"Fransa mədəniyyətini boykot etmək" çağırışlarına etiraz edilir

Fotonun müəllifi AFP

Fransa Senatının “erməni soyqırımını” tanımayanlara cəza nəzərdə tutan qanununun qəbulu üçün müsbət qərar verməsi Azərbaycanda gənclər, ziyalılar və ictimai birliklərin tənqidi ilə qarşılanıb.

Bəzi qurumlar isə artıq “cavab addımı” atıb.

Çərşənbə axşamı Gənclər üçün Təhsil Mərkəzi (GTM) üç Fransa qeyri-hökümət təşkilatı ilə fəaliyyət anlaşmalarını pozduğu barədə məlumat yayıb.

Mərkəzin icraçı direktoru Rasim Ağayev BBC Azərbaycancaya deyir ki, bunu etməkdə məqsəd Fransa hökümətinin qəbul etdiyi qərara etirazı bildirməkdir.

“İlk öncə, mənəvi hisslər daşıyan vətəndaş kimi borcumuzu yerinə yetirdik. Həm də biz bundan sonra ora gedəcək gənclərin həyatını risk altına qoya bilməzdik”

Mərkəz son üç-dörd ildə QHT-lərlə gənclərin təhsili, mübadilə və düşərgə təşkil etməkdə birgə fəaliyyət göstərib.

Ağayev deyir ki, bu imtinadan təkcə Azərbaycan tərəfi yox, Fransa tərəfi də əziyyət çəkəcək:

“Onlar da hökümətlərinin atdığı addımın anormal olduğunu bilirlər, lakin imtinamıza heç bir söz deməyiblər”.

Digər "cavab" addımları

ANS teleşirkəti çərşənbə günü elan edib ki, Fransanın “Perrier” şirkətinin mineral sularının reklamından imtina edir.

Bu reklam ANS TV-də cümə axşamları yayımlanan “Ən yeni tarix” ictimai-publisist verilişin rəsmi sponsoru olub.

Kinodramaturq, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov Fransa Mədəniyyət Nazirliyinin ona verdiyi “İncəsənət” ordenindən və Azərbaycan-Fransa mədəni əlaqələr cəmiyyətinin prezidentliyindən imtina etdiyini bildirib.

İbrahimbəyov, ordeni qaytarmaq üçün Sarkozinin qanun layihəsini imzaladığı günü gözlədiyini deyir.

Çərşənbə günü Facebook sosial şəbəkəsində Qanun nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu yazıb ki, “Fransa Senatının qəbul etdiyi qanuna etiraz olaraq fransız müəlliflərinin kitablarının nəşriyyatımızda yayımını bu gündən dayandırıram”.

Xuduoğlunun bu statusu həm narazılıq, həm də razılıqla qarşılanıb.

Bir çoxları onu bu hərəkətinə görə “İran ayətullahlarına bənzədib” və bu qərarının “Fransa senatının vecinə olmayacağı” bildirilib.

Boykota etiraz

Fransız yazıçılarının əsərlərindən, ətirlərdən və məhsullardan imtina etməyə “qəti etiraz” bildirən stomatoloq-yazıçı İlkin Santak Hüseynov bu tip qərarları absurd adlandırır.

“Fransa mədəniyyətindən, ədəbiyyatından imtina etmək Fransaya heç nə etmir, çünki onlar Fransa xalqının məhsuludur, siyasətə daxil deyil”

Bir necə il əvvəl mentaliteti tənqid edilən bloq yazıları ilə tanınan Hüseynov BBC Azərbaycancaya deyir ki, fransız dilindən imtina da “gülünc və məntiqsiz” görünür.

Onun fikrincə, “bu düşüncə ilə hərəkət edilsə, o zaman hindular Amerikanın fəthi zamanı baş verənlərə görə bütün Avropanı düşmən saymalıdır”.

Tarixcə

Yanvarın 24-ü Fransa parlamentinin üst palatası “erməni soyqırımı”nı dananlara 45 min avro cərimə və bir ilədək həbs cəzası məsuliyyəti qoyan qanunun təsdiqlənməsi ilə bağlı müsbət qərar verib.

Hazırda qanun layihəsi qüvvəyə minmək üçün Fransa prezidenti Nikola Sarkozinin imzasını gözləyir.

Qanuna qarşı dünyanın bir çox yerlərində Fransa səfirliklərinin qarşısında etiraz aksiyaları keçirilir.

Amnesty İnternational Təşkilatı bu qərarı "söz azadlığı və demokratiyaya təhlükə" kimi qiymətləndirib.

Erməni tərəfi iddia edir ki, I Dünya Müharibəsi dövründə bir milyon yarım erməninin Osmanlı türkləri tərəfindən öldürülüb.

Fransa on ildir ki, bu kütləvi ölümü "soyqırım" kimi tanıyır.

Rəsmi Türkiyə isə rəqəmlərin şişirdildiyini və müharibə dövründə hər iki tərəfin əziyyət çəkdiyini bildirir.

Bu barədə daha geniş