İş axtaranların özünütəqdimetmə bacarığı artırılacaq

Bakı

Azərbaycanda iqtisadi fəal əhalinin 5.5 faizi işsizdir. Dövlət Məşğulluq İdarəsinin rəis-müavini Şahbaz Xələfovun lent.az-a bildirdiyinə görə, bu, rəsmi işsizlərin sayının 40 min, qeyri- rəsmi işsizlərin isə 255 minə yaxın olduğu anlamına gəlir.

Rəis müavini işsizlər barədə açıqlamalarını bugün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakıdakı nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveçin SYSLAB şirkəti ilə birgə həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində SYSLAB Bakı Mərkəzinin açılış mərasimi zamanı deyib.

Xələfov qeyd edib ki, idarənin qeydiyyatında 10 minə yaxın iş yerləri var və idarənin saytında hansı iş yerlərinə daha çox tələbat olduğu göstərilib.

"Təbii ki, regionlarda və Bakı şəhərində fərqlidir. Bakıda texniki sahələrə, regionlarda daha çox müəllim, həkimlərə ehtiyac var” - o, deyib.

Onun sözlərinə görə, ilin ilk 7 ayı ərzində 14 min 500-dən yuxarı vətəndaş işlə təmin olunub.

Yaxşı mütəxəssislərə hər zaman iş tapıldığını qeyd edən Xələfov hazırda yeganə məsələnin özünü təqdim etmə qabiliyyətinin artırılması olduğunu deyib.

Bunun üçün də həmin şəxslər 2 il davam edəcək SYSLAB layihəsinə cəlb ediliblər.

SYSLAB International AS.-in məhsulu olan SYSLAB - İnnovasiya və Məşğulluq üzrə Sistemlər Laboratoriyası 1992-ci il noyabrın 23-də Norveçin Bergen şəhərində təsis edilib.