bildirib, Azərbaycan XİN rəhbəri deyib.

Bayramovun sözlərinə görə, indiyədək Ermənistan "bunun qarşılığını hələ də verməyib."

"Əfsuslar olsun ki, sərhəddə zaman-zaman Ermənistan tərəfindən təxribatlar baş verir. Bu təxribatlar nəticəsində insanlar həlak olur", - nazir jurnalistlərə bildirib.

"Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Əskinə, bunun çox acı nəticələrini yaşayacaq və yaşayır", - o bildirib.

Bakı Yerevanı sərhəddəki gərginlikdə ittiham edir

Şəklin mənbəyi, mil.am

Bakı Yerevanı Azərbaycan-Ermənistan sərhədində "vəziyyəti gərginləşdirən təxribatlar" törətməkdə ittiham edib.

Azərbaycan Xarici işlər Nazirliyi 9-10 dekabr tarixlərində Ermənistanın "Basarkeçər rayonu istiqamətində" yerləşən döyüş mövqelərindən Azərbaycanın Kəlbəcər rayonundakı hərbi mövqelərinin atəşə tutulduğunu qeyd edir.

"8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub".

Azərbaycan XİN Mətbuat xidmətinin şənbə günü yaydığı açıqlamasında Ermənistan tərəfi "üzərinə götürdüyü öhdəliklərə" uyğun olaraq, üçtərəfli bəyanatların tam icrasına çağırılır. Sənədə əsasən, iki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən "qanlı cinayətin məsuliyyəti" birbaşa Ermənistan "hərbi-siyasi rəhbərliyinin" üzərindədir.

"Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır".

Öz növbəsində Ermənistanda Azərbaycanın sərhəd bölgəsində "təxribatçı hərəkətləri" pislənilir.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi sərhədin şərq hissəsində Ermənistan ordusunun döyüş mövqelərinin Azərbaycan tərəfindən atəşə tutulması nəticəsində bir əsgərin həlak olduğunu və 8 hərbçinin yaralandığı barədə məlumat yayıb.

Ötən ayın ortalarında Azərbaycan və Ermənistan arasında ötən ilki 44 günlük müharibədən sonra ən çox insan itkisi ilə nəticələnən döyüşlər baş verib.

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP via Getty Images

Ermənistanda hərbçilər saxlanılıb

Ermənistan İstintaq Komitəsinin (İK) Hərbi İstintaq İdarəsi noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində eskalasiya zamanı tutduğu mövqelərdən qaçan bir neçə hərbçini saxlayıb.

Bu barədə Respublika İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, hadisə noyabrın 16-da "Sünik rayonunun İşxanasar hissəsindəki Kilisəli xəttində yerləşən 3 döyüş mövqeyinə hücum" vaxtı baş verib.

Məlumatda deyilir ki, silahdan istifadə etmək hüququna malik olan hərbçilər hücum edənləri "zərərsizləşdirmək və tərksilah etmək əvəzinə", onlarla "danışıqlara girməyə" cəhd edib və daha sonra döyüş mövqelərini tərk edərək qaçıblar.

"Nəticədə 24 erməni hərbçi mühasirəyə alınaraq əsir götürülüb", - Ermənistan İstintaq Komitəsinin açıqlamasında deyilir.

15 və 16 noyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində artilleriya və döyüş texnikasının istifadəsi ilə baş verən qarşıdurmada Ermənistan tərəfindən altı, Azərbaycan tərəfindən yeddi hərbçi həlak olub. Azərbaycan 10, Ermənistan 4 döyüşçüsünün yaralandığını bildirib.

Ermənistan bu döyüşlərdən sonra 13 nəfərin əsir düşdüyünü, 24 hərbçi ilə əlaqəsinin kəsildiyini bildirib.

Azərbaycanda karantinlə bağlı yeni qaydalar açıqlanıb

Şəklin mənbəyi, Anadolu Agency via Getty Images

Azərbaycan hökuməti karantin rejimi ilə bağlı tədbirlər barədə yeni qaydaları açıqlayıb.

Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 31-də restoran və kafe kimi iaşə obyektləri gecə saat 2-yə kimi işləyəcək. Yeni qərarla həmçinin dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.

Nazirlər Kabinetinin şənbə günü yaydığı məlumatında deyilir ki, Yeni illə bağlı şənlik mərasimləri keçirilən məkanlarda müəyyən edilmiş qaydalara əməl olunmalıdır.

Yəni, şənlik mərasimlərində qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı, xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

Yəni il mərasimlərinə qatılan habelə hamam xidmətlərindən istifadə edən şəxslərin ən azı 2 doza peyvəndi və ya COVID-19-dan sağalma və ya peyvəndə qarşı əks-göstəriş sertifikatı olmalıdır.

Yeni qərara əsasən, fevralın 1-dən dövlət qurumlarının əməkdaşları, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin işçiləri COVID-19-a qarşı ən azı 2 doza ilə peyvənd olunmalıdır. Əks halda onlardan immuniteti təsdiqləyən sənəd, yaxud da peyvəndə qarşı əks-göstərişi müəyyən edən sertifikat tələb olunur.

Son qərar Nazirlər Kabinetinin saytında şənbə günü dərc olunub.