Aİ Şərq Tərəfdaşlığı proqramına 2 mlrd avrodan çox sərmayə qoymaq niyyətindədir

Şəklin mənbəyi, Anadolu Agency/Getty images
Aİ Şərq Tərəfdaşlığı proqramına 2 mlrd avrodan çox sərmayə qoymaq niyyətindədir, Prokuror XİN-nin sabiq vəzifəlilərinin 7 il həbsini və ev dustaqlığının ləğvini istəyib, daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Brüsseldə keçirilən Avropa ittifaqı (Aİ) və Şərq Tərəfdaşlığı (ŞT) ölkələri liderlərinin sammitində 6 ölkəni birləşdirən ŞT proqramlarına dəstək planı təsdiqlənib.
"Təklif etdiyimiz yeni gündəliyimiz iddialı iqtisadi və investisiya planına əsaslanır. O, 2 milyard avrodan çox vəsaiti səfərbər edəcək", - Avropa İttifaqı Şurasının rəhbəri Charles Michel deyib.
AI-nin hələ iyun ayında açıqladığı planı tərəfdaşlıq proqramlarına, o cümlədən qrantlar və zəmanətlər şəklində 2,3 milyard avroluq İqtisadi və İnvestisiya planını nəzərdə tutur.
İyul ayında Yerevana səfər edən Aİ Şurasının Prezidenti Ermənistandakı "prioritet proqramlar" üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılacağını deyib. Aİ eyni proqramla Azərbaycana 140 milyon avro, Gürcüstana isə 1,17 milyard avro vəsait ayırıb.
Azərbaycan Prezidenti İham Əliyev o vaxtlar Ermənistan və Gürcüstana 2 milyard avrodan çox maliyyə dəstəyi verildiyi halda, Azərbaycana dair Aİ-nin addımını "ədalətsiz" kimi səciyyələndirib.
Reuters agentliyinə əsasən, Şərq Tərəfdaşlığı Sammiti Aİ-nin dəstəklədiyi 6 keçmiş sovet ölkəsinə dair yanaşmanın məhdud uğurunu göstərir. Altı ölkədən üçünün - Gürcüstan, Moldova və Ukrayna Moskva ilə ərazi mübahisələri var. Ermənistan və Azərbaycan sammitdə iştirak etsə də, Aİ-yə can atmır, məlumatda deyilir.
Belarus ŞT-da iştirakını dayandırıb, lakin Aİ "Belarus xalqı ilə əməkdaşlığın" davam etdirdiyini bildirir.
ŞT Aİ-nin altı tərəfdaşının - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun birgə təşəbbüsü əsasında yaradılmış əməkdaşlıq formatıdır.
Şəklin mənbəyi, Xarici İşlər Nazirliyi
Prokuror XİN-nin sabiq vəzifəlilərinin 7 il həbsini və ev dustaqlığının ləğvini istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə dövlət ittihamçısı Fərhad Mollazadə və Səlim Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror təqsirləndirilən şəxslərin ev dustaqlığının ləğv edilməsini və onların məhkəmə zalında həbs olunmasını da istəyib.
Təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci ildə saxlanılıblar.
Onların barələrində Cinayət Məcəlləsinin "külli miqdarda mənimsəmə", "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə", "rüşvət alma" maddələri ilə cinayət işi başlanıb.
Səbail Rayon Məhkəməsinin onlar haqqında ilk hökmü həbs olsa da, sonradan bu qərar ev dustaqlığına dəyişdirilib.
Ötən il sabiq xarici işlər naziri Dövlət Təhlükəsizliyi Xidmətinin XİN-də apardığı əməliyyatı dəyərləndirərkən söyləyib ki, "Biz hiss etməliyik ki, orada Azərbaycanın maraqlarına zidd olan hasısa məxfi məlumatların sızılması baş verib".
Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin iyulun 3-də XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub.