Azərbaycanda yol çəkən İtaliya şirkətinin fəhlələri etiraz aksiyası keçiriblər

Azərbaycanda Ələt-Astara yolunu çəkən İtaliyanın “Todini” şirkətinin azərbaycanlı fəhlələri etiraz aksiyası keçiriblər.

Şənbə günü, şirkətin 300-dən çox fəhləsi əmək şəraitinin pis olmasına etiraz edərək işi dayandırıb.

Fəhlələr bildiriblər ki, əmək haqları aşağı olmaqla yanaşı, onlar yeməkxana və yataq şəraitindən də narazıdırlar.

APA agentliyinin məlumatına əsasən, fəhlələrin əmək haqları 300-500 manat olduğu halda, analoji işə görə şirkətdə işləyən əcnəbilərin maaşları 3000 avrodur.

Bütün bunlara etiraz edən fəhlələr işi və texnikanı saxlayaraq şirkətin Salyandakı ərazisinə yığışıblar və rəhbərliyin məsələyə münasibət bildirməsini tələb ediblər.

Bir qədər əvvəl «Todini» şirkətinin Azərbaycandakı layihəsinin rəhbəri Alberto Kaptozi Salyanda etiraz aksiyası keçirən fəhlələrlə görüşüb və işçilərin qaldırdığı problemlərin yaxın günlərdə həll olunacağına söz verib.

Eyni zamanda, fəhlələrə birdəfəlik əlavə pulun ödəniləcəyi də bildirilib.