Silahlı qüvvələrə ayrılan xərclər "hara gedir"?

Fotonun müəllifi AP

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetinin iclasındakı çıxışında “ölkənin hərbi gücünün artması və hərbi məsələlərə ayrılan xərclər” barədə fikrini bildirib.

“…bu rəqəmləri yaddaşımda xüsusilə dəqiq saxlayıram – 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdir, 2012-ci ildə 3 milyard 474 milyon”.

Əliyev “iki ildə ordu quruculuğuna nə qədər böyük vəsait sərf edildiyini” söyləyərək, “Azərbaycanın bölgədə ən güclü orduya malik olduğunu deyib:

“…maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir”, Əliyev bildirib.

“Doktrina” Jurnalist Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli BBC Azərbaycancaya deyir ki, əslində silahlı qüvvələrə ayrılan xərcləri artırılsa da, əsas problem onun həyata keçirilməsi strategiyasının olmamasıdır.

“Bu xərclərin əvəzində sosial rifah -silahlı qüvvələrin quruculuğu proqramı işlənilməlidir”.

Sümərinli deyir ki, “bizdə bu proqram olmadığından büdcə çox spontan xərclənir”.

Azərbaycan ordusunda məvaciblərin MDB məkanında “yüksək” olduğunu deyən ekspert “reallıqdan uzaq” məqamları dilə gətirib:

“Hərbçilərə kirayə evlər üçün aylıq 47, zabitlərə qidalanma üçün 64 və hərbi qulluqçulara 5-20 AZN məvacib verilir”.

Ermənistanla münasibətlərə toxunan Əliyev onu da qeyd edib ki, Dağlıq Qarabağ ətrafında gedən “…münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır”.

Lakin prezident “Azərbaycan müharibə istəməsə də” iki ölkənin hərbi qüvvələrini müqayisə edib.

Ekspert bunu “Ermənistana təhlükə” kimi qiymətləndirmir:

“Üç-dörd il əvvəl bu kəskin hədəf kimi görülə bilərdi. Lakin indi Ermənistan cəmiyyəti də hərbi rəqabətin mümkünsüzlüyünü bilir”, Sümərinli deyir.

Onun fikrincə, Azərbaycan rəhbərliyinin bu tip bəyanatları “artıq effektini itirib”.

Sümərinli hərbi büdcənin “milli təhlükəsizlik problemlərinə xərclənməsini” məqsədə uyğun sayır. Ona görə, hazırda hərbi- texniki qüvvələrin və kadrların xüsusi hazırlanmasında əsas məsələlərdəndir. Digər həll edilməli məsələ isə, “ordunun perspektivinin müəyyən edilməsi”dir.

Ekspertə görə, “ordu xərcləri artır, amma itkilər də bir o qədər artır”, bu vəsaitin ən aşağı bir əsgərə çatması mexanizmi yoxdur.

“Ən çox büdcəyə ötən il malik idik, elə keçən il də ən çox itki verdik”

2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri yüz nəfərə yaxın olub ki, onun da təxminən 10 faizi hərbi borcunu yerinə yetirərkən həlak olub.

Bu barədə daha geniş