Türkiyə naziri İsveçrədə "soyqırımı dandığı üçün məhkəməyə cəlb olunub"

Egemen Bağış Fotonun müəllifi Cihan
Image caption Egemen Bağış istintaqı ciddi saymır.

İsveçrədə prokurorlar Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemen Bağışı, "erməni soyqırımını" dandığı üçün istintaqa cəlb edib, Frans Press agentliyi xəbər verir.

Məlumata görə, cənab Bağış Sürixdə Türkiyə müğənnisi Sezen Aksunun konsertindən çıxandan sonra jurnalistlərə verdiyi açıqlamasında "soyqırımı" danıb.

İsveçrənin anti-irqçilik qanunlarına görə, Osmanlı imperiyası zamanı ermənilərin kütləvi öldürülməsinin "soyqırım" olmasını danmaq cinayətdir.

"Biz polisin məsələni araşdırmasını istəmişik" - Sürixdəki prokurorluq İsveçrənin xəbərlər agentliyinə bildirib.

Məlumata görə, nazirdən Fransanın "erməni soyqırımının" danılmasını cinayət hesab edən yeni qanuna dair fikirləri soruşulub və o cavab verib: "İsveçrə də soyqırımı danmağı cinayət hesab edən ölkədir. Mən bu gün İsveçrədəyəm və deyirəm ki, 1915-ci il hadisələri soyqırım olmayıb. Qoy məni tutsunlar".

Türkiyədə dərc olunan Today Zaman qəzetinə görə, nazir İsveçrənin erməni icmasının şikayətinə əsasən polisə cəlb olunub.

Nazir Bağış sözlərini Türkiyədə də təkrarlayıb. "1915-ci ildə heç bir soyqırım olmayıb. Mən bunu dönə-dönə deyəcəyəm. Belə istintaqlar bizim üçün bir heçdir. Mən Türkiyə Respublikasının nazirini həbs edəcək hər hansı güc tanımıram" - qəzetin yazdığı xəbərə görə o, bu sözləri çərşənbə axşamı İstanbulun Atatürk beynəlxalq aeroportunda deyib. Nazir Brüsselə rəsmi səfərə yola düşməzdən öncə hava limanında mətbuat konfransı keçirib və məsələ ilə bağlı özünə əmin olduğunu deyib.