Qarabağ hava limanından ilk uçuşlar "yazda həyata keçiriləcək"

Xankəndi-Stepanakert aeroportu Fotonun müəllifi BBC Azeri
Image caption Azərbaycan Qarabağda aeroportun açılmasına etiraz edir.

Xankəndi-Stepanakert hava limanında tikinti-quraşdırma işlərinin başa çatmaq üzrə olduğu bildirilir.

Artıq radionaviqasiya avadanlığı quraşdırılıb, yaxın günlərdə uçuş-enmə zolağının sertifikatlaşdırılması keçiriləcək. Uzunluğu 2,3 kilometr olan uçuş zolaqı genəldilib, əvvəlki 37 metrdən 45 metrə çatdırılıb. Sınaq işləri aparılır. Bu barədə Ermənistan mediası xəbər verir.

Tanınmamış Dağlıq Qarabağ Respublikası Mülki Aviasiya İdarəsinin rəisi Dmitri Atbaşyan Stepanakert-Yerevan-Stepanakert istiqamətində ilk uçuşların gələn ilin yazında başlanacağını bildirib.

Atbaşyanın sözlərinə görə, aeroportun , saatda 100 sərnişinə xidmət edəcəyi, uçuşların CRJ-200 tipli 50 yerli üç təyyarə ilə həyata keçiriləcəyi nəzərdə tutulur. Hava limanının istifadəsinin gələcəkdə başqa istiqamətlərdə uçuşlar etmək perspektivi ilə planlaşdırıldığı bildirilir.

Bakıda “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertləri Azərbaycanı aeroportun işə salınacağına dair xəbərlərə kəskin reaksiya verməyə və "bu istiqamətdə baş verə biləcək xoşagəlməz hadisələrlə bağlı" beynəlxalq ictimaiyyəti növbəti dəfə məlumatlandırmağa çağırıb.

Daha əvvəl Xocalı hava limanının yerində tikilən yeni aeroportun cari ilin may ayında işə buraxılacağı bəyan edilmişdi.

Qarabağda hava limanının tikiləcəyi barədə xəbər Bakıda narazılıq doğurmuşdu. İnformasiya vasitələri xəbər vermişdilər ki, Azərbaycan Stepanakerdə enmək istəyən təyyarələri vurmağa haqqı olduğunu bildirib. Lakin daha sonra Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi bu məlumatı təkzib edərək demişdi ki, Azərbaycan mülki təyyarələri vurmayıb və vurmaq niyyətində deyil.

Bakıdan səslənən bəyanatlarla bağlı Ermənistan prezidenti bəyan etmişdi ki, Yerevan-Stepanakert reysinin birinci sərnişini özü olacaq.

Yeni hava limanının açılışı ətrafında mübahisələrlə əlaqədar Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupunun həmsədrləri beynəlxalq konvensiyalara riayət etməyə çağırıblar.

ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda həmsədrlərin “hava limanının açılmasının Dağlıq Qarabağda gərginliyin artmasına gətirəcəyindən narahat olduğu” bildirilir.

Həmsədrlər xəbərdar ediblər ki, hava limanının işə buraxılması Dağlıq Qarabağın statusunun dəyişdirilməsi məqsədilə istifadə edilməməlidir.

Beynəlxalq Mülki Aviasiya Komitəsi Ermənistanın Xankəndinə aviareyslər həyata keçirilməsini Azərbaycanla razılaşdırmalı olduğunu bildirib.