Başbuğun həbsi: tarixi qərar

Ərdoöan və Başbuğ Fotonun müəllifi AP
Image caption General Başbuğu ordu rəisi vəzifəsinə Baş Nazir Ərdoöan təyin etmişdi.

Türkiyə Silahlı Qüvvələrinin keçmiş rəhbəri müasir islamçı AKP hakimiyyətini yıxmaq cəhdi ittihamları ilə bağlı istintaqa cəlb edilmək üçün həbsə alınıb.

General Başbuğ Baş Nazir Rəcəb Tayyib Ərdoğan hökumətini devirmək cəhdində ittiham olunan qatı millətçi Ergenekon qrupu ilə əlaqələndirilən ən yüksək rütbəli hərbçidir.

İlker Başbuğ öz həbsini “tragikomik” adlandırıb. Çünki onu ordu rəhbəri vəzifəsinə 2008-ci ildə elə Rəcəb Tayyib Ərdoğanın özü təyin edib.

Vəzifədə olduğu iki il müddətində general Başbuğ müasir islamçı AKP hökumətinə qarşı, öz sələflərilə müqayisədə yumşaq mövqe nümayiş etdirib. Buna görə də, Türkiyədə AKP-nin islamçı köklərinə və “gizli dini proqramına” şübhə ilə yanaşan bir çox dünyəviçilər onu tənqid edib.

Prokurorlar qarşısında 7 saat ifadəsi alınan general Başbuğ hökuməti güclə devirmək məqsədilə “örgütə rəhbərlik etməkdə” suçlanaraq İstanbul yaxınlığındakı Silivri həbsxanasına aparılıb.

Həbsxanaya gedərkən keçmiş general jurnalistlərə danışa bilib. O, sual edib: “Məni vəzifəyə təyin edən hökuməti devirməyə çalışmağım necə mümkündür? Belə bir qəsddə iştirakı etdiyimi bilirdilərsə, niyə məni vəzifədə saxlayırdılar?”

Bu tarixi andır: Türkiyə tarixində ilk dəfədir ki, keçmiş ordu rəisi mülki məhkəmənin hokmü ilə dəmir barmaqlıqlar arxasına salınır.

Türkiyədə bu həlledici qərarın, ölkəni AKP-nin vəd etdiyi təkmil demokratiyaya aparan hüquqi prosesin bir hissəsi olub-olmadığına dair müzakirələr gedir. Və yaxud belə yüksək profilli fiqurun həbsinin, hökumətin dünyəvi quruluşdan olan və ordu ilə assosiasiya olunan potensial rəqiblərini sarsıtmaq planının bir hissəsi olub-olmadığı sual edilir.

Türkiyə, müsəlman köklərini müasir dünyəvi dövlətlə birləşdirən kamil, demokratik ölkə imici yaratmağa səy göstərir. Ötən il “Ərəb baharı” yaşamış bir çox region ölkələrinin çoxu Türkiyəni məhz belə görür.

Amma ordunun ən başında dövlətə qarşı konspirasiyalar olduğu sübuta yetirilərsə, Türkiyə modelinin imici sarsıla bilər. Bundan qaçmağın yolu şəffaf, müstəqil ədliyyə prosesidir ki, general Başbuğun məhkəməsi bu prosesdə mühüm sınaq olacaq.

Bu barədə daha geniş