Məktəblərdə şahmatın tədrisinə başlanılır

Fotonun müəllifi BBC World Service

Azərbaycanda yanvar ayından məktəblərdə şahmat fənn kimi tədris ediləcək.

Təhsil Nazirinin çərşənbə axşamı imzaladığı əmrə əsasən şahmat ikinci sinifdən tədris edilməyə başlayacaq.

Təşəbbüs AŞF-dən gəlib

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov BBC Azərbaycancaya bildirib ki, Federasiya şahmatın orta məktəblərdə tədrisinin təşəbbüskarıdır.

Bu fənn əvvəlcə ölkənin hər bir rayon və şəhərindən bir məktəb olmaqla, 75 ümumtəhsil müəssisəsində keçiləcək.

Dərsin müddəti həftədə bir saat olmaqla ayda dörd dəfədir.

Həsənov deyir ki, şahmatı tədris edənlərin şahmatçı olmasına gərək yoxdur.

Şahmatı bilənlər, ayrı-ayrı şahmat məktəblərinin müəllimləri də dərs deyə bilər.

Lakin əvvəlcə AŞF-lə Təhsil Nazirliyinin birgə təşkil etdiyi iki günlük seminarlar iştirak edilsin.

Pilot layihə

Fənnin seçilmiş orta məktəblərdə 75 müəllim tərəfindən tədris ediləcəyi planlaşdırılır.

Şahmat dərsləri məktəblərdə şagirdlərə praktiki şəkildə öyrədiləcək.

“Hazırda metodiki göstəricilərimiz var, ayın 15-nə kimi dərslik də çap edəcəyik”, Həsənov deyir.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov Trend-ə bildirib ki, tədris ilinin sonunda şahmat fənninin tədrisi ilə bağlı təhlillər aparılacaq və onun əsasında növbəti qərar qəbul ediləcək.

"Ağır fənn" deyil

Valideynlər "şahmatın ağır fənn olmadığını" və asudə vaxta da imkan qalacağını bildirir.

Valideyn Məlikova Sədaqət deyir ki, uşaqlara kiçik yaşlarından şahmat öyrədilməlidir. "Özüm də uşaq yaşlarından məşğul olmuşam, beyini yaxşı işlədir".

Digər valideyn, Azadaliyevə Kövsər isə oğlunun uşaq yaşlarından şahmata getdiyini deyir: "Uşaqkən məşğul olmaq məntiqi, zehni və beyini inkişaf etdirir".

Narazılıq var

XXI əsr Təhsil İctimai Birliyinin sədri Etibar Əliyev ümumiyyətlə bu ideya ilə razılaşmır.

Onun fikrincə, bu şagirdlərin həddən artıq yüklənmiş dərs cədvəlini bir az da ağırlaşdıracaq.

"Təhsil Nazirliyi bu ideya ilə çıxış edəndə biz öz narazılığımızı bildirmişdik. Yeni kurrikulum şagird çantasının kitab-dəftərin çoxluğundan başqa bir şey deyil", Əliyev deyir.

O, həm də, müəllim çatışmazlığının yaşanacağını bildirir.

Əliyevin sözlərinə görə, dünya təcrübəsində şahmatın fənn kimi tədris edilməsinə rast gəlinmir.

Türkiyə, Rusiya və Avropa məktəblərinə baxdıqda, ən çox yüklənmiş sistem Azərbaycandadır:

"Azərbaycanda fənlərin sayı hazırda doqquza yaxındır, şahmat əlavə edilərsə on olacaq, xaricdə isə altı-yeddiyə kimidir".

Ekspert ibtidai siniflərdə riyaziyyat, təbiət elmləri, həyat bilgiləri və digər fənlərin tədrisini əsas sayır.

"Şahmat məntiqi, tənqidi düşüncəni inkişaf etdirsə də, dərsdən əlavə məşğələ olması yaxşı olar", Əliyev deyir.

Məqsəd

Orta məktəblərində şahmat dərslərinin tədrisi "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası istiqamətində görülən tədbirlərdən biri kimi qeyd edilir.

Tədrisdə məqsəd şahmat idman növünü inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək və şahmatın kütləviliyinə nail olmaqdır.

Azərbaycan Cənubi Qafqazda şahmatı fənn kimi tədrisə salan ilk ölkə deyil.

Keçən ilin sentyabrından Ermənistanda ikinci siniflərdə şahmatın öyrədilməsinə başlanılıb.

Bu barədə daha geniş